Xəbər verildiyi kimi, ölkə başçısı gələn il yanvarın 1-dən minimum əməkhaqqı və fevralın 1-dən minimum təqaüdün artırılması barədə qərar verib.
Ulusal.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli öz sosial şəbəkə səhifəsində bu qərarın müsbət tərəflərini qeyd etməklə yanaşı, DSMF-ə ödəniş edən sahibkarlar və pensiya kapitalını toplamağa çalışan yaşlı insanların problemlərinə diqqət çəkib:
“Minimum əməkhaqqı 400 manat, minimum təqaüd 320 manat oldu – yaxşıdı, gözləntilərdən daha çox artdı. Amma…
Ətraflı
Gələk əmmalara:
1) Uzun illərdir deyirik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əmək haqqına bağlı olması aradan qaldırılmalıdır. Belə bir bağ minimum əməkhaqqının 136 manat olduğu zaman qanuna salınmışdı, indi isə minimum əməkhaqqı 400 manat oldu, deməli, VÖEN-lə çalışan 700-800 min vətəndaşın vergi yükü avtomatik olaraq artdı – 2025-ci ildən DSMF və icbari tibbi sığortaya 116 manat ödəməli olacaqlar. Bu, zərərli və yanlış qanundur, mütləq dəyişməlidir, çünki, minimum maaş artan kimi onun 25%-i (ortalama) DSMF-yə ödənilir.
2) Digər bir qanunla isə mimimum təqaüd artan kimi pensiyaya çıxmaq üçün tələb olunan minimal kapital səviyyəsi də artır – bu gün 40320 manatdır, gələn ildən isə minimum təqaüd artdı deyə 46080 manat olacaq, yəni, hər dəfə minimum pensiya artan kimi insanların minimum kapital səviyyəsi də yüksəlir, əlçatmaz olur. Çox yanlış qanun maddəsidir, mütləq dəyişdirilməlidir. Ölkədə minimum kapital səviyyəsinə çatmaq üçün maaşlar, gəlirlər yetərsizdir, çox vətəndaş buna çata bilmir, bəzən heç təqaüd yaşına çatmadan dünyadan köçür. O zaman da ədalətsizlik olur – insan işləyir, ÖZ maaş və gəlirindən DSMF-də olan ÖZ hesabına pul köçürür, sonra pensiya almadan həyatdan köçəndə o vəsait ailəsinə qismət olmur, kiməsə vəsiyyət edə bilmir – bu da haqsızlıqdır, qanunda mütləq dəyişiklik edilməlidir”.”AzPolitika.info”