image-rt-reklam
image-cavansir-feyziyev-esas-yeni-1backend

“Ermənistan Zəngəzur dəhlizinə razı olmasa, sabitlik pozulacaq” – Cavanşir Feyziyevlə müsahibə

image-728x90

VI çağırış Milli Məclisin deputatı Cavanşir Feyziyevin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Antiterror əməliyyatlarının 1 ili tamam olur. Bu 1 ildə Azərbaycan, region ciddi şəkildə dəyişib. Cənubi Qafqazda 200 ildən sonra separatizmə, münaqişəyə, müharibəyə son qoyuldu. Amma Ermənistan istər çərçivə sazişini, istərsə də böyük sülh sənədini imzalamaqdan yayınır. Burada böyük güclərin pozucu fəaliyyətini qeyd etməmək mümkün deyil. Sizcə, Qərb sülh sazişinin imzalanmasını niyə istəmir? İstədikləri vaxt eskalasiyanın olmasını təmin etmək, yaxud Azərbaycanın bölgədə nüfuzunun daha da artmasının qarşısını almaq üçün?

– Doğrudan da keçənilki antiterror əməliyyatları regionda vəziyyəti ciddi şəkildə dəyişdi. Həmin dövr üçün bölgədə yaranmış status-kvonu geridönməz şəkildə dəyişdirdi və bölgədə sülhün bərqərar olunması üçün daha əlverişli şərait yaratdı. Deməzdim ki, Qərb bölgədə sülh yaranmasını istəmir. İnanıram ki, onlar da sülh yaranmasında maraqlıdırlar. Amma onlar sülhü bilavasitə özlərinin iştirakı ilə və onların da maraqları nəzərə alınmaqla istəyirlər. Burada toqquşan maraqlar həddindən artıq çoxdur. ABŞ başda olmaqla, kollektiv Qərb, Rusiya, İran hətta Çin və Hindistan da Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasında maraqlı tərəflər rolunda çıxış edirlər. Dövlətimiz üçünsə ilkin prioritet sülhyaratma prosesində Azərbaycanın, Türkiyənin və bütövlükdə türk dünyasının maraqlarını qorumaqdır. Üst-üstə düşməyən bu maraqların hamı tərəfindən qəbul edilən vahid bir nöqtədə uzlaşdırılması o qədər də asan məsələ deyil. Amma əminəm ki, Azərbaycanın və Türkiyənin birgə səyləri nəticəsində bu problem də öz həllini tapacaq.

– Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edildi. Bu təqvim hansı xüsusiyyətləri özündə daşıyır? Əhəmiyyətinə görə 28 May Müstəqillik Günündən öndə olacaq?

– Fürsətdən istifadə edərək sizi və oxucularınızı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirəm, xalqımıza daimi sülh və əmin-amanlıq arzulayıram. Dövlət Suverenliyi Günü ərazi bütövlüyümüzün və bütün ərazilərimiz üzərində suveren hüquqlarımızın tam şəkildə bərpa edilməsinin rəmzidir. Bu təqvimin ən ümdə özəlliyi ondan ibarətdir ki, Səfəvilər dövrü başa çatdıqdan sonra müəyyən tarixi proseslərin nəticəsi olaraq biz zaman-zaman yalnız torpaq itkisi ilə üzləşmişik. 200 ildən çox bir müddət ərzində hansısa ərazimizin geri qaytarılması faktı olmayıb. Bu baxımdan Qarabağın işğaldan edilməsi və bütün ərazilərimiz üzərində suverenliyimizin bərpa olunması doğrudan da tarixi hadisədir və onun təqvimdə xüsusi bir gün kimi qeyd edilməsi tamamilə məntiqlidir.

Amma tariximizdə siyasi əhəmiyyət kəsb edən hadisələr çox olub və heç şübhə etmirəm ki, əhəmiyyətinə görə 28 May Müstəqillik Günü xalqımız üçün daha böyük tarixi hadisədir. 1918-ci ildə Azərbaycan Respublikası adında türk dünyasının ilk respublikası qurulmasaydı, bizim tariximiz tamamilə fərqli ola bilərdi. Biz bugünkü Azərbaycan Respublikasının müstəqilliyindən və dünya birliyi tərəfindən tanınmış məlum ərazisindən və eləcə də həmin ərazinin işğala məruz qalmasından və azad edilməsindən danışa bilməzdik. Əsas olan ilk addım milli istiqlal və müstəqillikdir ki, babalarımız onu 1918-ci ildə qazanıb və əvəzsiz bir sərvət kimi gələcək nəsillərə ötürüblər. Müasir Azərbaycan Respublikası da həmin istiqlalın zəminində möhkəmlənib və rəsmən onun varisi hesab olunur. Dövlət Suverenliyi Günü isə ilk milli demokratik respublikamızın 106 illik tarixində şərəfli bir zəfər günüdür. Bu zəfərin qazanılması da dünya tarixinin Yeni dövründə bir əsrdən çox mövcud olmuş son dövlətçilik tariximizin, yəni respublika tariximizdə formalaşmış müstəqillik və vətənpərvərlik ənənələrinə əsaslanır.

