image-rt-reklam
image-18ec0b1a-fd79-490e-a7a8-30ad0538b2a1backend

“AZƏRBAYCAN PREZİDENTİNİN PUTİNƏ DEYİLƏSİ SÖZLƏRİ VƏ İRADLARI VAR…” – “Görünən odur ki, rus sülhməramlıların dövrü bitir”

image-728x90
Tofiq Zülfüqarov: “İndi Qarabağ ərazisində baş verən hadisələr oranın kimin nəzarəti altında olmasını da ortaya çıxarır…”

“Ermənistanı məcbur edəcəklər ki, indiyə qədər üzərinə götürdüyü öhdəliklərə əməl etsin”

Azərbaycanlı ictimai fəallar artıq üç gündür ki, Xankəndi-Gorus yolunda məlum səbəblərdən aksiya keçirir. Rusiya sülhməramlıları yaranmış durumu çözməkdə acizdirlər, Azərbaycan tərəfi geri çəkilmək fikrində deyil, ermənilər isə həmişəki kimi, vay-şüvən qoparmaqla məşğuldur. Bəs, proseslərin gələcək inkişaf ssenariləri necə ola bilər?

Bu mövzunu sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla müzakirə edib:

– Tofiq bəy, Qarabağda xeyli müddətdir ki, gərginlik müşahidə olunur, son üç gündə isə Xankəndi-Gorus yolunda məlum aksiya keçirilir. Yarnmış bu situasiyanı necə qiymətləndirmək olar?

– Görünən odur ki, birincisi, rus sülhməramlıların dövrü bitir. Hazırda onların burada qalıb-qalmaması gündəmə gətirilən mövzulardandır. Təbii ki, Azərbaycan dövləti və ictimaiyyətində belə bir mövqe formalaşıb ki, sülhməramlılar bizim xeyrimizə fəaliyyət göstərmirlər. İndi isə Azərbaycan açıq göstərir və gözləyir ki, sülhməramlılar bizim xeyrimizə iş aparsınlar. Bu, necə ola bilər?

Azərbaycan reinteqrasiya prosesi həyata keçirərkən sülhməramlılar öz vəzifəsini, yəni təhlükəsizliyi təmin etmək işini yerinə yetirməlidir. Məsələn, bu gün milli sərvətlətin qeyri-qanuni şəkildə istismarı mövzusu var. Əslinə qalsa, sülhməramlılar bizim mütəxəssislərin yanında duraraq, təhlükəsizliyi təmin etməlidirlər. Sabah orada elektrik enerjisini sistemləşdirməli, şəbəkələrə qoşmalıyıq, eləcə də qaz şəbəkələrinin sayğaclaşdırılması prosesi getməlidir. Bir sözlə, “Azərişıq”, “Azəriqaz”, “Azərsu” orada öz işlərini görməlidirlər. Bu prosesdə təxribatların ola bilməsi gözləniləndir, amma bunun qarşısını rus sülhməramlısı almalıdır. Əslində, sülhməramlılar rəsmən bu məqsədlə regiona gəliblər. İndi Azərbaycan məhz bunu tələb edir, deyir ki, siz öz işinizlə məşğul olun. Onlar da Ruben Vardanyanın vasitəsilə bu prosesi pozmaq istəyirlər.

Bizim mütəxəssislər yataqlara baxış keçirmək istəyərkən təxribatla üzləşdilər. Həmin təxribatı Ruben Vardanyandan savayı öz fəallığı ilə seçilən daha bir şəxs idarə edib. Səhv etmirəmsə o, Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin əməkdaşıdır. Həmin şəxs orada özünü yerli əhalinin nümayəndəsi kimi təqdim edirdi. Yəni, Ermənistan da bu prosesdə hansısa formada iştirak edir. Bütün bunların qarşısını da rus sülhməramlılar almalıdır. İlk növbədə ərazilər erməni hərbçilərindən, silahlı dəstələrdən təmizlənməlidir. İndi Azərbaycan ictimaiyyəti göstərir ki, siz ya bu işlərlə məşğul olacaqsınız, ya da iki ildən sonra buradan gedəcəksiniz. Təxminən siyasi ismarıc bundan ibarətdir.

