image-rt-reklam
image-bcad79ee-a294-4c8d-9400-718f350c47c3backend

PAŞİNYAN PUTİNƏ AÇIQ SAVAŞ AÇIR – Qarşıda Ermənistan–Rusiya “müharibəsi” gözlənilir?

image-728x90

Ermənistan-Rusiya münasibətləri demək olar, ən kritik dövrünü yaşayır. Bu günlərdə rəsmi İrəvanın atdığı addımlar, Paşinyan hakimiyyətindən verilən bəyanatlar “müttəfiqlərin” az qala düşmənə çevrildiyini göstərir.

Əlbəttə, münasibətlərdəki gərginlik bu gün yaranmayıb, 2018-ci ildə Ermənistanda inqilabla hakimiyyətə gələn “qərbpərəst” Nikol Paşinyan komandası tədricən ABŞ və Avropa İttifaqı ilə əlaqələri dirçəltməyə başlayıb. İrəvanın xarici siyasət kursunda baş verən dəyişiklikləri özünün bölgədəki maraqlarına təhdid sayan Kreml isə Ermənistan iqtidarını sərt təzyiq altında saxlamağa çalışırb.

Paşinyan komandası 2020-ci ildə Azərbaycanın qələbəsi ilə bitən müharibədəki acı məğlubiyyəti daim Rusiyanın ayağına yazmağa cəhd edir. Ermənistan rəsmiləri davamlı şəkildə bildirilər ki, Rusiya öz öhdəliklərini yerinə yetirməyərək onları güclü Türkiyə-Azərbaycan ittifaqının qarşısında tək buraxdı və məqsəd erməni cəmiyyətini, onun dəstəklədiyi Paşinyan iqtidarını cəzalandırmaq idi. (Əslində, Paşinyanın dedikləri anti-Rusiya propoqandasıdır. 44 günlük müharibə dövründə Rusiya Ermənistana fəal hərbi yardım edib, Azərbaycan ordusunu dayandırmaq üçün İranı bölgəyə hərbi müdaxilə etməyə təhrik edib, nəhayət, Azərbaycanın qəti qələbəsinin qarşısını almaq üçün öz hərbi kontingentini Qarabağa yeridib və s.) İrəvanda müharibədən sonra Ermənistanda müxalifətin yaratdığı siyasi böhranı, Paşinyanın növbədənkənar seçkilərə məcbur edilməsini də Rusiyanın çevriliş planlarına daxil edirlər.

Rusiya-Ermənistan münasibətlərindəki mövcud böhrana gəldikdə, son günlər baş verən qarşılıqlı ittihamlara qısaca nəzər yetirməyə ehtiyac var:

Baş nazir Nikol Paşinyan, spiker Alen Simonyan, Xarici İşlər naziri Ararat Mirzoyan Azərbaycanın Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurmasına görə Rusiyanı ittiham edirlər. Moskva isə bu günlərdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın dili ilə bəyan etdi ki, Laçın yolundakı mövcud vəziyyət Ermənistanın Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımasının nəticəsidir(?). Zaxarova daha sonra bildirib ki, Ermənistanın kənar qüvvələri bölgəyə gətirmək cəhdləri də mövcud situasiyanın yaranmasının əsas səbəblərindən biridir.

Bu bəyanata Ermənistan parlamentinin spikeri Alen Simonyan kəskin reaksiya verib. O, bildirib ki, Ermənistandan əvvəl Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Simonyan Moskvanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini əlavə edib.

Sentyabrın 1-də Ermənistan hökumətinin Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) Roma Statutunun ratifikasiyası layihəsini parlamentə göndərməsi isə Rusiya üçün əsl sürpriz oldu. Xatırladaq ki, bu sənədi ratfikasiya edən ölkələr BƏM-in qərarlarını icra etməyə məcburdurlar. Sözügedən qurum isə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada törədilən cinayətlərə görə həbs olunması barədə qərar çıxarıb. Hələ iyun ayında – İrəvanın bu niyyəti barədə xəbərlər yayılanda Moskvadan bu məzmunda xəbərdarlıq göndərilmişdi:

“Ermənistan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının nəticələrini öyrənməli və Rusiya ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir”. Yəni, bu addımın atılması münasibətləri müttəfiqlikdən düşmənçiliyə çevirəcək. Amma görünür, Paşinyan iqtidarında daha Rusiyanın hədə-qorxularından o qədər də çəkinmirlər.

