image-2000x150
image-media-mehriban_eliyeva-u7vn1ftjyx2a4gqr56pe-620x460backend

Azərbaycan mədəniyyətinə hami olan insan

image-728x90

İşıq qüdrətdir – qaranlıqları əridir…

İşıq dünyəviliyin yolgöstərənidir…

İşıqlı insanlar da belədi – işığı nur kimi ömürlərə yayılır, ömürlərin xalqın, dövlətin, dövlətçiliyin səyyarəsi olmağa yönəldir. Min illərdi belədi. Zərdüşt  peyğəmbərin yaşam fəlsəfəsi də bu işıqdan barınır. “Xeyir” ifadəsinin bir yozumu da işıqdı – xeyirli düşüncə işıqdı, xeyirli fikir işıqdı, xeyirli əməl işıqdı; işıqlı adamların düşüncələri qaranlıqları aydınladır, onun xeyirli əməlləri cəmiyyəti işıqlı sabahlara  yönəldir, bəşərin dünyaduyumunu durulaşdırır. Belə insanların bu günün hüdudlarını aşan dumduru ömrünün göyqurşağını –işığının qüdrətini necə görməyəsən? Xalq üçün, dövlət üçün, dövlətçilik üçün yaşanılan bu ömrün işığı, ziyası, nuru milyonların ömüründədi; belə insanların həyat fəlsəfəsi “Tanrı verən ömürü sənin üçün yaşayıram, Vətən!” kəlamı ilə ifadə edilməlidir. Edilir. Ediləcək də…

Mehriban xanım Arif qızı İ.M.Seçenov adına Birinci Moskva Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Həkimdir. İxtisası etibarilə həkim olan, bu peşəni insanları yaşatmaq niyyətiylə seçən insanın düşüncələrində, həyat, ömür, yaşam fəlsəfəsində də yaşatma çalarları var. Xalq üçün, dövlət üçün, dövlətçilik üçün dediyi hər fikir  kəlam qüdrətindədi. “Vətənə ad olmayan illər ömürdən deyil” fikri bəşəri fikirdi, bəşəriyyəti qadalarsız, ağrı-acılarsız yaşatma niyyətinin ifadəsidi. Tolerantlıq budur! “Öz Vətənini sevənlər özgəsinin Vətəninə daş atmaz!” – işıqlı insanlar belə düşünür, belə deyir, dünyəvi düşüncələri bu deyilənlərə yönəldə bilir…

Mədəniyyətin, incəsənətin qədimliyi xalqın qədimliyinin təsdiqidir. Belə tarixlər min illərlə ölçülür.

1991-ci il qopuzdan saza qədər min illik tarixi dövr yaşamış ozan-aşıq sənətində yeni mərhələ oldu: Azərbaycan Aşıqlar Birliyi yaradıldı. Bu birlik Azərbaycanın dövlət sərhədlərini dövlət səviyyəsində aş­maz­dısa, onun tanınması çətinləşərdi. Bəlkə də mümkün olmazdı. 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsidə xidmətlərinə görə UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülən Mehriban xanım Əliye­vanın təşəbbüsü və təkidli fəaliyyəti ilə, xalqın tarixi keçmişinə sevgisinin, sədaqətninin, ehtiramının nəticəsi kimi Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edildi. O vaxtdan bəri Azərbaycanın min illərin o üzündən boy göstərən mədəniyyəti dünyaya bənzərsiz duyğular yaşatmaqdadır…

Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə 2004- cü ilin avqustunda UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülən Mehriban Əliyeva dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycanın mədəni irsinin yaşadıl­ma­sı sahə­sin­də­­ki töhfələrinə görə 2008-ci ildə keçmiş baş direktor Koişiro Matsuura tərəfindən gü­müş xatirə me­da­lı, 2010-cu ildə sabiq baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilib.

Beynəlxalq təşkilatlarda, bu sıradan UNESCO-da təmsil olunmaq nadir insanlara nəsib olur. Şəx­siy­yə­tə hörmətin, inamın, ehtiramın nəticəsi kimi gerçəkləşən belə seçimlərə saysız insanlar həsəd aparıb. Həyatda ən böyük missiyanın xalq naminə, dövlət naminə, dövlətçilik naminə fəaliyyət olduğunu dünya­du­yumunun başlanğıcı hesab edən Mehriban xanım Əliyeva UNESCO-dakı vəzifəsindən imtina etməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlayan quruculuq işlərində bilavasitə iştirak etməyə qərarlı olub. Budur vətəndaşlıq! İşğaldan azad eilmiş ərazilərdə quruculuq işlərini Azərbycan Ordusunun qazandığı Zəfərin davamı bilən, Zəfərlə qürurlandığı səviyyədə quruculuq işlərinin vüsəti ilə də qürurlanan insanın vətəndaşlığı vətəndaşlıq meyarı deyilmi? Bu qətiyyət Vətənə xitabən deyilən “Sən varsan, biz varıq, Azərbaycanım!” andıdır. Bu andın işığı dünyanı düşündürməyə qadirdir…

Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il fev­ralın  21-də imzaladığı sərəncamla vitse-prezident təyin edildi. Vitse-prezident hökumətin icraedici strukturunda əhəmiyyətinə görə prezidentdən sonra ikinci məsul şəxs hesab edilir. Bu baxımdan Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti bilavasitə dövlətin suverenliyini, dövlət sərhədlərinin ciddi müha­fi­zə­sini, dövlət orqanlarının, dövlət təsisatlarının fəaliyyətinin dövlətçilik baxımndan daha da yüksəl­dil­mə­sini, bir-birini tamamlamasını və s. əhatələyir.

