Yəqin xatırlayırsız, Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən olaylara görə bir sıra məmurları, o cümlədən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi sərt tənqid etdi.
Prezident bildirdi ki, Gədəbəy rayonunda baş vermiş hadisə tamamilə qəbuledilməzdir:
“Mən hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən azı səhlənkarlığa yol verib, nəzarətsizlik nümayiş etdirib, passiv müşahidəçi kimi çıxış edib və bunun nəticəsində xarici investor bizim təbiətimizi zəhərləyib”.
Söyüdlü sakinlərinin şikayətlərinə toxunun dövlət başçısı qeyd etdi ki, insanlar haqlı olaraq öz etiraz səsini ucaldıblar:
“Amma onların səsinə baxan olub? Yox! Bir gün, iki gün, üç gün, beş gün, hara baxırdı Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Bilmirdimi ki, belə problem var? Ya bilirdi gözünü yumurdu, ya da bilmirdi. Hər ikisi qəbul edilən deyil”.
Prezidentin həmin çıxışından sonra gözlənilirdi ki, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev sərt tənqidlərdən nəticə çıxaracaq və nazirliyin işində ciddi keyfiyyət dəyişikliyi baş verəcək. Artıq o tənqidlərdən 4 aya yaxın vaxt keçib. Bəs, dəyişikliklər varmı? Nazirin fəaliyyətində müsbət istiqamətdə hansısa dönüş hiss olunurmu?
Gəlin, Ekologiya Nazirliyinin fəaliyyət istiqamətlərini, cavabdeh olduğu çoxsaylı sahələri sadalamayaq, elə ətraf mühitin mühafizəsi, konkret olaraq, meşələrin qırılması məsələsi üzərində dayanaq. Ötən 4 ayda bu istiqamətdə hansı ciddi tədbirlər görülüb? Ümumiyyətlə, cənab Muxtar Babayev bu müddət ərzində kabinetindən çıxıb günü-gündən qırılıb seyrəkləşən meşələrimizdə olubmu? Bu ilin iyulundan bəri Söyüdlüdə ikinci süni gölün yaradılmayacağı haqda məlumat istisna olunmaqla, nazirlik ətraf mühitin mühafizəsi istiqamətində hansı addımları atıb?
Nazirliyin rüblük hesabatları olmadığından (olsa belə, mətbuata açıqlanmır) bu suallara cavab vermək üçün yeganə mənbə onun mətbuat xidmətinin gündəlik məlumatlarıdır. Bu press-relizlərdə isə təəssüf ki, əksər hallarda faktiki hava, atvosfer havasının keyfiyyəti, hansısa ictimai dinləmələr və s. haqqında məlumatlar yer alır. Nazirlik Durna günü, Qoruq günü kimi təqvim bayramları haqda məlumat paylaşmaqla işini bitmiş hesab edir. Halbuki, meşələrin qırılması bilavasitə yay ayları və payızın əvvəllərində baş verir ki, məntiqlə yayılan məlumatlar arasında bu mövzuda xəbərlər üstünlük təşkil etməlidir. Olmaya, Azərbaycanda meşələr qırılmır? Bəlkə buna görə ETSN bu barədə susur?
Əlbəttə, belə deyil. Yay mövsümü məhz Müdafiə Nazirliyi, Sərhəd Xidməti hərbi hissələrinin, məktəb, xəstəxana və s. müəssisələrin, eləcə də təbii qazın olmadığı kəndlərdə əhalinin odun tədarükü gördüyü mövsümdür. Bəli, dövlət müəssisələri bu tədarükü müvafiq sənədləşmə əsasında, icazəli şəkildə həyata keçirir. Bəs, on minlərlə kənd əhalisi bu məsələdə qanunun tələblərini yerinə yetirirmi? Bunun üçün sakinlər müvafiq icazə alırmı? Onlar odun tədarükünü məhz meşələrdə bu məqsədlə təyin olunmuş ərazilərdən həyata keçirimi? Təəssüf ki, yox. Əksər yerlərdə bu məsələ ilə bağlı xaos hökm sürür. Lerik, Yardımlı, Masallı, Cəlilabad, Oğuz, Qəbələ rayonlarında meşə sahələri sürətlə seyrəkləşir. Bu proses illərdir davam edir. Nazirlik isə saxta statistika təqdim etməklə işini bitmiş hesab edir. İnzibati cəzalar, tətrib olunan akt və protokollar kəsilmiş çoxillik, nadir, hətta Qırmıza Kitaba düşən ağacları geri qaytarırmı? Ümumiyyətlə, niyə ETSN illərdir səbəblə yox, nəticə ilə mübarizə aparır. Yalnız hardasa yaşıllıqlar məhv ediləndən sonra bundan xəbər tutur və inzibati tədbirlərə əl atırlar. Bəs, onda nazirliyin yerli strukturları nəyə lazımdır? Əgər bu cinayətlərin qarşısı vaxtında alınmırsa, iş-işdən keçəndən (ağaclar qırılandan) sonra polis, prokurorluq, məhkəmə iş açırsa, o zaman nazirliyin yerli strukturlarının funksiyası nədən ibarətdir?
Son illər ETSN meşələrin qırılmasına görün necə haqq qazandırır: Odun tədarükü meşələrin qanunsuz qırılması demək deyil! Bəli, bu yaxınlarda nazirliyin yaydığı açıqlamada məhz belə deyilirdi. Yəni, meşələr qanuni qırılır! Qanuni, yaxud qanunsuz, fakt, nəticə ondan ibarətdir ki, Azərbaycan ərazisibib cəmi 11 faizini təşkil edən qiymətli sərvətimiz – meşələrimiz günü-gündən qırılıb tükənməkdədir. Digər tərəfdən, hər il rayonlarda odun tədürükü üçün kəsilən ağacların əvəzinə yeniləri əkilirmi? Təəssüf ki, bu suala da müsbət cavab vermək mümkün deyildir. Meşələrin bərpası prosesi də Nazirliyin Müşfiqabad qəsəbəsində ağacəkmə kampaniyası kimi aparılır. Yalnız kampaniya, statistika xətrinə. Əkildi, vəssalam. O əkilən ağaclar böyüyəcək, yoxsa quruyacaq, burası maraqlı deyil. Statistika lazımdır, vəssalam! Sanki Azərbaycanda ETSN yoxdur, iki Statistika Komitəsi var!!!bakupost.az