İki gün əvvəl Baş nazirin İtaliyanın “La Republica” qəzetinə geniş müsahibəsində Rusiya əleyhinə səsləndirdiyi fikrilər də İrəvanda Rusiya ilə Ermənistan arasında yaxşı münasibətlərin prioritet hesab olunmadığını təsdiq edir.

Jurnalisitin “Rusiya sülhməramlıları Laçın yoluna nəzarəti niyə faktiki olaraq Azərbaycana təhvil verdi” sualına Paşinyan belə cavab verib: “Əlbəttə, biz bu mövzuda rusiyalı tərəfdaşlarımızla danışırıq. Onların nə deməyindən asılı olmayaraq təbii ki, bizim öz versiyalarımız var. Rusiyada baş verən bir sıra hadisələr də bizi tarixi paralellər aparmağa vadar edir… Əslində Rusiya kifayət qədər uzun müddətdir ki, bizim regionda, Cənubi Qafqazdadır. Amma müşahidələrimiz onu deməyə əsas verir ki, bir gün, bir ay və ya bir il sonra Rusiyanın Cənubi Qafqazı sadəcə olaraq tərk etdiyini görəcəyik. İndi bir çox rusiyalı tərəfdaşlarımız deyirlər ki, Qərb dövlətləri Ermənistanla işləyir və ya bizi Rusiyanı regionumuzdan sıxışdırıb çıxarmaq üçün tədbirlər görməyə sövq edir. Amma onlara deyirik ki, bunu biz etmirik, əksinə, Rusiyanın özü atdığı və ya atmadığı addımlara görə bölgədən gedir. Hansı səbəblərdən? Biz bilmirik. Mən bunun səbəblərini təxmin edə bilərdim, amma indi etməyəcəyəm. Bəzi proseslər bizi elə bir fikrə gətirib çıxarır ki, bir gün sadəcə ayılıb Rusiyanın burada olmadığını görəcəyik”.

Beləliklə, Ermənistanın birinci şəxsi Rusiyanın bölgədən gedəcəyini deyir və bundan mənunluğunu gizlətmir. Paşinyanın necə şərh etməsindən asılı olmayaraq, əlbəttə ki, Kremlin yaxın perspektivdə Cənubi Qafqazı tərk etmək planının işartıları belə görünmür. Əksinə, Rusiya Ermənistanda revanşa hazırlaşır. Qarabağdakı separatçı rejim rəhbərliyinin konsolidasiya edilməsi – anti-Paşinyan qüvvələrin cəmləşdirilməsi və Azərbaycana qarşı müqavimət qərarının verilməsi bundan xəbər verir. Məlumdur ki, istefaya göndərilən Araik Arutunyan fəaliyyətini həm də Paşinyanla, onu dəstəkləyən xarici dairələrlə koordinasiya etməyə cəhd edirdi. İndi Xankəndində Rusiyanın əmrindən çıxmayan, Ermənistandakı Moskvayönlü müxalifətlə siyasi, ideoloji birlik içərisndə olan radikal millətçi ünsürlər söz sahibidir. Onların “xaç atası”, eks-prezident Robert Koçaryanın “Arutunyanın istefaya göndərilməsindən olduqca şadam” açıqlaması da bu birgəliyi nümayiş etdirir.

Onların Ermənistanda hakimiyyətə qayıtmaq planları qüvvədədir və sentyabrın 17-də İrəvanda keçiriləcək mer seçkilərində Paşinyan komandasının nazmizədinə qalib gəlmə ehtimalı yüksəkdir. Bu, baş verərsə, Rusiyanın Ermənistan iqtidarını devirmək üçün daha böyük qüvvələri səfərbər edəcəyi şübhə doğurmur.

Bir sözlə, bizi qarşıda Ermənistan – Rusiya “müharibəsi” gözləyir. Azərbaycanın ondan necə faydalanacağını isə zaman göstərəcək…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90