Ötən il Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı 8 305 nəfər olub, onun da 1 121-i süd vəzisi xərçənginin payına düşüb. Ölənlərin 30 %-i 0-39 yaş aralığında olanlardır.
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının sabiq baş həkimi Nəsimi Qasımov bildirib ki, bölgələrdə onkoloji xidmət mərkəzlərinin bir neçəsi ləğv olunub və şöbə kimi fəaliyyət göstərir. O qeyd edib ki, ölkə üzrə 40 faiz onkoloq ştatı boşdur, bu da xərçəng növlərinin erkən aşkarlanmasını gecikdirir:
“Hesab edirəm ki, region sayına görə belə mərkəzlər mütləq olmalıdır. Avadanlıq və dərman təminatı sahəsində müəyyən boşluqlar var. Bundan başqa, televiziyalar adətən həkim reklamları ilə məşğul olur. Amma heç biri skriniq haqqında bir material hazırlamır. Ona görə də əhali arasında maarifləndirmə zəifdir”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Modern.az-a açıqlamasında deyib ki, ölkəmizdə son illərdə rəqəmlərə də baxdığımız zaman onkoloji xəstəlikdən əziyyət çəkən insanların sayının artımını görə bilərik.
“Bunun ən böyük səbəbləri ümumiyyətlə dünyada inkişafla birlikdə insan sayının artması, süni qidalara üstünlük verilməsi, qidalarda istifadə olunan maddələrin insan səhhəti üçün təhlükə yaradan maddələrin çoxluq təşkil etməsi, bəzən ölkələrə idxal olunan malların keyfiyyəti, stress, hava çirklənməsi və bir çox problemlər dünyada və eləcədə ölkəmizdə onkoloji problemlərin artmasına səbəb olur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra ölkəmizə daxil olan qidalara nəzarət istər tarladan istehlakçıya qədər gedən mərhələ demək olar ki, nəzarət altındadır”.
Rəşad Mahmudovun sözlərinə görə, son 3-5 ildə görünən artımın səbəbi 15-20 il əvvəl yediyimiz qidalardır.
“Sovetlər birliyi dağıldıqdan sonra onlara nəzarət sadəcə bizim ölkəmizdə deyil, bir çox ölkələr üçün çətin, imkansız idi. Bu şəraitdə xüsusilə bədən üçün zərərli olan yağların istifadəsi problemlər yaradır.Tədqiqatlar göstərir ki, hazır qidalardan olunması insanda metobalik, ürək-damar xəstəlikləri, eləcə də xərçəng üçün səbəb yaratmaqdadır”.
Millət vəkili xəstəliklə mübarizədə ötən illərlə müqayisədə müyyən irəliləyişlər olduğunu bildirib.
“Milli Onkologiya Mərkəzinin dünyada ən yüksək səviyyədə qəbul olunmuş texnoloji imkanlarla istifadəyə verilməsi bu xəstəliklərlə mübarizədə əvvəlki illərlə müqayisədə uğurlar qazanmağımıza səbəb olub. Amma hər nə qədər uğur qazanmış olsaq, bu sahəyə diqqət artırılsa belə əfsuslar olsun ki, bu gün sayın əvvəlki illərə görə gündən-günə çoxalması bu xəstəliklə mübarizəd bəzi problemlər yaradır. Bunların başında bu gün istifadə olunan müalicə və müayinə üsullarının çox bahalı olması, xərçəng müalicəsində istifadə olunan terget terapiya deyilən hədəf hüceyrəyə təsir edən dərmanların əvvəlki illərdə istifadə olunan kompterapiv dərmanlara görə on dəfələrlə daha baha olması, dünya bazarında bahalaşmanın artması bu xəstəliklə mübarizədə ölkə səhiyyəçiləri və xəstələr üçün çətinliklər yaradır.
Düşünürəm ki, 2024-cü ilin büdcə müzakirələrində xərçəng xəstəliyi üçün ayrılan dövlət büdcəsinin əvvəlki illərlə müqayisədə artırılmasına ehtiyac olduğunu gündəmə gətirərək buna ayrılan vəsaitin artırılmasına nail olacağımız arzusunda və ümidindəyik.
İstər xərçəng xəstəliyi ilə əlaqəli müalicədə dövlət proqramındakı rəqəmlərin artırılması, ikinci vacib məsələ xərçəng xəstəliyinin yaradıcılarından biri olan şəkərli diabetlə mübarizədə dövlət proqramlarındakı həcmlərin bugünkü xəstə potensialına və dünyadakı dərmanların qiymətləri.nə uyğun şəkildə artırılmasına ehtiyac olduğu düşüncəsindəyəm. Mən əminən ki, bu gün Azərbaycanda aparılan səhiyyə islahatları, eləcə də icbari tibbi sığortanın başlanması ilə birlikdə səhiyyəyə ayrılan maliyyənin dəfələrlə artması bizim var olan problemlərin həllində də uğurlar qazanmağımıza kömək edəcək”.
Cərrah-onkoloq Afət Cabbarova isə saytımıza açıqlamasında bildirib ki, ölkəmizdəki mövcud durum, ölüm sayının bəzi şiş növlərində daha çox olması xsətələrin gecikmiş müraciəti ilə bağlıdır.
“Statistikanı da araşdırsaq görərik ki, həm süd vəzində, həm də əksər şiş növlərində belədir. Erkən aşkarlanma çox zəif səviyyədədir. Bildiyimiz kimi, xərçəngin müalicəsinin nəticəsinin ən vacib göstəricisi olan yaşamadır. 5illik, 10 illik. Biz o rəqəmlərlə yola çıxırıq. Gecikmiş mərhələdə müraciət etdikdə 5-10 illik ehtimallar da aşağı olur.
Gecikmiş müraciətlərin birinci səbəbi maariflənmədir, əhalinin xərçəngə qarşı olan xofudur. Müalicəolunmaz, sağalmaz xəstəlik kimi yanaşırlar. Öz təcrübəmdən deyə bilərəm ki, gecikmiş xəstə müraciətləri olmayan gün olmur. Bu çox yayılmış şiş xəsətliklərində belədir. Erkən aşakarlanma 90% hallarda 5 illik yaşam şansı verir, gecikmiş mərhələdə müraciət etdikdə faizlər aşağı düşür”.
Afət Cabbarovanın sözlərinə görə, onkoloq sayının az olması da bu xəstəliklə mübarizəni çətinləşdirir:
“Xüsusilə rayonlarda, əhalinin maariflənməməsi, yetərli avadanlığın olmaması problemə təsirini göstərir. Heç bir şikayətlərinin olamamasına baxmayaraq, insanlar şüurlu şəkildə rutin kontrol müayinələrə getməlidirlər. Hər pasiyentdə fərqli yanaşma olur. Hansı müayinənin aparılması bir çox səbəbə əsasən təyin olunur.
Süd vəzidə mamaqrafiya, yoğun bağrsaqda 45 yaşdan yuxarı insanlar heç olmasa bir dəfə kolnoskopiya keçməlidir və s. Bu proseslər vaxtında təyin olunmur, müalicəsi aparılmır”.