(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
Səkinə Axundzadə (1865-1927) Azərbaycanın ilk qadın dramaturqu, ilk qadın müəllimlərindən biri olmuş, dövrünün görkəmli maarif işçisi, ana dilində orta məktəb dərsliklərinin müəllifi kimi tanınmışdır. O, milli teatr sənətinin inkişafında özünəməxsus xidmətlər göstərmiş, bütövlükdə müsəlman Şərqində dram və nəsr əsərləri yazan ilk azərbaycanlı qadın yazıçı tək tarixdə iz qoymuşdur. Görkəmli puplisist, teatrşünas Qulam Məmmədlinin yazdığı kimi, “səhnəmizin ilk qönçəsi, iftixarı” sayılan Səkinə Axundzadə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafında cəsurluğu ilə seçilən birincilərdən idi.
Avropa və Rusiyada qadınların hər bir fəaliyyət istiqamətində, eləcə də ədəbiyyat sahəsində nəzərəçarpacaq dərəcədə fəallaşdığı XIX yüzildə Azərbaycan qadınının da yeni, işıqlı həyat yoluna çıxması Səkinə Axundzadə kimi qadınlarımızın sayəsində baş vermişdir. Yüzilliyin sonlarına doğru artan qadın fəallığının özünü göstərən ilk cəhəti isə təhsilə marağın artması ilə müəyyənləşirdi. Təhsilli qadınlarımızın ədəbiyyata gəlişi milli bədii fikirlə yanaşı, incəsənətin teatr, opera sahələrinin də inkişafına öz təsirini göstərirdi. Qadın yazıçılarımız yeni ədəbi janrlarda əsərlər yazır, söz sənətimizi zənginləşdirirdi. Azərbaycan ədəbiyyatında qadın nyüzilinin və dramaturgiyasının yaranması dünya ədəbiyyatı ilə müqayisədə bir qədər geciksə də, XX yüzilin əvvəllərində Səkinə Axundzadənin ədəbi fəaliyyəti bu boşluğu doldurdu. Patriarxal toplumda qadın üçün İLKlərə imza atmağın ikiqat çətinliyinə baxmayaraq, Səkinə xanım özünü yazıçı kimi təsdiqləyə və qəbul etdirə bildi.
Səkinə xanım Mirzə Heybət qızı Axundzadə 1865-ci ildə Quba şəhərində aydın ailəsində anadan olmuşdur. O, şair, müəllim Mirzə Heybət Axundzadənin qızıdır. Dövrünün sayılıb-seçilən şairlərindən olan atası “Fəda” təxəllüsü ilə şeirlər yazırdı. Mirzə Heybət Axundzadə dövrünün ünlü alimi, filosofu Abbasqulu Ağa Bakıxanovun yaratdığı “Gülüstan” ədəbi məclisinin ən fəal üzvlərindən idi. Səkinə Axundzadənin ədəbiyyata, teatra, incəsənətə marağı da məhz böyüdüyü ailə ortamından, gördüyü tərbiyədən irəli gəlirdi.
Səkinə Axundzadə ibtidai təhsilini doğma şəhəri Qubada almış, 1900-cü ildə isə ailəsi ilə birgə Bakıya gəlmişdi. Burada qabaqcıl təhsil sistemi olan məktəblərdən birində oxumuş, təhsilini bitirdikdən sonra Bakıda və Qubada xalqın maariflənməsi üçün böyük işlər görmüşdü. O qız məktəblərinin açılmasına müəyyən vəsaitlə kömək etmiş, eləcə də, bu məktəblərdə oxuyan şagirdlərə ardıcıl olaraq maddi yardım göstərmişdir.
