Yeni mövsümdən yeni layihəyə start veririk. Newscenter.az və Ulusal.az saytları olaraq “İşdən sonra” layihəsi çərçivəsində ölkənin tanınmış ictimai-siyasi xadimləri, millət vəkilləri, bir sözlə müxtəlif peşə sahibləri görüşüb söhbətləşməyi nəzərdə tutmuşuq. Bu çərçivədə ilk qonağımız Milli Məclisin deputatı Nəsib Məhəməliyevdir.
-Nəsib müəllim, redaksiyamızın “İşdən sonra” adlı layihəsi çərçivəsində ilk olaraq sualımız bundan ibarətdir ki, işdən sonra adətən nə ilə məşğul olur, hara üz tutursunuz?
-Rəsmi və yaxud geyri-rəsmi görüşlər, qəbullar, televiziya çıxışları, toylar, ailə tədbirləri və s. nəzərdə tutulmayıbsa, adətən işdən sonra evə gedirəm. İdmanla məşğul oluram, təxminən 1 saat yarım piyada gəzirəm. Həftədə iki-üç dəfə üzgüçülüklə məşğul oluram.
-Gündəlik iş rejimi Sizi çoxmu yorur?
-Fiziki baxımdan yorulmuram. Biz cəmiyyətin tərkib hissəsiyik. Hər yerdə olduğu kimi, bizdə də müəyyən problemlər, əsəbi hallar olur. Müasir dövrün meqapolislərinə xas tıxaclar, ictimai-davranış qaydalarını kobud şəkildə pozan, ətraf mühiti çirkləndirən vətəndaşlarımızın bəzi hərəkətləri qıcıqlandırır. Bütün bunlar təbii ki, daha çox psixoloji yorğunluq yaradır.
-Təxminən gün ərzində nə qədər, neçə saat işləyirsiniz?
-Uzun illər icra strukturlarında işlədiyim zaman çox dinamik həyat tərzim olub. Ələlxüsus, ölkədə aqrar islahatların getdiyi dövürdə sutkanın 15-16 saatını işdə olurduq. Hal-hazırki statusumla qətiyyən müqayisə oluna bilməz. Milli Məclisdə plenar və komitə iclaslarını, görüşləri çıxmaq şərtilə deputatların konkret normalaşdırılmış iş rejimi yoxdur.
İş rejimimiz üzv olduğumuz komitələrə, komissiyalara daxil olan sənədlərlə, qanun layihələri ilə tanış olmaq, seçicilərdən gələn məktubları, təklifləri öyrənməklə, onların həlli istiqamətində görülən işlərlə müəyyənləşir.
Çox dinamik həyat tərzim olub
Millət vəkillərinin fəaliyyət dairəsinə aid olan sahələrdən biri də kütləvi informasiya vasitələri ilə əməkdaşlıqdır. Mətbuata açıq olduğumdan tez-tez jurnalistlərlə görüşür, telefon, sosial şəbəkələr vasitəsilə hadisələrə operativ reaksiya veririk.
-Bəziləri deyir ki, bütün iş gününün yorğunluğunu dost-tanışla görüşüb hansısa bir məkanda, kafe-restoranda bir neçə saatlıq vaxt keçirməklə atmaq olur. Siz necə düşünürsünüz və işdən sonra belə görüşlər olurmu?
-Bu fərdi məsələdir. Hərə bir cür stress atır. Hamı üçün məqbul sayıla biləcək konkret resept yoxdur. Mənim müxtəlif peşə sahiblərindən ibarət dostlarım, tanışlarım var. Arabir görüşürük, fikir mübadiləsi aparırıq. Bunsuz olmaz.
-İşə rəsmi geyimdə gəlməyi sevirsiniz, yoxsa idman stilində?
-Parlament iclaslarına mütləq şəkildə rəsmi geyimdə gedirəm. Vətəndaşları, jurnalistləri qəbul edərkən, gündəlik həyatda daha çox idman stilinə üstünlük verirəm.
-Geyimdən söz düşmüşkən, geyiminizi özününz seçirsiniz, yoxsa bu məsələdə ailədən sizə kömək edən olur?
-Əsasən özüm seçirəm. Bəzi hallarda həyat yoldaşımla məsləhətləşirəm.
-Yəqin ki, daha çox tanınmış firma geyimlərinə üstünlük verərsiniz?
-Mağazaları gəzməyi sevmirəm. Əsasən, istifadə etdiyim bəlli bir marka var.
