image-2000x150
image-1backend

Maqadan türməsinin cəllad rəisi – sonda onu məhbuslar öldürüblər

image-728x90

Digər islah əmək düşərgələrinin rəislərindən fərqli olaraq o, çox vaxt tabel silahı kimi üzərində tapança deyil, avtomat gəzdirib. Cəlladlığı ilə Sibirdə ad çıxaran, hətta bölgədəki şəhər və rayon partiya komitələrinin birinci katiblərini də saya salmayan Stepan Qaranin rəsmi və qeyir-rəsmi tədbirlərdə vəzifə ranqına görə özündən yuxarı pillədə dayananlara qarşı kobudluq nümayiş etdirib.

Qaranin mövcud dövrdə ən sərt rejimi ilə məşhur olan Maqadan türməsinin rəisi olub. “NKVD” rəhbəri Nikolay Yejovla yaxın münasibətləri sayəsində o, Maqadanda öz rejimini yaradıb. Moskvadan Maqadana cari yoxlamalara gələnləri Qaranin qəbul etməyib, “mən birbaşa Yejova tabeyəm” deyə onları türmənin ərazisinə buraxmayıb.

İSLAH SON.jpeg (116 KB)

Qaraninin özbaşınalığı o həddə çatıb ki, onun fəaliyyəti Kremldə müzakirə mövzusuna çevrilib. Yejovun müdaxiləsi sayəsində bir müddət ona toxunmayıblar.

1898-ci ildə Belarusiyada kəndli ailəsində anadan olan Stepan Qaranin oktyabr inqilabından sonra qırmızı orduda xidmət edib, vətəndaş müharibəsinin iştirakçısı olub. O, 1920-ci ildə polşalı hərbçilər tərəfindən əsir götürülüb, bir ildən sonra əsirlikdən qaçıb.

Əsirlikdən qayıtdıqdan sonra Qaranin sərhədçilər məktəbində ali təhsil alıb. Xidmətini SSRİ-nin ayrı-ayrı sərhəd bölgələrində keçirib. 1937-ci ilin yanvar ayında isə Belarusiyada 15-ci sərhəd dəstəsinin rəisi vəzifəsinə təyin olunub, polkovnik rütbəsi daşıyıb. Həmin ilin dekabrın 1-də onu Maqadana islah əmək düşərgəsinin rəisi vəzifəsinə göndəriblər.

Polkovnik Qaraninin bu vəzifəyə rəis təyinatı düşərgədə çox şeyləri dəyişib. Ona qədər düşərgədə vəziyyət son dərəcə ağır olduğu halda, onun gəlişindən sonra dözülməz həddə çatıb.

TURME.jpg (135 KB)

Polkovnikin düşərgənin inzibati binasından əraziyə hər çıxışı bir neçə nəfərin ölümü ilə nəticələnib. Əksər vaxtlarda sərxoş olan rəis hətta xarici görünüşü xoşuna gəlməyən məhbusları da sorğu-sualsız güllələyib.

Hər səhər məhbusların sıra baxışında Stepan Qaranini iki nəfər müşayiət edib. Məqsəd heç də düşərgə rəisinin mühafizəsi ilə bağlı olmayıb. Polkovnik sıranın qarşısından asta addımlarla keçib. Məhbuslardan kimsə hansısa məsələ ilə bağlı ona müraciət edəndə, yaxud sual verəndə Qaranin ona tapançadan açdığı atəşlə cavab verib. Onu müşayiət edənlər isə rəisin silahının güllə darağını doldurmaqla məşğul olublar.

Hər gün məhbusların iş ərazisinə gedən polkovnik bəzən arabada daş daşıyan məhbusları saxlayıb, arabadakı daşları yerə boşaltmağı və saymağı göstəriş verib. Əgər rəqəm onun xoşuna gəlməyibsə, həmin məhbus yerindəcə güllələnib.

