image-rt-reklam
image-1backend

Heydər Əliyev: Qarabağda Zəfərə aparan yolun memarı inanılmaz strategiyanı belə qurmuşdu

image-728x90

“Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyirdi Heydər Əliyev və 1993-cü ildə hakimiyyətə yenidən qayıdışından sonra əsas hədəfi torpaqlarımızı azad edə biləcək gücdə dövlətin yaradılması oldu. Şuşanın azad olunduğu xəbərini xalqa çatdıranda Prezident İlham Əliyev bildirmişdi ki, “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev zəif və dağılmış ordu ilə müharibə aparan, ermənilərlə yanaşı, silahlı qruplaşmaların bir-birinə qarşı döyüşdüyü, dağılmış Azərbaycanı yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Dahi lider bütün bunları bir-bir yox, eyni vaxtda həyata keçirməklə Azərbaycanı xilas edə bildi: daxili xaos yaradan silahlı qruplaşmaları zərərsizləşdirdi və qanun qarşısına çıxardı, sosial-iqtisadi vəziyyəti stabilləşdirmək istiqamətində addımlar atdı, neft müqavilələri imzalayaraq, kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi, ordunu nizama saldı, işğal altındakı bir çox kəndləri düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün Qarabağda atəşkəs sazişinə razılıq verdi.

Ermənistan məsələni həll etdiyini düşünür və işğalı legitimləşdirmək istiqamətində addımlar atırdı. Heydər Əliyev isə Qarabağda işğala son qoyacaq, Ermənistanın dalan ölkəyə çevriləcəyi strategiyanı hazırlayırdı.

Heydər Əliyev mövcud vəziyyəti dəyərləndirərək, Azərbaycanın dövlət kimi ayaqda durması, güclənməsi üçün atəşkəsə razılıq verdi. Çünki həm cəbhədə müharibə, həm ermənilərin güclü havadarları ilə mübarizə aparmaq, həm də ölkə daxilində vəziyyəti sabitləşdirmək, silahlı qruplaşmları neytrallaşdırmaq, əhalinin möhtac olduğu gündəlik tələbatları qarşılamaq və saydıqca bitməyən problemləri həll etmək mümkün deyildi. Müharibənin davam etməsi yeni ərazilərin işğalı və Azərbaycanın dövlət kimi gələcəyinin sual altına düşməsi təhlükəsini yaradırdı. Keçmiş hakimiyyətdən qalan ölkənin vəziyyəti olduqca acınacaqlı idi.

Bişkek protokolu və erməni planlarının məhvi: atəşkəs razılaşması Bişkekdə imzalanırdı. Rusiya prosesin əsas aparıcı qüvvəsi idi və Minsk qrupunun rusiyalı həmsədri, bu gün də ermənipərəst mövqeyi ilə seçilən Vladimir Kazimirov sənədi təqdim etmək üçün Bakıya gəlir, Heydər Əliyevlə müzakirə aparır. Sənədə görə, atəşkəs Azərbaycan və Ermənistan arasında imzalanır, sülh danışıqlarında beynəlxalq vasitəçilər iştirak edirlər.

Atəşkəs sazişinin imzalanması Bişkekdə baş tutdu. Azərbaycanı Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov təmsil edirdi. Mayın 10-u səhər saatlarında A.Cəlilov Heydər Əliyevə zəng vurur və məruzə edir ki, sənədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin də adını tərəf kimi salmaq istəyirlər. Heydər Əliyev Cəlilova dərhal Bakıya qayıtmağı tapşırır. Həmin günün ikinci yarısı A.Cəlilov sənədə imza atmadan geri qayıdır. Lakin separatçı rejimin adını sənədə salmağı dəstəkləyən Kazimirov da onunla birlikdə gəlir. O dövrün şahidləri danışır ki, Heydər Əliyev Bakıda Kazimirova sərt sözlər deyir.

Heydər Əliyevin bu mövqeyi ermənilərin planlarını alt-üst etdi: atəşkəs sazişinə münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistanın adı salındı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə sadəcə sənədə imza atdılar.