Biz istəyirik ki, sülhməramlıların fəaliyyətində ikinci dövr başlasın. Başa düşdük, müharibədən sonra bu və ya digər şəkildə təhlükəsizliyi təmin ediblər. İndi reinteqrasiyanın ikinci mərhələsi gəlir. Sülhməramlıların rolu var, bunu inkar etmirik. Amma bu da müvvəqəti haldır, gec və ya tez onlar gedəcəklər. Hadisələrin məntiqi bunu deyir.

– Bəs, niyə sülhməramlılar öz öhdələrinə düşən işi görmür, onlara göstəriş Xankəndindən, Kremldən, yoxsa rus hərbi-sənaye kompleksindən gəlir?

– Bilirsinizmi, onlara təsir göstərən müxtəlif siyasi qüvvələr var. Biz indi görürük ki, ümumiyyətlə, orada siyasi gərginlik və siyasi qarşıdurma mövcuddur. Bakıda oturaraq oradakı siyasətin mənbəyini axtarmaq çətindir.

Amma müəyyən dairələr var və onlar istəyirlər ki, bu bölgə ömürlük Rusiyaya tabe vəziyyətdə qalsın. Ermənilər də vaxtı uzadıb revanşa nail olsunlar. Məsələn, deyirlər ki, bizə qarşı olan fransızları da beynəlxalq mandatla buraya gətirək. Yəni, müxtəlif mövqelər var və bu, bizim xeyrimizə deyil. Bunu başa düşməliyik, bəyanatlar vermək öz yerində, amma siyasət və fəaliyyət daha önəmlidir. Orada revanşist əhval-ruhiyyədə olan insanlar mövcuddur. Onların Ukrayna ilə bağlı bəyanatına baxmaq kifayət edər. Bu mənada vəziyyət bəllidir.

Amma indi vəziyyətin yeni elementləri mövcuddur. Azərbaycan indi 1980 və 1990-cı illərin Azərbaycanı deyil. Hazırda Azərbaycanın bölgədə Türkiyə kimi güclü müttəfiqi var. Elə Türkiyə də 30 il əvvəlki Türkiyə deyil. Belə amillər də mövcuddur. Bu baxımdan Azərbaycan israrlıdır ki, bölgədə onun xeyrinə olan güc balansından istifadə etsin, öz hərbi qələbəsini siyasi amillərlə təsbit etsin. Buna müqavimət göstərirlər.

Hazırda Azərbaycan Laçın yolunda maraqlı mənzərə yaradıb. Öndə gedən ictimai fəallar və jurnalistlərdir, ancaq beş metr arxada Azərbaycan xüsusi təyinatlıları durur. Başqa sözlə, ictimaiyyət nümayəndələrimizə təzyiq olarsa, Azərbaycan digər imkanlarından istifadə edəcək.

– İndiki prosesin nəticələrini necə görürsünüz, ruslar və ermənilər geri çəkiləcək və Azərbaycanın tələblərinə boyun əyəcəklərmi?

– Birincisi, Azərbaycanın sülhməramlıların özünü necə aparması arqumentindən çıxış edərək Rusiya ilə münasibətləri qarşıdurma səviyyəsinə çıxarması xeyrimizə deyil. Bunu ermənilər arzu edir və onların ən çox istədiyi də elə budur.

İkincisi, Rusiya Ukrayna kampaniyası çərçivəsində ağır günlər yaşaması fonunda istəməz ki, bizimlə qarşıdurmaya getsin. Xüsusilə, hazırda dünyada nadir müstəqil siyasət aparan Türkiyə var və ruslar istəməz ki, onunla münasibətləri korlasın. Əminəm ki, indi Azərbaycan öz xeyrinə dəyişən güc balansını siyasi dividentlərə dəyişə biləcək. Sülhməramlılar istəklərimizə məcburən tabe olacaqlar. Bəli, təxribatlar, gizlin sabotajlar da olacaq. Lakin birinci mərhələdə müşahidə etdiyimiz sülhməramlıların az qala gedib Xankəndində erməni məktəblərində dərs deməsi kimi hallar olmayacaq.

– Laçın yolu bağlandıqdan və Azərbaycan ortaya ciddi iradə qoyduqdan sonra Putin Azərbaycan dövlət başçısına zəng etməli oldu. Siz qarşıda hansısa eskalasiya ehtimalını görürsünüzmü?