İSLAH.jpeg (168 KB)

Rejim qaydalarını pozanların, işdə “plan”ı yerinə yetirməyənlərin, xəstəlik ucbatından işə çıxa bilməyənlərin siyahısı gündəlik olaraq Qaraninə təqdim edilib. Polkovnik onlar üçün ayrıca bir barak inşa etdirib. Axşam saatlarında, şam yeməyindən sonra həmin məhbusların edamı başlayıb. Güllələmə prosesində şəxsən iştirak edən polkovnik öldürmək zövqündən doymayanda düşərgənin həyətində dar ağacı quraşdırmağı göstəriş verib. Bu səhnə bütün məhbuslara nümayiş etdirilib.

Düşərgənin ərazisində təmizlik işləri aparmaq üçün hər gün 10-12 nəfərlik məhbus briqadası bu iş üçün ayrılıb və hər gün Qaranin təmizlik işlərini özü yoxlayıb. Bəzən isə çəkdiyi siqaret kötüyünü əraziyə ataraq briqadanın işini qənaətbəxş hesab etməyib. Qaraninin “qeyri-qənaətbəxş”i isə briqadada işləyən məhbusların hamısının güllələnməsi sayılıb.

Qaraninin cəlladlıq fəaliyyəti uzun sürməyib. Amma onu həbs etmək çox da asan olmayıb. 1938-ci ildə Yejov ona zəng vuraraq Moskvadan gələn nümayəndələri qəbul etməyi göstəriş verib. Qeyd edib ki, onlar türmənin sanitar vəziyyəti ilə tanış olacaqlar. Beləliklə, Qaranin moskvalı “qonaq”ları qəbul edib. Ancaq söhbət heç də sanitar yoxlamalardan getməyib. Sənədlərə baxmaq adı ilə rəisin otağına keçən moskvalılar bir göz qırpımında Qaranini qandallayıblar.

İstintaq zamanı aydın olub ki, 9 ay ərzində düşərgənin rəisi vəzifəsində işlədiyi dövrdə Qaranin təkcə özü 500 nəfərə yaxın məhbus güllələyib. Bunu istintaqa özü də etiraf edib. Amma onu heç də adam güllələdiyinə, cəlladlığına görə həbs etməyiblər. Polkovnik antisovet fəaliyyətdə də ittiham olunub. Məlum olub ki, hələ 1920-ci illərin əvvəllərində Polşada əsir olarkən o, Polşa kəşfiyyatı ilə sövdələşib, onlarla əməkdaşlıq etməyə razılıq verib. Son nəticə olaraq onun Polşada həbs düşərgəsindən qaçmasına şərait yaradıblar və o, sonrakı illər casusluqla məşğul olub.

İki ilə yaxın davam edən istintaqda Qaranin antisovet fəaliyyətini boynuna almayıb, casusluq faktını etiraf etməyib.

TURME ON.png (472 KB)

Suxanov həbsxanasında ona elə dəhşətli işgəncələr veriblər ki, o, öz verdiyi işgəncələri olduqca yüngül cəza kimi dəyərləndirib. Məhkəmə casusluq fəaliyyətini sübuta yetirə bilmədiyindən rəsmi ittihamnamədə Qaraninin rəisi olduğu düşərgədə antisanitar vəziyyətin acınacaqlı olması və bu səbəbdən də çoxsaylı məhbuslarım ölümü göstərilib. Məhkəmənin hökmü ilə polkovnik 8 il müddətinə sürgünə göndərilib. 6 ildən sonra isə yenidən məhkəmə prosesi təyin edilərək cəza müddəti daha 5 il uzadılıb.

Qaranin cəzasını Peçorsk islah əmək düşərgəsində çəkib. Bu düşərgədə olan məhbuslar çöldən onun haqqında ətraflı məlumat aldıqdan sonra polkovnikin günləri ağır keçib. Vəziyyət o həddə çatıb ki, Qaranin üçün ayrıca nəzarətçi ayrılıb və o, təkadamlıq kamerada saxlanılıb.

1950-ci ilin sentyabrın 27-də Stepan Qaranin düşərgədə ölüb. Ölüm səbəbi rəsmi olaraq ürək çatışmazlığı göstərilsə də, onun məhbuslar tərəfindən öldürüldüyü versiyası yayılıb. Beləliklə, islah əmək düşərgəsində məhbuslara divan tutan polkovnikə elə islah əmək düşərgəsində də divan tutublar.

İlham Cəmiloğlu,
Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90