image-rt-reklam
image-99backend

İRANIN İKİBAŞLI “FƏLƏSTİN OYUNU” – Bir neçə gündə üç dəfə mövqeyini dəyişən Tehranın marağı nədir?

image-728x90

HƏMAS-ın İsrailə hücumu və bundan sonra İsrailin başlatdığı hərbi əməliyyatlar artıq 10 gündür ki, davam edir. Maraqlıdır ki, elə ilk günlərdən bütün dünyanın diqqətini bu baş verənlərlə bağlı daha çox fələstənlilərin qan qardaşı olan ərəb ölkələrinin deyil, İranın mövqeyi cəlb edir. 

Çünki məhz İran uzun illər boyunca İsraili “asıb-kəsən”, hədələyən bəyanatlarla çıxış edir və Yaxın Şərqdə özünün ilk növbədə İsrailə qarşı istifadə etdiyi proksi qüvvələrini saxlayır. Hətta HƏMAS-ın son hücumunun da arxasında İranın durduğuna dair iddialar var. Baxmayaraq ki, İran daha çox “Hizbullah”-ın mənəvi və maliyyə “atası” sayılır.

Eyni zamanda, HƏMAS rəhbərliyi hələ ötən il İrandan 70 milyonluq yardım aldığını və bu vəsaiti silahlanmaya, raket əldə edilməsinə yönəltdiyini rəsmən bəyan etmişdi.

Bütün bunların fonunda İranın oktyabrın 7-dən bu yana öz mövqeyini tez-tez dəyişdiyi, gah öz adından, gah HƏMAS-ın, gah fələstinlilərin, gah da az qla bütün islam dünyasının adından danışdığını görürük. Din, islam, haqq-ədalət təəssübkeşliyi görüntüsü yaradan Tehrandakı rejimin hazırda bu münaqişənin ən qazanclı tərəfi olduğunu xüsusi vurğulamağa ehtiyac yoxdur.

Təkcə onu qeyd etmək kifayətdir ki, İran bu hücumla bütün dünyaya öz proksi qüvvələrinin imkanlarını nümayiş etdirdi, İslam coğrafiyasındakı radikal və mövhumatçı hücrələrini hərəkətə gətirdi, ərəb dünyasını parçaladı, Səudiyyə Ərəbistanı ilə İsrailin yaxınlaşmasını əngəllədi və nəhayət, hazırda Qəzzada baş verənlərə təsir edə biləcək ölkələrdən biri statusunu qazandı. Bu gün hamı Vaşinqtona və Tehrana baxır. İş o yerə çatıb ki, HƏMAS-ın israilli girovlarla bağlı şərtlərini belə Tehran səsləndirir...

 

 

Ancaq İrandakı rejim beynəlxalq müstəvidə və bu münaqişənin diplomatik tənzimlənməsində heç də “mükəmməl oyunçu” təsiri bağışlamır. İrandakı rejim daha çox “əziz erməni həmkarı” Nikol Paşinyan kimi, “gah nala, gah mıxa vurmaq” prinsipindən çıxış edir.

Belə ki, əvvəlcə Tehran müharibəyə cəlb olunmaq istəmədiyini bəyan etdi. Ardınca isə bildirdi ki, İsrailin Qəzzada yerüstü əməlliyyatı başlasa, digər cəbhələr açılacaq. Əlbəttə ki, bu, Tehranın İsrailə qarşı savaşa bu və ya digər formada qoşulacağına işarə idi.

Bunu həm özü birbaşa, həm də Suriya və Livandakı proksi qüvvələri vasitəsilə edə biləcəyini göstərdi. Ancaq çox keçmədi ki, Tehran öz “asaram-kəsərəm” mövqeyini, ritorikasını dəyişdi, hətta demək olar, 180 dərəcə dəyişdi.

İranın XİN başçısı Hüseyn Abdullahiyan bəyan etdi ki, əgər İsrail tərəfindən İrana qarşı hücum baş verməsə, İran münaqişəyə qoşulmayacaq. Beləliklə də, İran hakimiyyəti cəmi bir neçə gündə üç dəfə öz mövqeyini dəyişmiş oldu. Bəs, bütün bunlar nəyin göstəricisidir, İran nə istəyir və nəyin davasını aparır?

 

 

Məsələ ondadır ki, İran artıq yuxarıda sadaladığımız məqsədlərinin böyük hissəsinə nail olub. İlk növbədə,bu münaqişənin necə və nə zaman bitməsindən asılı olmayaraq, regionun müsəlman ölkələrinin, xüsusilə də Səudiyyə Ərəbistanının İsraillə hansısa ciddi anlaşmalar əldə etməsi, münasibətlər qurması ehtimalı uzun müddətə sıfırlanmış oldu.

Ancaq İranın fələstinlilərin qanı üzərindən əldə etdiyi “nailiyyətləri” sırasında mühüm olan daha bir amil də var. Qərb mətbuatı yazır ki, İranın xarici banklarda dondurulmuş maliyyə aktivlərinin azad edilməsilə bağlı ABŞ başda olmaqla, Qərblə intensiv müzakirələr gedir. Söhbətin milyardlarla dollarlardan getdiyini nəzərə alsaq, Tehranın “qazancını” təsəvvür etmək çətin deyil.

 

 

Görünən odur ki, Bayden administrasiyası bu vəsaitləri İran üçün əlçatan etməyin əleyhinə deyil. Bu isə əlbəttə ki, sadəcə, Vaşinqtonun könüllü istəyindən və “xoş məramı”ndan irəli gəlmir. Deməli, İran da bunun qarşılığında HƏMAS-İsrail cəbhəsində, yenə həmin fələstinlilərin qanı üzərindən hansısa güzəştlərə getməlidir.

Belə görünür ki, artıq ABŞ məsələni diplomatik məcraya yönəltmək istədiyinin işarələrini verir. Vaşinqton hətta Çini də münaqişənin tənzimlənməsində iştiraka dəvət edir. Bütün bunların fonunda isə İranın nisbi loyallığını satın almaq məqəsədi kifayət qədər məntiqli görünür. Bunun üçünsə ən yaxşı vasitə puldur ki, Tehrandakı rejimin də mahiyyəti belə bir sövdələşməni qəbul etmək üçün olduqca müsaiddir…

 

 

Bu arada onu da xatırladaq ki, Misir münaqişənin başladığı gündən Qəzza ilə sərhədi bağlayıb. Çünki Misir hakimiyyəti də hər nə qədər rəsmi bəyanatlarla ərəb, müsəlman qardaşlığından dəm vursa da, ona milyonlarla fələstinli qaçqın və bu qaçqınlarla bağlı əlavə problemlər lazım deyil. Həm İranın, həm Misirin, həm də digər özlərini müsəlman adlandıran dövlətlərin davranışları bir daha təsdiq edir ki, “yetimə can-can deyən çox, çörək verən isə az olar”…

Bir sözlə, İsrail və Qəzza ətrafındakı bu münaqişədən İran başda olmaqla, hər kəs fayda götürməyə, ya da heç olmasa ziyan görməməyə çalışır. Əzilən, həlak olan isə həm İsraildə, həm də Fələstində günahsız insanlardır. Ancaq İsrail dövlət olaraq, ağır zərbə almasına baxmayaraq, öz vətəndaşlarının təhlükəsizliyini artıq böyük ölçüdə təmin edə bilib. Qəzzadakı fələstinliləri isə təəssüf ki, hələ ağır, məhrumiyyətlər və qanla dolu günlər gözləyir…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90