Xəbər verdiyimiz kimi, Bakıda binanın lifti qırılıb və xəsarət alanlar var. Söhbət Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanındakı liftdən gedir. Baş verən qəza səbəbilə 4 nəfər xəsarət alıb. Belə ki, sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.
Bəs, liftin qırılmasına səbəb nə olub? Ümumiyyətlə, sözügedən ünvandakı liftin təhlükəsizlik məsələsi necə tənzimlənir? FHN binalardakı liftə nəzarəti nə zaman həyata keçirir və qırılan liftə baxış keçirilibmi?
Ulusal.az xəbər verir ki, məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Pərviz Aslanov Bizim.Media-ya bildirib ki, FHN binalardakı liftlərə nəzarəti ancaq dəvət əsasında həyata keçirir:
“İstənilən bina istismara veriləndə yoxlama kitabında qeyd aparılır. Bu məsələlərin açıqlanması balanssaxlayıcıya aiddir. Yəni Mənzil-Tikinti Kooperativlərindən FHN-ə müraciət olunmamış, biz portfeli qolumuza vurub gedib hansısa ərazini yoxlaya bilmərik”.
Bizim.Media-nın araşdırması əsasında məlum olub ki, lifti qırılan bina “Şərur” MTK-nın balansındadır.
“Şərur” MTK-nın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayilova isə baş verən hadisə ilə bağlı sorğumuza belə cavab verib:
“Hadisədən məlumatımız var. Liftin qırılma səbəbi yükün ağır olmasına görədir. Dəfələrlə bu barədə sakinlərə xəbərdarlıq olunub, hətta bir dəfə də bu barədə elan liftin qapısına yapışdırılıb. Bu hadisə zamanı da liftə yük çox vurulub. Başqa problem yoxdur. Onu da deyim ki, sonuncu dəfə liftə FHN tərəfindən ötən il baxış keçirilib”.
MTK rəsmisi onu da əlavə edib ki, lifti qırılan bina “Universal servis” MTK tərəfindən 2008-ci ildə inşa edilib. Lift də binaya elə həmin ildə quraşdırılıb:
“2019-cu ildə isə bina istismara verilib. Lakin sakinlərin məskunlaşması 20 ilə yaxındır. Binada xidmət sakinlərin təyin etdiyi fiziki şəxs tərəfindən göstərilir.
Qeyd edək ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfəri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan, 1 uşaq isə Sabunçu Tibb Mərkəzindən evə buraxılıb.
Onu da qeyd edək ki, “Şərur” MTK “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
Məlumat üçün bildirək ki, bundan əvvəl də “Şərur” MTK-ya məxsus başqa binanın liftində bənzər problem yaşanıb. Söhbət paytaxtın Nərimanov rayonunun Bakıxanov küçəsi, 66 ünvanında yerləşən “Şərur” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasından gedir.
Həmin binanın liftinin qəzalı vəziyyətdə istismar olunması barədə şikayətlər yayılmışdı. Sözügedən binadakı liftin “İrəvan SSR” lift zavodunun istehsalı olduğu məlum olmuşdu.