Səkinə xanım gənc yaşında Qubada ailə həyatı qurmuş, bu evlilikdən Höküməxanım adlı qız övladı dünyaya gəlmişdi; lakin ailənin xoşbəxtliyi uzun sürməmiş, həyat yoldaşı Talıb faciəli şəkildə dünyasını dəyişmişdi. – Həyat yoldaşına hər zaman dəstək olduğu üçün, Səkinə xanıma olan sevgisini qadınların maariflənməsinə yönəlik çıxışları ilə göstərdiyinə görə Talıb, qadınların təhsilinə, toplumda qabaqcıl mövqe qazanmasına qarşı olan zehniyyət sahibi tərəfindən Qubada qətlə yetirilmişdi. Qadınların dünyəvi biliklərə yiyələnməsi, çağdaş düşüncə tərzinə sahib olması XIX yüzil Azərbaycanında çoxları üçün qəbuledilməz hal sayılırdı. Qubada da cahil, nadan adamların orta yüzilliklərdən qalma düşüncə (düşüncəsizlik) tərzi ilə törətdiyi bu qətl, gənc bir aydın ailəsinin bəxtiyarlığını yarımçıq qoymuşdu. Talıbın qətlindən sonra Səkinə Axundzadə kiçik yaşlı qızı Höküməxanımla tək qalmış, taleyinin bu dəhşətli sınağından üzüağ çıxmağa çalışmışdı; amma həyatın ona hazırladığı daha çətin sınaqlar hələ qarşıda idi…
O, savadlı olduğu qədər gözəlliyi ilə də hamının diqqətini cəlb edirdi. Ucaboylu, ağbənizli, uzun qarasaçlı Səkinə xanım Şərq qadının bütün gözəlliyini, işığını özündə birləşdirirdi. Buna görə də, təkcə qabaqcıl düşüncəsi ilə deyil, xarici görkəmi ilə də qısqanclığa, paxıllığa, təqiblərə məruz qalırdı. O dövrün toplumunda isə dul qadın olmaq asan deyildi. Həyat yoldaşının faciəli surətdə ölümündən sonra tək qalan Səkinə xanım, nəhayət ikinci dəfə ailə qurmalı olur. Ailə qurduğu şəxs – Qubada rus dili müəllimi işləyən Məhəmməd Ağabəyov çağdaş düşüncəli bir müəllim idi. Buna görə də Səkinə xanımı yaxşı anlayır, ona bütün işlərində dəstək olurdu. Qızların təhsil alması, müxtəlif peşələrə yiyələnməsi, toplumda yüksək mövqe tutması Səkinə xanımın ən böyük arzusu idi. Bütün çətinliklərə sinə gərən Səkinə Axundzadə öz maddi vəsaiti hesabına, Qubadakı evində məktəb açaraq qız uşaqlarına pulsuz təhsil verirdi.
Çox keçmədən ikinci nigahından Yusif adlı oğlu dünyaya gəlir. Körpənin gəlişi ilə böyük sevinc yaşayan ailədə heç kimin ağlına da gəlməzdi ki, Yusifin həyatı cəmi 37 ildən sonra, faciəli şəkildə sona çatacaq…
Səkinə xanım həyatın növbəti zərbəsini əri Məhəmməd Ağabəyov dünyasını dəyişəndə alır. Gənc ana ikinci dəfə dul qalır. İki azyaşlı uşağı ilə çətin günlər yaşayır; lakin o, yenə həyat eşqini, əzmini itirmir, qadınlarımızın inkişafı ilə bağlı istəklərlə yaşayır. Ən böyük istəklərindən biri isə qadınların ədəbi fəaliyyət göstərməsini, ədəbi prosesdə yaxından iştirakını görmək idi.
Səkinə Axundzadənin Qubada gənc qızlara təmənnasız dərs deməyindən, onların savadlı olması üçün göstərdiyi çabalardan xəbərdar olan Hacı Zeynalabdin Tağıyev onu özünün açdığı Qızlar Məktəbinə Ana dili və Ədəbiyyatdan dərs deməyə dəvət edir. Beləliklə, Səkinə xanımın başının üzərindəki qara buludlar 1900-cü ildən sonra yavaş-yavaş dağılmağa başlayır. Həmin ildə övladları ilə birlikdə Bakıya köçən Səkinə xanım, Tağıyevin Qızlar Məktəbində şəriət və ədəbiyyat dərslərini tədris edir. Bu dövrdə Qızlar Məktəbinin müdiri, (Həsən bəy Zərdabinin həyat yoldaşı), dövrün görkəmli qadın aydını Hənifə Məlikova idi. Səkinə xanımla Hənifə xanımın dərin dostluq münasibətləri vardı. Bu münasibətin sayəsində Səkinə xanım Azərbaycanda ilk dəfə qızlardan ibarət teatr truppası yaradır və ilk dram əsərlərini qələmə alır. Əsərlərini tələbələrinin köməyi ilə səhnələşdirir.
