image-rt-reklam
image-1backend

Toy biznesi çöküşdə

image-728x90

Hər binanın qarşısında toy korteji düzülür, “Vağzalı” çalınırdı. Tez-tez açıq məkanda fotosessiya etdirən bəy-gəlin görürdük. Təbii ki, bu da toy biznesini ən gəlirli sahəyə çevirirdi. Koronavirus (COVİD-19) pandemiyası zamanı ölkədə toyların keçirilməsində müəyyən qədər fasilə yarandı. Nəticədə bu biznesə pul yatıran sahibkarlar ciddi problemlərlə üzləşdilər.

Ardınca toylara qadağa aradan qaldırılsa da, sanki toy sektoruna müəyyən düzən gəldi. Xüsusən də qonaqların sayı azaldı. Son zamanlar isə toy biznesinin iştirakçıları vəziyyətdən gileylənməyə başlayıblar.

İqtisadçı ekspert Natiq Cəfərli “Cebhe.info”ya açıqlamasında bildirib ki, şadlıq saraylarında toyların azalması demoqrafik amillərlə də bağlı ola bilər: “Çünki bizdə hər zaman dalğavari demoqrafik sistem təşkil olur. Yəni evlənənlərin sayının azalması toyların da sayının azalmasına səbəb olur. Çünki mənzil problemi, sosial problemlər evlilik yaşını artırıb. Əvvəllər evlilik yaşı 23-27 idisə, indi daha gec yaşları əhatə edir. Sosial-iqtisadi problemlərin olduğu bir şəraitdə evlənənlərin də sayının azalması müşahidə edilir”.

Ekspert deyib ki, bunun digər bir səbəbi də gənclərin oxumaq üçün xarici ölkələri seçmələridir: “Belə gənclərin sayı artır və bu vəziyyət ehtimal ki, toyların azalmasına da təsirsiz ötüşmür”.

Məsələ ilə bağlı  olaraq bir neçə şadlıq evi ilə əlaqə saxladıq. Bildirildi ki, ümumiyyətlə, son bir ildə toy müraciətlərin sayı xeyli azalıb.

Bəs toy biznesində niyə böhran yaranıb?

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu danışıb. Ekspert son vaxtlar boşanmaların sayının kəskin artmasına diqqət çəkib: “Statistikaya görə, son vaxtlar boşanmaların sayı təxminən 50 faiz civarındadır. Bu o deməkdir ki, hər evlənəndən ikisi boşanır. Bu, çox təhlükəli vəziyyətdir və gəncləri də qorxudan, evlənməkdən çəkindirən amillərdən biri elə budur. İkinci faktor isə ondan ibarətdir ki, insanların həyat haqqında təsəvvürləri dəyişib. Əvvəllər insanlar düşünürdülər ki, yaş dövrü gəlib çatanda evlənmək mütləqdir, çünki bu həyatın vacib amilidir. İndi bu barədə təsəvvürlər dəyişib. Həmçinin artıq ölkədə gənclərin də sayı azalmağa başlayıb. Gənclər daha çox öz karyeralarını düşünür, özlərinə yaşayış şəraiti qurmağa çalışırlar. Əvvəllər gənclər düşünürdü ki, evlənəndə xanımını evə gətirəcək, ata-anası ilə birgə yaşayacaqlar. Amma indiki gənclər ayrı evdə yaşamaq istəyir. Yeni ev almağa isə əksər gəncin imkanı yetmir. Yəni artıq insanların həyat tərzi, dünyagörüşü dəyişib. Əvvəlki kimi ailəni həyatın ən vacib hissəsi kimi qəbul etmirlər.

Evlənənlərin sayı azaldıqca, yeni doğulan uşaqların da sayı azalmağa doğru gedir. Hesab edirəm ki, bu məsələyə vaxtında müdaxilə etməli, fikir formalaşdırmalıyıq, ya da ki, öz axarına buraxmalıyıq. Lakin belə olduqda bizi yaxşı nəticələr gözləmir”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, toy biznesində durğunluğun yaranması gözlənilən idi: “Hesab edirəm ki, pandemiya olmasa idi, bu durğunluq 5-10 il sonra ola bilərdi, amma pandemiya bu prosesi tezləşdirdi. Durğunluğun yaranma səbəblərində gəldikdə, əvvəllər trendə çevrilmiş toy ənənələri sanki insanlarda bir psixoloji öhdəlik yaratmışdı. Yəni qəribə səslənsə də insanların sanki bir-biri ilə yarışa girərək, digərindən geri qalmamaq naminə atdıqları addımlar toy biznesini bu qədər şişirtmişdi. Lakin pandemiya səbəbindən yaranmış fasilə insanların öz üzərinə yüklədikləri psixoloji öhdəlikləri aradan qaldırdı. Digər faktorlardan biri də insanların bu məsələyə baxışının kütləvi şəkildə dəyişməsi oldu. Eyni zamanda qlobal iqtisadiyyatda baş verən böhranlar da nəticə etibarı ilə toy biznesinə ciddi şəkildə təsir etdi. İnflyasiya qiymətlərin, xərclərin artmasına gətirib çıxartdı, bu da durğunluq yaratdı. Bütün bunların üzərinə bir faktoru da əlavə edək ki, ailə institutunun yaxşı olmayan istiqamətdə inkişaf etməsi də nəticədə toyların sayına öz mənfi təsirini göstərməyə başladı”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90