Milli-mənəvi dəyərlər xalqın tarixinin müəyyən dövrlərində yaranır, ayrılıqda və vəhdətdə min illər­lə yaşadıla-yaşadıla qorunur, xalqını sevənlər, dərin sevgilərlə sevənlər onları qoruyur, cəfakeşlər kimi qo­ru­yur – xalq qoruyur, varlığında xalqın qüdrət işığı olanlar qoruyur. Hər adamın “Mənim xalqım!” de­mə­yə haqqı çatırmı? – yox, çatmır. Xalqın sevgisinin, xalqın milli-mənəvi dəyərlərinin bəşəri sərvət kimi qorunmasının cəfakeşi olmasının zəmanəti ilə Birinci vitse-prezident Mehriban xanım Əliyeva qürurla “Mənim xalqım!” deyə bilər.

“Qarabağnamə”lər yazılıb. Hərəsinin öz mündəricəsi var. 2016-cı ilin Aprel döyüşlərindən, İkinci Qarabağ müharibəsindən sonra mənəvi borc kimi yazılan “Qarabağnamə”lərdən birini Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Heydər Əliyev Fondu” yazdı. Bu “Qarabağnamə” “Hamımız bir Günəşin zər­rə­siyik, bu Günəş Vətəndi!” deyənlərin Qarabağ ünvanlı könül uvertürasıdı. Bu uvertüra şəhidlərin ruhu­nun, qazilərin özünün səsidi…

Başlanğıc tarixi dəqiq bilinməyən muğamlarımızın bəşəri heyrətini ümumiləşdirmək, Azərbaycanı dünyanın boyu görünən mədəniyyət ünvanlarından biri kimi tanıtmaq (və sevdirmək!) də Azərbaycana Azərbaycan boyda tarixi xidmət olardı. Bu haqda düşünmək də, bu düşüncələri gerçəkləşdirmək kimi duyğular da işıqlı niyyət idi və onu işıqlı insan kimi tanınan (və belə də sevilən!) Mehriban xanım Əliyeva gerçəkləşdirdi. Dünyanın ən böyük konsert salonları Azərbaycan muğamının işığını azərbaycançılıq məf­ku­rəsini, türkçülük ideologiyasını böyük sədaqətlə yaşadan insanın sayəsində gördü, onun vətənsevər­li­yinin işığında dərk elədi. Buna da qüdrət deyirlər.

2005-cı ildən Azərbaycanda “Heydər Əliyev Fondu”nun dəstəyi ilə muğam müsabiqələri təşkil olunur. Bu gərəkli müsabiqə həm muğamın yaşadılması, inkişaf etdirilməsi, həm də elmi-nəzəri əsaslarla daha məsuliyyətlə inkişaf etdirilməsi konsepsiyasını böyük mənəvi coşqu ilə həyata keçirdi. Müsabiqə müddətində münsiflərin – Azərbaycanın ustad xanəndələrinin, muğam bilicilərinin dedikləri muğam dün­ya­sının “Arazbarı”sı, “Osmanı”sı, “Heyratı”sı, “Mənsuriyyə”si, “Heydəri”si kimi dinlənilirdi. Musabiqə iştirakçılarının ifalarına verilən qiymətlər, əslində, muğamlarımızın mahiyyətinin bir daha xatırladılması, xatırladılaraq yaşadılması niyyəti idi. Və münsiflərin də, iştirakçıların da, ictimaiyyətin dedikləri də  cə­miy­yətin mənəvi dünaysının səyyarəsinə dönən müsabiqəyə görə “Heydər Əliyev Fondu”na, Fondun prezidentinə minnətdarlığını ifadə edirdi. “Muğamı yaşatmaq tarixi yaşatmaqdır. Mehriban xanım yaşanılmış tarixi yenidən yaşadır. Bu niyyətə Seyidin, İslamın, Keçəçioğlunun, Cabbarın, Xanın, …ruhu da minnətdardı…” – bu fikir xalqın adından deyilmişdi. Buna da qüdrət deyirlər…

Azərbaycanda keçirilən beynəlxalq miqyaslı idman tədbirlərində iştirakı da Azərbaycan adlı dünya­nın daha işıqlı, daha nurlu gələcəyinə inamın təzahürü olub. Bir federasiyanın timsalında Bakıda keçirilən beynəlxalq yarışlarda Azərbaycanı daha əhatəli tanıtmaq da, onun malik olduğu mənəvi keyfiyyətləri təbliğ etmək də, bu və ya digər səviyyədə örnəkləşdirmək də Vətənə xidmətdi. Azərbaycanın idman ölkəsi olduğunu təsdiq edən idman yarışlarında iştirak edənlər həm də onun bəşəri dövlət olduğunu görürdü. Hər qəlbitəmiz iştirakçı dönüşündə Azərbaycandan Azərbaycan boyda sevgi ilə qayıdırdı. Bu da düşüncələrə qüdrət kimi hopurdu…