Mağazaları gəzməyi sevmirəm
Onun lekalları mənə daha çox uyğun gəlir. 1998-ci ildə, ilk dəfə Moskvada görmüşdüm. Sonralar Bakıda mağazaları açıldı.
-Siz uzun illər həm də icra hakimiyyətinin başçısı işləmisiniz. Sizcə icra hakimiyyətinin başçısı kimi vətəndaşlarla işləmək daha çətin və ya asandır, yoxsa deputat kimi?
-İstər icra hakimiyyətinin başçısı olsun, istərsə deputat, fərq etməz. Yetər ki, vətəndaşın problemlərini öz problemin kimi qəbul edə biləsən. Qaldırılan məsələlərə vicdanla, obyektiv, sosial ədalət prinsiplərindən yanaşmağı bacarasan.
-İşdən sonra da Sizi narahat edən seçici, vətəndaş olurmu və adekvat reaksiyanız necə olur?
-İnsanlar humanist olduğumu bildiklərindən işdən sonra da müraciətlər edirlər. Təbii ki, mütləq əksəriyyəti şəxsi məsələlərə görə. Əfsuslar olsun ki, bəzi hallarda sui-istifadə hallarına yol verilir. Azyaşlı uşaqlardan istifadə edənlər olur. Gecə saatlarında qapını döyürlər. Çalışıram səbirlə yanaşım, izah edirəm.
-Bəs digər işlərə, deyək ki, idmanla məşğul olmaq, kitab oxumaq, yaxud respublikamızın dilbər guşələrindən birinə səfər etməyə zaman ayıra bilirsinizmi?
-2000-ci ilə qədər, uşaqlıq, tələbəlik illərində vaxtımın çox hissəsi kitab oxumaqla keçib. Sonralar işin çoxluğundan təəssüf ki, kitab oxumağa vaxt az qalırdı. İndi demək olar ki, qismən bərpa eləmişəm. Elə bir gün yoxdur ki, nəsə oxumayım.
İstərdim, bütün bölgələrimizi gəzim
Ölkəmizin dilbər guşələrinə səfər etmək məsələsinə gəldikdə isə, əfsuslar olsun ki, vaxt baxımından alınmır. İşlə bağlı Qarabağda, Şuşada, Xankəndidə və digər yerlərdə olmuşam. Oranın başqa bir aurası var. Qeyri-adi hisslər keçirirsən. İstərdim, bütün bölgələrimizi gəzim. İnşəallah təki salamatçılıq olsun.
-Yeri gəlmişkən, yayda istirahətə ölkə daxilində, yoxsa xarici ölkəyə istirahətə getməyə üstünlük verirsiniz?. Özəl olaraq istirahət üçün daha çox haranı seçirsiniz, hansı regiona üstünlük verirsiniz?
-Azərbaycanın hər bölgəsinin özünəməxsus spesifik gözəllikləri, təbiəti, mətbəxi, folkloru var. Biz, ərazi baxımdan çox da böyük ölkə deyilik. Ona görə də, bölücülük etmək, hansısa regiona üstünlük vermək istəmirəm. Bakı ətrafı kəndlərin birində bağım var. Boş vaxtım olan kimi bağa gedirəm. Orada özümü çox rahat, yaxşı hiss edirəm.
-Nəsib müəllim, avtomobildə musiqiyə qulaq asmağa marağınız olurmu, olursa maşında daha çox kimi dinləyirsiniz?
-Bəli avtomobildə gedərkən musiqi dinləmək xoşdur. Demək olar ki, rep və meyxanalar istisna olmaqla, bütün janrlara qulaq asıram. Xüsusilə, şedevrə çevrilmiş, klassik sənətkarlarımızın ifasında, retro mahnılarını xoşlayıram. O baxır, həmin vəziyyətdə hansı əhval-ruhiyyədəyəm.
-Bəs kitab olaraq daha çox hansı yazıçının əsərlərinə maraq göstərirsiniz?
-Evdə kifayət qədər zəngin kitabxanam var. Səmimi etiraf etməliyəm ki, kitab oxumaq üçün konsentrasiyam, enerjim əvvəlki kimi deyil. Sovetlər dönəmində sürətli kitab oxumaq üçün xüsusi metod var idi. Hər gün yeni bir kitab oxuyardıq. Demək olar ki, Azərbaycan klassiklərinin əsərlərinin əksəriyyətini oxumuşam. Dahi Nizami Gəncəvinin “Xəmsəsindən” ən çox sevdiyim “Sirrlər xəzinəsini” bu gün arabir oxuyuram. Orta məktəb illərində, bəzi geniş həcmli poemaları belə, tam əzbərləmişdim. Yeri gəlmişkən, məktəbimizdə dram dərnəyi fəaliyyət göstərirdi və biz Azərbaycan dramaturqlarının əsərlərini səhnələşdirirdik.
