image-rt-reklam
image-325171124_977131553674351_4912595861271926987_nbackend

ADI KİMİ: HƏQİQİ, ƏSİL, XALİS, TƏMİZ…

image-728x90
(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
Bu yazını Azərbaycan qadınının altun tarixini yazanlardan biri – Hənifə xanım Abayeva-Məlikovanın işıqlı ruhuna bağışlayıram.
Hənifə Məlikova (1856-1929) Azərbaycanın ilk maarifçi qadınlarından biri və ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə adı ehtiramla yad edilən bir xanım aydınımızdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, maddi və mənəvi qayğı ilə əhatə olunması, onların hüquqlarının müdafiəsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində ünlü olan – xalqımıza mədəni xidmət göstərən “Nicat” cəmiyyətinin yaradıcılarından biri olmuşdur.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maariflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşıydı. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır” deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olmuşdu. O, 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparmışdı.
Bu üfüqügeniş aydınlar ailəsi 1880-cı ildən başlayaraq öz evlərində pulsuz məktəb açmış, dönəmin cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara savad vermiş, elm yolu göstərmişlər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərmişdir. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı idi. Hənifə xanım 16 il Həsən bəylə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə yolundan dönməmişdir.
Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar aydınlar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək, onları gimnaziyaya hazırladığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində həyat yoldaşının ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən, işıqlı amallardan irəli gəlirdi.
Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşmüşdür. O, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri, 1909-1919-cu illərdə Bakı şəhər dövlət birinci Rus-Tatar, yəni Rus-Azərbaycan Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadının inkişafında önəmli rol oynamışdır. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən idi.
Hənifə Məlikova (Hənifə Aslanbəy qızı Abayeva) 1856-cı il mayın 5-də Quzey Qafqazda, Nalçik şəhərində anadan olub. Tiflisdə Müqəddəs Nina Qız Məktəbində 10 il təhsil alıb. Qeyd etmək lazımdır ki, o zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi; lakin Hənifə xanımın atası, yüksək təhsilli hərbçi Aslanbəy Abayev iki qızının da erkən yaşlardan təhsilinə ciddi önəm vermiş, böyük qızı, 10 yaşlı Paşaxanla birlikdə 8 yaşlı Hənifəni Müqəddəs Nina Qız Məktəbinə yazdırmışdır; lakin xəstə anasına qulluq etdiyi üçün Paşaxan təhsil üçün Tiflisə gedə bilmədiyindən onun yerinə Fuza Şakmanova adlı bir qız Hənifə xanımla birgə təhsil almağa göndərilmişdi. Bu iki qız Müqəddəs Nina Qız Məktəbinin ilk türk, müsəlman qız məzunları olmuşlar.
Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar…
Çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar verirlər. 1872-ci ildə qurulan ailə bağları əqidə, fikir dostluğu, çətin günün həmdəmliyi ilə daha da möhkəmlənir. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə, bütün Azərbaycan övladlarını öz doğması bilir, onların təhsilinə, təlim-tərbiyəsinə himayədarlıq etməkdən zövq alır…
Bəli, XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə aydınların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxmışdı. Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edirdi. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Güney Qafqazın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökümət idarələrində tanıtmışdı.
Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçsə də, bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməmişdir. Hənifə xanım özü bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım Məlikova 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyirdi.
Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, Çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük… Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. 1929-cu ildə Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü başa çatan Hənifə xanım Məlikova Bakı şəhər qəbristanlığında dəfn edilib; lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri Xiyabana köçürülüb…
Bu dəyanətli ziyalı qadının adı milli mədəniyyət tariximizin unudulmaz bir səhifəsində yer alır. XX yüzil aydınlarından, milli təhsilimizin inkişafından söz düşəndə Hənifə xanımın adı böyük ehtiramla yad edilir. Azərbaycana aydın sabah, maarifçilik işığı bəxş etmək missiyası üçün dünyaya gələn, mükəmməl ömür-gün yoldaşı, gözəl ana Hənifə xanım Məlikovanın bütöv bir həyat yolu gənc qızlarımız üçün parlaq örnəkdir.
Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva- Məlikova, digəri Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadə idi. Professor xüsusi vurğulayarmış ki, bu xanım aydınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olmuşdur.