Birinci olmaq böyük çətinliklərin, sınaqların içindən keçirdi. O, ilk qadın romançı, ilk qadın dramaturq, ilk qadın dərslik müəllifi idi. Xurafatın hökm sürdüyü bir dövrdə azərbaycanlı qadının bu işləri bacarması və fədakarlıqla yerinə yetirməsi böyük hünər və qəhrəmanlıq idi. Qarşısına çıxan maneələri dəf etmək üçün dəfələrlə həyatını təhlükə altında qoymuş, hətta bəzən dərs dediyi şagirdlərin valideynləri də onun üstünə hücum çəkmişdi… Belə bir durumda Səkinə Axundzadə elə bir vasitə tapmaq istəyirdi ki, həm rəfiqələri səhnədə özlərini görsün, həm də onların obrazını yaradan kişilər qadın libasından çıxa bilsinlər. Ona görə də ilk işi pyes yazmaq oldu. “Haqq söz acı olar”, “Elmin bəhrəsi” (1904) əsərləri belə yarandı. Bu əsərlərdə çoxlu qadın obrazları var idi. Hər iki əsərin rejissorluğunu da müəllif öz üzərinə götürmüş, bütün rolları isə müəllim yoldaşlarına və qız şagirdlərinə paylamışdı. Tamaşaya baxmağa gələnlər də ancaq qadınlardan ibarət olurdu.
Səkinə Axundzadə həmçinin “Zülmün səmərəsi” dram əsərinin, “Gəlin və qayınana” komediyasının müəllifidir. Məşhur fransız bəstəkarı Leo Delibin “Lakme” operasının təbdili olan “Zülmün səmərəsi” dramı “Nicat” Teatr truppası, 1920-ci illərin əvvəllərində isə Milli Dram Teatrı tərəfindən müxtəlif səhnə quruluşunda tamaşaya qoyulmuşdur.
Səkinə Axundzadə Türkiyə ədəbiyyatından da maraqlı əsərləri dilimizə uyğunlaşdıraraq səhnələşdirib. Türk yazıçısı Namiq Kamalın “Zavallı cocuq” pyesini “Bəxtsiz bala” adı ilə təbdil edərək 1911-ci ildə Bakıda, daha sonra Krasnovodsk və Aşqabadda tamaşaya qoyulmasına nail olub. Ümumiyyətlə, “Bəxtsiz bala”, həmçinin “Zülmün səmərəsi” dramları uzun illər Azərbaycan səhnəsində Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə kimi görkəmli aktyorların iştirakı ilə tamaşaya qoyulub. 1911-ci ildə Səkinə Axundzadənin “Elmin mənfəəti” əsəri də səhnə təcəssümü tapıb.
O, dram əsərləri ilə yanaşı, dövrün oxucuları tərəfindən rəğbətlə qarşılanan başqa nəsr əsərləri də yazıb. Azərbaycan folklorunun motivləri əsasında yazdığı “Şahzadə Əbülfəz və Rəna xanım” (1918) adlı povesti özəlliklə böyük maraq doğurub. 1918-ci ildə kitab halında nəşr olunan bu nağıl-povest çox səlis və aydın bədii dildə yazılıb. Bu povestdə 260 misradan çox şeir parçası da vardır. Povestin mövzusu dövr üçün son dərəcə aktual olub, Azərbaycan qadınlarının həyatında kök salmış xurafatın aradan qaldırılması yollarını göstərirdi. Səkinə xanım qadın azadlğına aparan yolun elm və təhsildən keçdiyinə bu əsərində də işarə edirdi.
Müəllifin əldə olan yaradıcılıq örnəklərinə bu günün gözü ilə nəzər salanda heyrətə gəlməyə bilmirsən. Zülmün, zillətin hökm sürdüyü bir dövrdə beş dram, bir roman yazan Azərbaycan qadını ötən yüzilin əvvəllərində öz rəfiqələrinin hüquq və azadlıqlarının müdafiəsi üçün hansı çətinliklərlə üzləşməyib?!. Lakin çəkdiyi müsibətlər, qarşısına çıxan əngəllər onu daha da mübariz olmağa sövq edib. Daim xalqının maarifinə, ədəbiyyatına, mədəni həyatına qatqısı olan Səkinə xanım bir çox önəmli layihələrdə iştirak edib. 1922-1923-cü illərdə nəşr olunmuş “Yeni türk əlifbası”nın həmmüəlliflərindən biri olması da bunun bariz örnəyidir.
