Ermənistan-Rusiya münasibətləri daha bir gərginlik mərhələsinə qədəm qoyub.
Erməni analitiklər bunun ağır, dəhşətli, ölkə üçün ölümcül nəticələrdən danışırlar.
“Hraparak” nəşrinin hazırladığı yazıda da bu məsələyə toxunulub:
“Ehtirasları ilk dəfə Nikol Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi alovlandırdı. Bu müsahibədə Paşinyan Rusiyanı daha açıq şəkildə tənqid etdi, bildirdi ki, Rusiya müəyyən addımlar, hətta özünün hərəkətsizliyi səbəbindən regionu tərk edir. Ola bilsin ki, bir gün biz oyanıb görək ki, Rusiya artıq regionda deyil. O, həmçinin Rusiya sülhməramlılarını da tənqid edib və bildirib ki, onlar üçtərəfli bəyannaməyə görə üzərilərinə götürdüyü missiyanı yerinə yetirmirlər. Paşinyan KTMT-ni də tənqid edib. Gözlənildiyi kimi, Rusiyanın cavabı özünü çox gözlətməyib. Əvvəlcə dövlət TASS agentliyi Rusiya Xarici İşlər Nazirliyinin diplomatik mənbəsinə istinadən yazıb: “Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqazı tərk etmək fikrində deyil, İrəvan isə Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir. Bu, Qərbin planıdır və İrəvan burada bir alət kimi istifadə olunur”.
Daha sonra Rusiya parlamentinin aşağı palatasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, Nikol Paşinyan Rusiyaya qarşı “getdikcə həyasız” bəyanatlar verir. Putinin mətbuat katibi Peskov da təsdiqləyib ki, Rusiya Ermənistanı tərk etmək fikrində deyil.
Onu da qeyd edək ki, müsahibədən düz iki gün sonra Ermənistan hökuməti Roma Əsasnaməsini parlamentə göndərib ki, bu da qeyd-şərtsiz ratifikasiya olunarsa, Putinin həbsindən irəli gələn tələbi yerinə yetirməyə borcludurlar. Rusiya Xarici İşlər Nazirliyi də bu razılaşma ilə bağlı erməni tərəfdən aydınlıq tələb etdiklərini bildirib. XİN sözçüsü Paşinyanın ikinci dəfə verdiyi mübahisəli müsahibəsinə də toxunaraq qeyd edib: İnsan daim günahkar axtarmaqdansa, öz əməlinə görə cavab verməyi bacarmalıdır”.
Rusiya ilə münasibətlərin kəskinləşməsi, sülh gündəminin faktiki iflasa uğraması Ermənistanı ölümcül hadisələrin gözlədiyi ilə bağlı proqnozları daha reallaşdırır. Xatırladaq ki, Paşinyan elə həmin müsahibəsində sülh sazişindən danışarkən əsas məqamlar üzrə razılığın əldə olunmadığını qeyd etmiş, bir gün əvvəl isə baş nazirin müavini Mqer Qriqoryan Ermənistan tərəfinin sənədlə bağlı təkliflərinin səmərəsiz olduğunu bildirmişdi”.
Göründüyü kimi, erməni analitiklər də ölkəni ağır nəticələrin gözlədiyini hiss edirlər. Amma bu nəticəni reallaşdıran da məhz Ermənistan hakimiyyətidir. Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaqla, bölgədə gərginliyi artırmaqla, regiona xarici qüvvələri cəlb etməyə çalışmaqla, Azərbaycana qarşı ərazi iddiası irəli sürməklə özü üçün ölümcül nəticələri hazırlayır. Nə demək olar: Bunu özləri istəyirlər. Özü yıxılan isə ağlamamalıdır.