İkinci Qarabağ müharibəsi başlayanda xalq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın duy­ğu­ları tərpədən, ədalətli müharibəmizdə döyüşçülərimizi döyüşə uğurlayan kəlamını da əsgəri çağırış bildi: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu, ANA duası idi. ANA duası çağırış idi. ANA  duası, ANA çağırışı Ali Baş Komandanın sərkərdəliyi ilə düşmənin mü­da­fiə sədlərini darmadağın edən, döyüşə-döyüşə mövqe qələbələri qazanan, Böyük Qələbəyə yaxınlaşan döyüşçülərimizin döyüş əzminin, qələbə ruhunun səngərdaşı oldu; Mehriban xanımın Vətən adından dediyi kəlmələr də döyüşənlərin sırasındaydı. Bu da qüdrət kimi yaşadıldı…

Azərbaycan Ordusu İkinci Qarabağ müahribəsində tarixi Zəfər qazandı. Bu Zəfər Azərbaycanın si­ya­si imicini də yüksəltdi, dünya dövlətlərinin ona ehtiramını da artırdı. Zəfərdən sonra Azərbaycan Res­pub­likasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərində vitse-prezident Mehriban xanım Əliyeva da olur, ölkə başçısı ilə birlikdə quruculuq işlərinin başlanğıcında, bu və ya digər müəssisənin təməlqoyma mərasimində iştirak edir. Bünövrənin qoyulmasında bu səviyyədə iştirak sevginin ifadəsidir, sözlə ifadə edilə bilməyən Ana xeyir-duasıdır. Tanrı belə xeyir-duaları eşidir. Mehriban xanımın Şuşada yaşadığı duyğuları sezmək çətin deyildi. Qürur vardı o duyğularda: Ordumuz Şuşanı işğaldan azad etdi! Füzulidə bu xeyirxah insanın duyğularında dünyanı dikəltməyə qadir olan qəhər vardı: Ermənilər şə­hə­ri yerlə yeksan edib. Azıxda min illərin kəsilməyən harayının ifadəsi vardı: Biz var olmuşuq! Biz varıq! Biz var olacağıq!

Bu duyğuları yaşayan insana xalqın həmişə ehriramı olub…Bu ehtiram Yerə-göyə sığışmayan sevginin ehtiramıdı…

“Heydər Əliyev Fondu” Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 2016-cı il Aprel döyüşlərində də, İkinci Qarabağ müharibəsində də ağır yaralananların müalicəsinin ölkəmizin hüdudlarından kənarda, bu sıradan Türkiyənin reabilitasiya mərkəzlərində təşkilini təmin etdi; bu proses Vətən müahribəsinin qazilərinə sevginin, ehtiramın, mənəvi borcun təzahürü idi. Vətənin ucalığına biət kimi, Vətən üçün…

Zəfərdən sonra Mehriban xanım Əliyevanın təşəbbüsü, “Heydər Əliyev Fondu”nun təşkilatçılığı və dəstəyi ilə ruhumuzun paytaxtında – Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşa səs-səs, avaz-avaz dikəldi, Şuşanın dağlarının dumanı çəkildi, illərin sıxıntısından qurtaran dağların qırışığı açıldı. “Qarabağ şikəstəsi” yaxınların da, uzaqların da düşüncələrinə bir gerçəklik həkk elədi: Azərbaycan deyiləndə ayağa durun! Qüdrət misallı bu bənzərsizlik Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gerçəkləşən təşəbbüsünün görüntüləriydi…

Şəhidlərə ehtiram Vətənə ehtiramdır. Şəhidlər tanımadan hamının doğması olur. Şəhidlərin sayı qə­dər, dağıdılan evlərin, söndürülən ocaqların sayı qədər qəhərimiz var. Şəhid ailələrinə dövlət də, dövlət qu­rumları da, ictimai təşkilatlar da qayğı göstərir. “Heydər Əliyev Fondu” Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu qayğını mənəvi borcödəmə kimi yerinə yetirir. Onun şəhid ailələrinə  ziyarət­ləri şəhid ailələrinə mənəvi təsəllidi.

Qəhəri bir təsəlli yumşaldır: torpaqlarımız işğaldan azad edildi. Köçkünlər Zən­gi­lana Laçına, Füzuliyə qayıdır…

Xeyirxahlığı, Vətənə, xalqa, dövlətçiliyə, dövlətə xidməti həyat fəlsəfəsi bilən Mehriban xanım Əli­yeva “Heydər Əliyev mükafatı”na, “Heydər Əliyev” ordeninə layiq görülüb. Bu ali mü­kafat, bu ali təltif  xalqın sevgisi ilə yanaşı dayanır…

Səbinə XASAYEVA,

Milli Nəclisin deputatı

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90