“Prezident İlham Əliyevin bir neçə gün əvvəl oktyabrın 17-də “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü hər birimizin qəlbini qürur hissi ilə doldurdu”.
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkilinin sözlərinə görə, hər kəs gördü ki, bu gün Füzulinin yeni siması göz oxşayır. İşğaldan azad olunmuş bütün ərazilərdə yenidənqurma işləri aparılır:
“Füzuli tamamilə yenidən qurulur. Aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq. Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda Füzuli rayonunda 22 min, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın yaşamasını planlaşdırırıq.
Qeyd etmək lazımdır ki, işğal dövründə bəziləri, xüsusilə xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Lakin bu gün görürük ki, Füzulililərin gənc nəsli də öz doğma torpağına getməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, onu göstərir ki, biz öz doğma diyarımıza bağlı xalqıq”.
Deputat qeyd edib ki, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib:
“Ağdamda, Zəngilanda və digər şəhərlərdə bütün layihələrimiz təqdim edilib. Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. Bizim bütün şəhərlərimiz Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsini icra edirik. Burada rahat yaşamaq üçün bütün infrastruktur, şərait var”.
Jalə Əhmədova onu da deyib ki, Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir:
“Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan erməni vəhşiliyi görəcəkdi.
Tarixən Azərbaycan və erməni xalqı hər zaman yanbayan yaşayıb. Lakin Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir.
Bu gün Füzuli şəhərinin özünəməxsus məşğulluq imkanları var. Kəndlərdə yerləşən və yerləşəcək vətəndaşlar, ənənəvi məşğulluqla məşğul olacaqlar, dövlət isə öz tərəfindən onlara texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə kömək göstərəcək. Özünüməşğulluq proqramı icra ediləcək ki, bütün ərazilərdə həyat qaynasın. Müəyyən müddətdən sonra isə Qarabağ Azərbaycan iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcək.
Bu gün Füzulinin timsalında işğaldan azad olunmuş torpaqlarımızın yeni simasını görəndə bir daha şəhidlərimizin ruhları qarşısında baş əyirik, onları heç vaxt unutmur və unutmayacağıq. Çünki biz bu sevincli, qürurlu günlərə onların şücaəti və fədakarlığı sayəsində qovuşmuşuq”.