image-2000x150
image-1backend

YENİ QAYDALAR YENİ PROBLEMLƏR YARADIB – “Bu tariflər müəyyənləşdirilərkən Azərbaycan reallığı nəzərə alınmalı idi”

image-728x90

Məlum olduğu kimi, ötən il iyulun 25-dən etibarən Nazirlər Kabineti Bakı, Sumqayıt və Gəncə şəhərlərində “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği” ilə bağlı müvafiq qərarı təsdiq edib. Bu qərarla qüvvəyə minən yeni qaydalara əsasən, paytaxtda 5 parklanma zonası (“Mərkəz”, I, II, III və IV) müəyyən edilib. Yeni tariflərə görə, vətəndaşlar hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 70 qəpik, II zonada 40 qəpik, III zonada 30 qəpik vəsait ödəyirlər. IV zonada isə parklanma ödənişsizdir.

“Yol hərəkəti haqqında” Qanuna edilən dəyişikliyə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklanarsa, ödəniş tam məbləğdə hesablanır. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri ödəniş tələb olunmur.

Digər tərəfdən parklanmaya görə ödənişlər yalnız nağdsız formada (mobil tətbiq, sms və ödəmə terminalı vasitəsilə-red.) qəbul olunur. Parklanma qaydalarına əməl etməyən şəxslər isə 10 manat məbləğində cərimə olunurlar.

Qeyd edək ki, yeni qaydalar bir neçə aydır tətbiq olunmasına baxmayaraq, paytaxt sakinləri arasında böyük narazılığa səbəb olub. Narazılıq doğuran əsas məqamlardan biri parklanma yerləri ilə bağlıdır.

Belə ki, sözügedən qərardan və qanuna edilən dəyişiklikdən sonra ödənişli parklanma yerlərində çalışan insanların parkinq xərcləri xeyli artıb. Çünki çalışdığı müəssisədə yeraltı parklanma yerləri olmayan vətəndaşlar məcbur qalıb avtomobillərini küçədə saxlayırlar. Bu zaman paytaxtın mərkəzi hissəsində 8-10 saatlıq iş rejimində çalışan bir vətəndaş gündəlik 8-10 manat civarında parklanma haqqı ödəməli olur. Başqa sözlə, vətəndaş ay ərzində parkinq xidməti üçün 200-250 manat vəsait ödəyir ki, bu da minimum əməkhaqqının 340 manat olduğu bir ölkədə kifayət qədər yüksək bir məbləğ hesab olunur. Bu cür problemlə üzləşən şəxslər onlar üçün xüsusi güzəştlərin tətbiq edilməsini istəyirlər.

Lakin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) vətəndaşlarla eyni fikirdə deyil. Sözügedən məsələ ilə bağlı qurumdan bildirilib ki, mövcud qanunda ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.

Digər narazılıq doğuran məqam isə yeni sistemdən istifadə zamanı vətəndaşların üzləşdikləri bir sıra çətinliklərlə bağlıdır. Belə ki, ödənişlər yalnız 3 formada – mobil tətbiq, sms və ödəmə terminalı ilə qəbul olunur. Smartfon tipli mobil telefondan istifadə etməyi bacarmayan vətəndaşlar sözügedən sistemin onlar üçün “baş ağırısına” çevrildiyini bildirirlər.

Digər tərəfdən parklanma yerlərində ödəmə terminalları quraşdırılmayıb. Bu zaman insanlar məcburən 15 dəqiqə ərzində yaxınlıqda market və ya mağaza tapmalıdır ki, cərimə olunmasın.

Vətəndaşın sms xidmətindən istifadə edərək parklanma haqqını necə ödəyəcəyi ilə bağlı isə ətraflı məlumat yoxdur. Açığı internet resurslarında, həmçinin qurumun açıqlamalarında da bununla bağlı hər hansısa bir məlumata rast gəlmədik. Lakin gerçəklik budur ki, son bir neçə ay ərzində yuxarıda göstərilən və onlardan asılı olmayan səbəblərə görə, vətəndaşlar haqsız olaraq kütləvi cərimələrlə üzləşiblər.

AYNA hər nə qədər rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız formada həyata keçirilidyini, paytaxtdakı sıxlığın azaldıması üçün yeni parklanma sisteminin yaradıldığını bildirsə də, faktiki olaraq bu sistemin o qədər əlaçatan olmadığı aşikardır.

Bu barədə nəqliyyat eksperti İlqar Hüseynli də “AzPolitika.info”-ya şərhində bildirib ki, tətbiq olunan yeni qərar və qanuna edilən dəyişiklik vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanıb:“Əslində mövcud problem təkcə şəhərin mərkəzində çalışan insanları əhatə etmir. Bu tariflər şəhər kənarından ailəsi ilə birlikdə mərkəzi yerlərdə istirahətə yollanan insanların da büdcəsinə uyğun deyil. Öz praktikamdan deyə bilərəm ki, ay ərzində şəhərin mərkəzi yerlərində keçirilən müxtəlif tədbirlərdə, konfranslarda iştirak edirəm. Bəzən ay ərzində 6-7 saat davam edən 10-a yaxın tədbirimiz olur. Bu zaman aylıq 60-70 manat civarında parkinq haqqı ödəyirik. Sözsüz ki, bu, çox böyük rəqəmdir. Bu tariflər müəyyənləşdirilərkən Azərbaycan reallığı, insanlarımızın büdcəsi nəzərə alınmalı idi”.

Ekspert qeyd edir ki, dünyanın hər yerində, xüsusən də biznes mərkəzləri sıx olan ərazilərdə özəl parkinq binaları var və insanlar aylıq kartlar və güzəştli şərtlərlə bu xidmətdən yararlana bilirlər.

İ. Hüseynlinin sözlərinə görə, mövcud parkinq tariflərinə yenidən baxılmalıdır:“Artıq edə biləcəyimiz bir şey yoxdur. Çünki qanun bu formada qəbul olunub. Ancaq bütün hallarda vətəndaşlarımız haqlıdır. Düşnürəm ki, burada müxtəlif güzəştlər tətbiq olunmalıdır. Tariflərə yenidən baxmaq, qiymətləndirməni müxtəlif səpkili müzakirələr əsasında formalaşdırmaq olar. Bugünkü gündə parkinqin saatının 50 qəpikdən artıq olması vətəndaşların büdcəsi üçün əlçatan deyil”.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90