image-rt-reklam
image-1backend

Azərbaycanda 300 min insanın mübarizə apardığı xəstəlik: özünüzü qorumasanız…

image-728x90

Beynəlxalq Diabet Federasiyasının məlumatına görə, dünyada hər 10, Avropada isə hər 11 yetkin insandan 1-i diabetlə mübarizə aparır. 2021-ci ildə dünyada şəkərli diabet xəstələrinin sayı 537 milyon olduğu halda, 2045-ci ildə bu rəqəmin 783 milyona çatacağı proqnozlaşdırılır. Azərbaycanda da bu xəstəlik geniş yayılıb. Son statistik məlumatlara görə, ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib.

Həkim-endokrinoloq Lamiyə Nəbibəyli Publika.az-a bildirib ki, ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı qədər qeydiyyatda olmayanlar da var:

“Bu xəstəliyin 60-70 %-i genetikdirsə, 30-40 %-i ekoloji faktorlarla əlaqəlidir. Bura qidalanma, həyat tərzi, xüsusilə oturaq həyat tərzinin olması, idmanla məşğul olmamaq aiddir. Yəni bu dəyişikliklər hamımıza təsir edir. Hansısa şəxsdə genetik göstəricilər varsa, o zaman daha da çox problemlər ortaya çıxır. Ümumiyyətlə, şəkərli diabet xəstəliyi bir gündə yaranmır. Ondan əvvəl prediabet dövrü var ki, bu da 10-15 ili əhatə edir. Ondan da əvvəl insulin dirənci dövrüdür. Əgər 45-50 yaşlı bir şəxs şəkərli diabetdən əziyyət çəkirsə, bu o deməkdir ki, artıq 25-30 yaşdan şəkərə meylliliyi formalaşıb. Xəstəlikdən qorunmaq üçün isə ilk növbədə həyat tərzi dəyişməlidir”.

Tədqiqatçılar 2021-ci il üçün 201 ölkədə 1-ci tip diabetin müxtəlif aspektlərini anlamaq üçün yeni model hazırlayıblar. Araşdırmaya görə, diabetin ən çox yayıldığı 10 ölkə müvafiq olaraq ABŞ, Hindistan, Braziliya, Çin, Almaniya, İngiltərə, Rusiya, Kanada, Səudiyyə Ərəbistanı və İspaniyadır.

Həkimin sözlərinə görə, şəkər xəstəliyi genetik olsa belə, bu demək deyil ki, mütləq övlada keçəcək:

“Əksinə, şəkərli diabet xəstəsi nə qədər çox üzərində işləsə, övladına daha sağlam genlər ötürmüş olacaq. Yəni onu nəzərə alaraq insanlar bu xəstəliklə mübarizə apara bilərlər. Şəkərli diabet ilə yanaşı gedən müxtəlif xəstəliklərin səbəbi həmişə təsirə məruz qalmış şəxslərin qan qlükozasının həddindən artıq yüksək səviyyədə olmasıdır. Bir müddət sonra şəkər xəstələrinin bütün orqanlarında müəyyən problemlər yaranır. Bu xəstəlikdən əziyyət çəkənlər əsas 5 faktora diqqət etməlidir. Qanda olan şəkəri, arterial təzyiqi, xolesterini normada saxlamalıdırlar. Pəhrizlərinə diqqət yetirməli və gündəlik mütəmadi gəzməlidirlər. İnsanlar şəkərli diabetə yanaşma tərzini bu formada qəbul etsələr, həyatları daha asan olacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90