Ermənistanın planları baş tutmadı, hərçənd, ermənilər işğalçı kimi sevinir və hesab edirdilər ki, Azərbaycan torpaqlarının işğalı onlara xoşbəxt gələcək bəxş edəcək.

Heydər Əliyev atəşkəs sazişini imzaladıqdan sonra ilk olaraq ordu quruculuğuna başladı. Və Azərbaycanın tarixini dəyişəcək “Əsrin müqaviləsi”ni imzalamağa nail oldu. Bu, Qarabağ məsələsində də rəsmi Bakının mövqeyinin güclənməsinin başlanğıcı idi.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra erməni mediasına müsahibəsində bununla bağlı etiraflar edib.

“Balans 1997-98-ci illərdə pozuldu. Azərbaycanda Beynəlxalq neft konsorsiumu yarananda. Bundan sonra Əliyevin sözü dəyişdi. Lissabon sammitindən sonra masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi. Həmin bəyannamə müzakirə olunan zaman Vardan Voskanyan da orda idi, o bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Lissabona çatanda Voskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, “Cənab prezident, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum. Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Yəni onlar bildirmişdi ki, Əliyev bizə xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, xarici qüvvələrin köməyi hesabına öz məqsədlərinə çata bilərdi. Bundan sonra Əliyev danışıqlarda müəyyən razılığa gəldikdə bundan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”, – bəzi məqamları özünəməxsus formada təhrif etsə də, Levon reallığı dilə gətirib.

Bu, Heydər Əliyevin uzaqmənzilli strategiyasının tərkib hissəsi idi.

Azərbaycanı yenidən dirçəldən, daxildə sabitliyə nail olan, xaricdə mövqelərimizi gücləndirən Heydər Əliyevin ən mühüm strategiyası işğalçı ölkənin təcrid edilməsi idi. Bunu Ermənistanın siyasi cameəsi də zaman-zaman etiraf edir.

Erməni ideoloqlardan biri İqor Muradyan 2016-cı ilin “aprel döyüşləri”ndən sonra (həmin vaxt hələ yaşayırdı) verdiyi müsahibələrin birində 1998-ci ildə Heydər Əliyevin Türkiyə prezidenti Süleyman Dəmirəllə prinsipial görüşündən danışaraq, 20 il öncə işğalçı Ermənistana qarşı hazırlanmış planın Prezident İlham Əliyev tərəfindən israrla həyata keçirildiyindən və nəticələrin ermənilər üçün pis olacağından təəssüflə bəhs edirdi.

“Heydər Əliyevlə Süleyman Dəmirəlin görüşündə Türkiyə və Azərbaycan arasında gələcək strategiya hazırlandı. Bu strategiya iki ölkə arasında energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahəni əhatə edirdi. Həmçinin, Dağlıq Qarabağ münaqişənin həlli və ərazilərin qaytarılması üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanın təcridi davam etdirilir”, – Muradya danışırdı.

Heydər Əliyevin uzunmüddətli strategiyasını Prezident İlham Əliyev yeni dünya reallığına uyğun təkmilləşdirərək, davam etdirdi.

– Azərbaycan bölgənin həlledici aktoruna çevrildi;

– Ermənistan “oyundankənar vəziyyətə” salındı;

Artıq Heydər Əliyevin uğrunda mübarizə apardığı güclü Azərbaycan yaranmış, torpaqlarını azad edəcək səviyyəyə çatmışdı. Və 2020-ci ilin 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ilə Azərbaycanın işğal altındakı torpaqları azad edildi, cəmi 44 günə.

Bu, Heydər Əliyevin məğlubiyyəti dəyişdirəcək strategiyası, bu strategiyasını davam etdirən İlham Əliyevin Zəfərə aparan siyasətinin tarixi bəhrəsidir. Bu gün torpaqlarımız azad edildiyi üçün Heydər Əliyevin ruhu şaddır, çünki onun ən böyük amalı torpaqları işğaldan azad edilmiş güclü Azərbaycan idi və Prezident İlham Əliyev buna nail oldu
Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90