İşin problemlərini evə gətirmək kimi xasiyyətimiz yoxdur
Rus ədəbiyyatından Lev Tolstoyu, Puşkini, Dostoevskini, Çexovu, Qumilyovu, Avropa Amerika klassiklərinin əsərlərini mütaliə etməyi sevirəm. Bəzilərini təkrarlayıram. Müxtəlif janrda yazılmış, böyük imperiyaların, tarixi şəxsiyyətlərin, sərkərdələrin həyatı ilə bağlı yazılmış romanları məmnuniyyətlə oxuyuram. Osmanlı tarixini, Atatürkün həyat və fəaliyyəti ilə bağlı kitablar xüsusi maraq kəsb edir. Hər bir kitab bir dünyadır. Oxuduqca, müəlliflərin mənsub olduqları xalqların tarixini, mədəniyyətini, məişətini, mental dəyərlərini mənimsəyirsən. Həmin ölkələr və orada yaşayan xalqlar barədə fikir formalaşır. Bütün bunlar isə, insanı mənəvi baxımdan zənginləşdirir. həyatda düzgün mövqe tutmaqda kömək edir. Bu barədə çox danışmaq olar. Oxunan kitabların hamısını yadda saxlamaq təbii ki, mümkün deyil.
-Nəsib müəllim, Siz kənardan baxanda çox ciddi təsir bağışlayırsınız. Maraqlıdır, işdən evə qayıdarkən də eyni ciddilik davam edir, yoxsa nəvələr bu tilsimi qıra bilir və evdə tamam başqa biri olursunuz?
-Bilirəm, bu barədə çox eşitmişəm. Bəli, etiraf edirəm ki, kifayət qədər ciddi adamam. Ələlxüsus, işdə. Lağ-lağını, boş-boş söhbətləri sevmirəm. Dostlarımı çıxmaq şərtilə, insanlarla məsafə saxlayıram. Bəzi bədxahların düşüncələrinə görə, özündən razı birisiyəm. Ola bilər, vizual olaraq, kənardan baxanda belə təsir bağışlayıram. Ancaq, məni tanıyanlar, mənimlə birlikdə işləmiş insanlar bilirlər ki, tam tərsinədir. Cəmiyyətdə tutduğu statusundan asılı olmayaraq, hər kəsə hörmətlə yanaşıram. Kiməsə yuxarıdan aşağı baxmağım, həssas, yardıma ehtiyacı olanları nümayişkarənə şəkildə ictimailəşdirməyim, aşağılamağım, qeyri-mümkündür.
Ailədə isə, fərqlidir. İşin problemlərini evə gətirmək kimi xasiyyətimiz yoxdur. Yaşından asılı olmayaraq, ailə üzvlərinin hər birinə şəxsiyyət gözü ilə baxılır. Fikirlərinə hörmətlə yanaşılır. Nəvələr isə, təbii ki, ayrı aləmdir, müsbət enerji qaynağıdır. Hər kəsə arzulayıram.
-Son olaraq bilmək istərdik, işdən sonra bir fərd olaraq nə etməliyik, dostlarınıza, tanışlarınıza, insanılara nəyi tövsiyə edərdiniz ki, işdən sonra ilk olaraq məhz onu etmək lazımdır?
-İşdən sonra kimin nə ilə məşğul olması, hər kəsin özündən asılıdır. Çünki, maraqlar və zövqlər fərqlidir. Hərənin illər ərzində formalaşmış yaşayış tərzi, hobbisi, sevdiyi idman, məşğuliyyət sahələri var. Tövsiyə olaraq, bir mənalı deyə bilərəm ki, özünə qapanmaq lazım deyil. Normal insan dostlarla, tələbə yoldaşları ilə görüşə, kitab oxumağa, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə tanış olmağa, idmanla, sevdiyi işlərlə məşğul olmağa vaxt tapmalıdı. Yaxşı olar ki, bütün bunları növbəlilik əsasında edəsən. Əsas odur ki, ifratçılığa yol verməyəsən. Çalışmaq lazımdır ki, həyatın rəngarəng olsun. Eyni şey təkrarlandıqda darıxdırıcı olur. Hər şey normasında olduqda gözəldir və gördüyün hər bir işdən zövq alırsan.
Süleyman İsmayılbəyli
Qoşqar Salmanlı