image-rt-reklam
image-1backend

Dehlini idarə edən türk qızı Raziyə Sultan: – Onu niyə vəliəhd elan etdilər?

image-728x90

Sultan Raziyə bəyim Dehli sultanı Şəmsəddin Eltutmuşun (1211-1236) Türkan Xatundan (bəzi mənbələrdə Terken) olan qızıdır.

Məlumata görə, Şəmsəddin Eltutmuş 1233-cü ildə Raziyəni vəliəhd təyin etdiyini bildirən bir fərman hazırlamağı əmr edir. Lakin Sultana yaxın olan türk məlikləri “səltənətə layiq oğulları var ikən bir qızın islam mülkünə vəliəhd edilməsinin hikməti nədir?” deyə etiraza qalxırlar.

Vəzirlər bir qadının ordu başçısı olmayacağını, qadınlarla kişilərin birlikdə yaşamasını əngəlləyən din prinsipləri çərçivəsində Raziyənin xalq tərəfindən qəbul edilməyəcəyini bildirir. Ancaq Eltutmuş bu etirazlara məhəl qoymur və “Mənim oğlanlarım öz zövqlərinə düşkündür. Heç birində məmləkət idarə edəcək qabiliyyət yoxdur. Raziyə qadındır, amma zəkası və uzaqgörənliyi ilə qardaşlarından üstündür” – deyir.

1236-cı ildə Şəmsəddin Eltutmuş vəfat edir və vəzirləri Raziyəni hakimiyyətə gətirmək istəmirlər. Onlar Eltutmuşun oğlu Firuz şahı hökmdar elan edirlər. Firuz şah nəzakətli, comərd, lakin həddindən artıq israfçı idi. Atasının da bildirdiyi kimi, dövləti idarə edə biləcək gücə sahib olmayan Firuz şah əyləncəyə aludə olur, xəzinəni boşaldır, dövlət idarəsi tamamilə bir xaos vəziyyətinə sürüklənir.

Atasının mülkünün qardaşı tərəfindən dağıdıldığını görən Raziyə dövləti yalnız onun xilas edəcəyinə vəzirləri inandırır. Taxta çıxar-çıxmaz imperiyanın qərb vilayətlərində üsyanla qarşılaşır. Şiə radikallarından ibarət üsyankarlar Dehlidəki məşhur Cümə məscidinə basqın edərək, müsəlmanları qətlə yetirirlər. Raziyə sultan şəxsən özü hərəkətə keçərək üsyanı yatırtmağa müvəffəq olur.

Bir neçə məlik öz aralarında anlaşaraq Raziyənin hakimiyyətini tanımırlar. Lakin Raziyə sultan ordusu ilə onların üstünə gedib, hamısına məğlub edir. Beləliklə Hindistandakı mahal hökmdarları Raziyə sultana tabe olurlar.

Raziyə sultan bu dəfə hindlilərin tutduğu Bədənpur üzərinə yürüş edir. Hindlilərə qalib gələrək burdakı müsəlmanları xilas edir.

O, hakimiyyət başına keçər-keçməz Firuz şahın zamanında əməl edilməyən qanun və adətləri yenidən bərpa edir. Beləcə yeni bir sülh və hüzur dövrünü başlatmış olur.

Raziyə sultan Dehli türk dövlətinin ən böyük hökmdarı olduğu kimi, hind-türk tarixinin də ən əhəmiyyətli şəxsiyyətlərindən biri kimi qəbul edilir. Hərbi və siyasi dühası ilə yanaşı, heç də gözardı edilməyəcək şəkildə şeir yazma qabiliyyətinə malik idi. Onun “Şirini-Dəhləvi” və ya “Şirini-Gün” təxəllüslər ilə yazdığı qəzəlləri dövrünün türk-fars ədəbiyyatının ən gözəl örnəkləri kimi qəbul edilir.

Raziyə bəyimin parlaq müvəffəqiyyətləri ilə yanaşı, yol verdiyi xətaları onun kədərli sonunu hazırlayır. Onun ömrü səltənəti kimi qısa olur. Belə ki, Raziyə xanım taxt-tacını qoruya bilmək üçün mühüm mövqelərə özünə yaxın bildiyi insanları gətirir. Həbəş əsilli Yaqut onun ən yaxın adamına çevrilir. Bu isə türk bəylərinin narazılığına səbəb olur. Üstəlik, bəylər qadın libası geyinmədiyi, kişilər kimi cübbə geyinib üzüaçıq şəkildə filə minərək xalq arasında dolaşdığı üçün Raziyə bəyimi tənqid edirlər. Buna görə də ona qarşı çıxanlar çoxalmağa başlayır.

Raziyə müxaliflərdən bəzilərinə məqam və mövqe verərək aralarındakı əməkdaşlığın qarşısını alacağını zənn etsə də, yanılır. 1240-cı ildə türk bəyləri Yaqutu öldürürlər. Raziyə bəyim isə həbs edilərək bir qalaya salınır. Onun yerinə hakimiyyətə qardaşı Bəhram şah gətirilir.

Raziyə bəyim qalada saxlanıldığı müddətdə gözəlliyi ilə təsiri altına aldığı bəylərdən biri Məlik Altunayla evlənir. Ərinin ordusuna xalqın içindəki könüllüləri də qataraq Dehliyə doğru yürüş edir, ancaq məğlub olur. Əri yürüş zamanı ölür. Ordusu onu tərk edir. Raziyə səhrada yorğun, ac və susuz vəziyyətdə qalır.

Bir hindli kəndlisi üstündəki qiymətli paltarlara görə Raziyə bəyimi öldürür və onu tarlada basdırır. Lakin bir müddət sonra cəsədini tapıb, dini mərasimlə yenidən, həmin yerdə dəfn edirlər.

Raziyə bəyimdən sonra altı əsr boyunca o taxta heç bir qadın oturmadı: ingilis kraliçası Viktoriya gələnə qədər…

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90