Uzun illər ağır astma xəstəliyindən əziyyət çəkən Səkinə xanım, həkimlərin məsləhəti ilə yenidən Qubaya dönmək məcburiyyətində qalıb. Dövrün ünlü aktyorları tez-tez Qubaya onun ziyarətinə gedər, Səkinə xanıma baş çəkər, saatlarla sənətdən, ədəbiyyatdan danışmaqdan doymazdı. – Belə günlərdə onun həyat eşqi yenidən canlanar, özünü çox xoşbəxt hiss edərdi…
Bir gün Qubada səfərdə olan Abbas Mirzə Şərifzadə də Səkinə xanımı ziyarət edir. Səkinə xanım isə görkəmli aktyorun şərəfinə məclis qurur. Nəvəsi Məsmə Məmmədovanın dediyinə görə, həmin məclisdə Səkinə xanım Abbas Mirzə Şərifzadədən “İblis” monoloqundan bir parça söyləməyi xahiş edir. Aktyor Səkinə xanımın son arzusunu yerinə yetirib monoloqu bütünlükdə söyləyir.
Görkəmli aktyor və rejissor Hüseyn Ərəblinski onunla söhbət zamanı sənət dostuna xitabən demişdi: “Səkinə xanım, qadınsız teatr gülsüz-çiçəksiz bahar kimidir. Çiçəksiz ki bahar olmaz! Cəhalətin ucbatından nə qədər qadın, qız teatra yaxın dura bilmir. Siz böyük iş görürsünüz. Qızlarımızın ürəyində teatr qığılcımları alışdırdınız. Vaxt gələr, bu qığılcımlar məşələ dönər”.
1927-ci ildə uzun sürən asma xəstəliyindən Bakıda dünyasını dəyişən Səkinə Axundzadə Bibiheybətdə dəfn olunub. Özündən sonra dəyərli bir ədəbi irsi qalan, millətin tərəqqisi üçün misilsiz işlər görən Səkinə xanımın xidmətləri öz bəhrəsini verib. Azərbaycan qadınları elmin, incəsənətin müxtəlif sahələrində fəallıq göstərməklə onun ən böyük istəyini yerinə yetiriblər. Bu gün Azərbaycan aydınları Səkinə Axundzadənin xidmətlərini, onun öz dövrünün ictimai həyatında mövqeyini yüksək qiymətləndirir. Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı onun şücaəti ilə bağlı yazır: “Səkinə Axundzadənin yaşadığı dövr cəhalətlə tərəqqinin, nadanlıqla elmin toqquşduğu, çətin, ağrılı-acılı bir dövr idi. O, şəxsi həyatında çətinlikləri dəf etdiyi kimi, ictimai həyatda da mübariz qadın olmuşdur”.
Səkinə Axundzadəni Azərbaycan teatr tarixində özünəməxsus yeri olan unudulmuş unudulmazlardan biri olaraq xarakterizə edən Əməkdar jurnalist Flora Xəlilzadə “Mədəniyyət” qəzeti üçün qələmə aldığı “Zülmətdə parlayan işıq” adlı məqaləsində (13.05.2011, səh.: 13) yazır: “Millətinə ləyaqətlə xidmət etmiş Səkinə Axundzadənin ədəbi irsinin geniş tədqiqinə, nəşrinə və təbliğinə diqqət yetirilməlidir. Onun əsərləri latın qrafikası ilə çap edilməli, orta və ali məktəblərdə Səkinə Axundzadə barədə gənc nəslə mütləq bilgi verilməlidir. Biz tariximizi də dərindən öyrənməli, bu tarixdə möhtəşəm yer tutan görkəmli insanları da yaxından tanımalıyıq”.
Bəli, millətinə ləyaqətlə xidmət etmiş Səkinə xanım Axundzadənin ədəbi irsinin geniş tədqiqinə, nəşrinə və təbliğinə ciddi ehtiyac var. Orta və ali məktəblərdə müvafiq dərsliklərdə onun haqqında gərəkli bilgilərin öz əksini tapması – bu fədakar maarifçi ədibin, pedaqoqun gənc nəslə tanıdılması çox önəmlidir.