– Ermənistan həm Qərbdən milyardlıq yardımlar alır, həm də Rusiya ilə ticarət dövriyyəsini 2-3 milyarddan 15 milyarda qaldırıb. Bu ziddiyyət necə izah edilir? Ermənistan uğrunda bir-biri ilə konfliktdə olan iki qütbün – Brüssel və Moskvanın İrəvana sevgisinin səbəbləri nədir? Yaxud belə deyək, Ermənistan necə olur ki, iki fərqli mərkəzlə bu cür yaxın münasibət qura bilir? Prosesin arxa planında nələr baş verir? Qərblə Rusiya Ermənistanı özlərinə çəkmək üçün kisənin ağzını açıb, yoxsa bu, qlobal planda razılaşdırılıb?

– Belə bir vəziyyətin qlobal planda razılaşdırılması fikri ilə razı deyiləm. Çünki hər iki qütbdən Ermənistana edilən yardımların məqsədləri bir-birinə diametral olaraq ziddir. Həm Ukrayna məsələsində, həm də Ermənistan məsələsində Qərblə Rusiyanın maraqları barışmazlıq diapazonunda yerləşir. Hər iki qütb geostrateji cəhətdən dünyanın çox vacib bir bölgəsində ən zəif halqanı tapmaq və onun üzərində regiona müdaxilə imkanları əldə etməklə daha geniş bir arelda, yəni Avrasiya miqyasında öz nüfuz dairəsini genişləndirməyə çalışırlar. Ermənistan isə bu kəskin ziddiyyətdən maksimum faydalanmağa çalışır. Lakin Ermənistanın o potensialı yoxdur ki, iki barışmaz qütb arasında öz geosiyasi müvazinətini qoruyub saxlaya bilsin. Odur ki, zaman-zaman Ermənistan iki qütbdən biri ilə toqquşmaya məruz qalır. Cənubi Qafqaz uğrunda mübarizə hələ qarşıdakı illərdə də davam edəcək və son nəticədə Azərbaycanla Gürcüstanın aparacağı beynəlxalq siyasət Ermənistana göstərilən bugünkü marağı əhəmiyyətli dərəcədə azalda bilər.

– Qlobal güclərin Zəngəzur intriqası böyüyür. Hamısı da Azərbaycanın əleyhinədir. Rusiya, İran, Avropa, ABŞ – kvartet yenidən Azərbaycana qarşı birləşmiş kimi görünür. Dəhliz məsələsində əsas söz sahiblərindən biri Çindir. Pekin bu cür qarışıq geopolitik vəziyyətdə dəhlizin açılması istiqamətində nə kimi təsirli tədbirlər görə biləcək? Azərbaycanın yaxın müttəfiqi Türkiyə hara qədər proseslərə təsir göstərmək iqtidarındadır?

– Zəngəzur dəhlizi obyektiv zərurətdir və onun reallaşacağına şübhəm yoxdur. İndi biz nə qədər ziddiyyətli mövqelər görsək də, əslində bu dəhliz çoxluğun maraqlarına cavab verir. ABŞ-ın da, Avropa Birliyinin də, Çinin də, Rusiyanın da bu dəhlizə ehtiyacı var. Zəngəzur dəhlizi hətta Ermənistanın da maraqlarına cavab verir. Çünki Ermənistan bu dəhlizə razı olmasa, gələcək onilliklər ərzində də təcrid olunmuş vəziyyətdə qala bilər ki, bu da onun iqtisadi çöküşünə və ictimai-siyasi sabitliyin pozulmasına zəmin yaradır. Hindistan və İran isə bu dəhlizi özlərinin hələ reallaşmamış Avropaya çıxış variantına güclü alternativ və rəqib olaraq görürlər. Onlar bizim həyata keçirməkdə olduğumuz Orta Dəhlizə alternativ və ya paralel olaraq Çin–Hindistan–İran–Ermənistan–Gürcüstan–Avropa marşrutunu gündəmə gətirirlər. Lakin ilk növbədə maliyyə təminatı və coğrafi amillərlə bağlı bu layihənin yaxın gələcəkdə reallaşması mümkün görünmür. Beləliklə, Çin, Rusiya və Qərblə bərabər Zəngəzur dəhlizinin açılmasında ən çox maraqlı olan tərəflər həm də Azərbaycan, Türkiyə və Mərkəzi Asiyanın türk dövlətləridir. Türkiyə Zəngəzur dəhlizinin açılması prosesində mühüm aktorlardan biridir və onun əlində dəhlizin açılması üçün Ermənistana qarşı kəsərli təsir mexanizmi var. Türkiyə Ermənistanla arasındakı sərhədlərin açılmasını və diplomatik münasibətlərin bərpası məsələsini birbaşa dəhlizin açılması ilə bağlaya bilər və hazırda məhz bunu da edir.

Lakin bütövlükdə götürdükdə, burada əsas məsələ dəhlizin açılıb-açılmaması deyil, onun kimin nəzarəti altında olmasıdır. Heç bir dövlət bu dəhlizdən istifadə prosesində Rusiyadan asılı vəziyyətə və ya onun nəzarəti altına düşmək ehtimalını qəbul etmək istəmir. Rusiya isə Zəngəzur dəhlizini özünün Qərbə çıxışı üçün yeganə vasitə kimi görür və buna görə də məhz bu məsələdə Ermənistan və İranla dil tapmağa çalışır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90