– Mən əminəm ki, bu və ya digər mövzulara aid hansısa razılıqlar mövcuddur. Buna mane olan da ermənilərdir. Azərbaycan Prezidentinin siyasi dəsti-xəttinin əsas elementlərindən biri ondan ibarətdir ki, verdiyi sözə əməl edir və təbii ki, onunla razılaşmaya gələn tərəfin də buna əməl etməsini gözləyir. Bu baxımdan Azərbaycan Prezidentinin Putinə deyiləsi sözləri və iradları var. Mən inanmıram ki, indi müşahidə olunan vəziyyət qarşıdurmaya gətirib çıxarsın. Bəllidir ki, indiki vəziyyətdə Türkiyə faktoru var. Həmçinin, ümumi çətinlikdə olan Rusiyanın belə qarşıdurmaya getməsini istəməyən ilk olaraq onun siyasi elitasıdır. Çünki çətin vəziyyətdə olan Rusiya üçün ikinci cəbhənin açılması arzuedilən deyil. Söhbət təkcə Azərbaycandan deyil, eyni zamanda Türkiyədən gedir. Məncə, bu gərginlik fonunda Ermənistanı məcbur edəcəklər ki, hansısa razılaşmalara, indiyə qədər əldə edilən razılığa əməl etsin. Mən prosesin bu istiqamətdə gedəcəyini ehtimal edirəm.

– Deməli, yaxın dövr üçün hansısa hərbi əməliyyatları gözləmirsiniz…

– Bölgədə bəzi dairələr var ki, özünü hələ də radikal göstərir. Onlara bir zərbənin endirilməsi istisna edilmir. Mən radikalları və revanşist əhval-ruhiyyədə olanları nəzərdə tuturam.

– İndiki prosesdə sanki İrəvan görünmür. Sizcə, pərdə arxasında Ermənistanın fəaliyyəti varmı, varsa məqsədi nədir?

– Bu, ermənilərin siyasətində yeni bir şey deyil. Əslində, biz növbəti erməni bicliyini müşahidə edirik. Guya onlar bu prosesdə yoxdurlar. Amma Azərbaycan tərəfi Ermənistanın bu proseslərdə iştirakını xüsusilə qeyd edir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan dövlət nümayəndələri yataqlarda monitorinq etmək üçün əraziyə yollanarkən təşkil edilən aksiyaya Ermənistan Baş Qərargahının kəşfiyyat idarəsinin əməkdaşı rəhbərlik edirdi. Onun piketin təşkilatçısı olaraq general Volkovla danışmasını gördük. Ermənistan ordusunun özünə “könüllü” deməsini də biz bilirik. Yəni, Ermənistan ordusu bu bölgədə var, amma adını dəyişib “könüllü” qoyub. Təbii ki, bunlar bizi aldatmaq üçün deyilən sözlərdir. Bizim orada baş verənlərlə bağlı kifayət qədər məlumatımız var.

– Hazırda danışıqlar faktiki olaraq dayanıb. Bu baş verənlər fonunda Azərbaycan-Ermənistan münasibətlərinin və danışıqların perspektivi necə görünür?

– Bəli, hazırda danışıqlar durğunluq vəziyyətindədir və bu, normaldır. Əslinə qalsa Vaşinqton, Brüssel və Moskvada baş verən danışıqların nəticəsi ortaya çıxardı ki, mövqelərdə fərqlər var. Bu fərqlə bağlı əsas məsələ ondan ibarətdir ki, Ermənistan Qarabağsız Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu nümayiş etdirir. Bu da Azərbaycanı qane edə bilməz. Bəs, müharibə nə üçün idi? Təbii ki, işğala son qoymaq üçün. Bizə bəyanatlar lazım deyil, əməli iş lazımdır. Necə ola bilər ki, siz bəyanat verərək bizim ərazi bütövlüyümüzü tanıdığınız halda dövlət büdcəsindən Qarabağa 360 milyon dollar ayırırsınız? Bu, formal olaraq sözdə ərazi bütövlüyünü tanımaq, amma faktiki adam aldatmaqdır. Azərbaycan da buna heç vaxt razılıq verməz. İndi Qarabağ ərazisində baş verən hadisələr oranın kimin nəzarəti altında olmasını da ortaya çıxarır. Azərbaycan sülhməramlıya deyir ki, mənimləsənsə, o zaman sənin buradakı gələcəyinə də baxa bilərik. Əgər mənimlə deyilsənsə, sənə ilk problemi mən özüm yaradaram. Söhbət bundan gedir.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90