Yuxarıda vurğuladğımız kimi, Həsən bəyin ailəsi 1880-ci ildə evdə yaratdıqları 10 şagirdlik pansionda vətən övladlarına təhsil verib. Maddi sıxıntılara, imkansızlıqlara baxmayaraq kimsəsiz uşaqlara sahib çıxan Məlikovlar ailəsi bu “Xalq məktəbi”ndə heç bir təmənna ummadan uşaqlara dünyəvi təhsil veriblər. Məlikovlar ailəsi həmin uşaqları övladlığa götürmüşdü. O uşaqlar arasında görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanım da vardı. Sonralar Nanə xanımın kimsəsizlik taleyini yaşayan oğlu, yetim qalan Rauf Hacıyevi Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım övladlığa götürmüşdü. Burada maraqlı bir faktı da xatırlamaq yerinə düşər ki, 3 yaşınadək gözləri görməyən Rauf Hacıyevi Qəribsoltan xanım övladlığa götürdükdən sonra uşağın gözləri açılmışdır… – Tanrının lütfü, xeyirxahlığın, savabın energetikası bu olsa gərək…
Əlbəttə, maarifi, elmi heç də hamının birmənalı qarşılamadığı, cəhalətdə olan əhalinin böyük bir qisminin təhsil tərəfdarı olmadığı dönəmdə bir tərəfdən xalqın, digər tərəfdən siyasi dairələrin təqib və təzyiqlərinə tab gətirmək asan iş deyildi. Ancaq bircə təsəlli vardı: uğrunda mübarizə apardıqları iş, millətin xoşbəxt sabahına aparan yol bu çətinliklərə dözməyə dəyərdi…
Qaynaqlarda göstərilir ki, Hənifə xanımla Həsən bəy övladlarının dördünə də yüksək təlim-tərbiyə vermişdir – bu aydınlar ocağının uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın layiqli aydınları olaraq yetişmiş, vətənə xidmət etmişlər. Ailənin böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalmışdır. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilmişdir. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirmişdir. Ailənin böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olmuş, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib güllələnmişdir… Kiçik oğul Səffət bəy ixtisasca memar olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərmiş və ömrünün sonunadək də qardaş ölkədə yaşamışdır.
Dövrün siyasi təzyiqlərindən yayınmaq məqsədi ilə paytaxtdan uzaqda, Zərdabda yaşadıqları illərdə Həsən bəylə Hənifə xanımın öz evlərində açdığı ödənişsiz məktəb-pansionu daxili imkanlar hesabına saxlamaq olduqca çətin idi. – İşə baxın ki, “Müsəlman şagirdlərinə Yardım Cəmiyyəti”nin üzvləri Həsən bəyə kömək edəcəkləri barədə öncədən söz vermələrinə baxmayaraq, yavaş-yavaş geriyə çəkilirdi. Həsən bəy məcbur qalıb, onlardan üzvlük haqlarını məhkəmə yolu ilə tələb edirdi… Bununla belə, cəmiyyətin pansiona yardım edən üzvlərinin sayı 1876-cı ildə beş nəfərə enmişdi…
Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlərlə qarşılaşsa da, həmişə öz kübarlığı, nəcib dəyanəti, mətanəti ilə seçilmişdir. Birdən-birə ağır təzyiqlər mühitinə düşən xanım aydına, eləcə də həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, bu parlaq şəxsiyyətlər sarsılmamışdır. – Sanki bu fədakarlığa özlərini öncədən hazırlamış kimi qətiyyətli duruşları vardı. Bədxahlarının hücumu isə əsla ara vermirdi. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı. …Uşaqlar onun ümid və iftixarı idi”…
Gənc azərbaycanlı aydınların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin rahatsız olduğu bir dönəmdə hər hansı bir maarifpərvər cəhdin qarşısı alınmaqdaydı. Təsadüfi deyil ki, hakimiyyət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, habelə “Əkinçi” qəzetinin nəşri ilə bağlı müraciətinə uzun illər boyu müsbət cavab verməmişdi. Hənifə xanım bu münasibətlə yazırdı: “Cəmiyyətin təşkilinə icazəni almaq çox çətin idi. Dövlət müsəlmanların hər hansı bir təşəbbüsünə mane olurdu… Hökumət adamlarının Həsən bəydən xoşu gəlmirdi, ondan çəkinirdilər, ehtiyat edirdilər”.
Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas etmişdi.
Həsən bəyin ən böyük arzularından biri Bakıda müsəlman qız məktəbinin açılması olmuşdur. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən aydınlardan birincisi Həsən bəy idi; amma bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxmışdı. Savadlı müsəlman qadın demək olar, yox idi. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də çətin məsələ idi. Ailələr öz qızlarını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürmüşdülər. Belə bir cəhalət ortamında Hənifə xanım kimi aydınların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olur və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilir. Onun sayəsində Bakı Müsəlman Qız Məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olur. Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin yatırımı ilə baş tutursa, onun inkişafı, layiqli qadın aydınlar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşir…
1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Xeyriyyəçi Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın başçılıq etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilmişdi. Hənifə xanım bir neçə il ilk müsəlman qız məktəbinin və Rus-Türk (Azərbaycan) Qız Məktəbinin müdiri vəzifəsində çalışaraq, Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan aydın qadınlar qazandırmışdı. Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, millətinin ömrünə bağlayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir aydın ömrü yaşadı. Bu ömrün hər bir səhifəsi isə Azərbaycan qadınının adını tarixə altun hərflərlə yazdıra bildi.
İşıqlı ruhuna salam olsun!
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90