image-2000x150
image-1backend

İcra başçıları əvəzinə xüsusi nümayəndələr – YENİ DETALLAR MƏLUM OLDU

image-728x90

Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarına xüsusi nümayəndə təyin etməsi ilə azad edilmiş torpaqlarda bu proses yekunlaşmaq mərhələsinə yaxınlaşdı. Kəlbəcər rayonuna da xüsusi nümayəndə təyinatı reallaşdırıldıqdan sonra proses bütün işğaldan azad edilmiş rayonlarda başa çatmış olacaq.

Yada salaq ki, bir neçə gün əvvəl dövlət başçısı Xankəndi, Ağdərə, Xocalı, eləcə də Füzuli və Ağdama da xüsusi nümayəndələr təyin edib. Qeyd edək ki, 2021-ci ilin fevralında “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnamə”ni təsdiq edib. Fərmanın ikinci bəndində deyilir ki, “mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumları Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi təşkil edilmiş müvafiq ərazilərdə fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazidəki xüsusi nümayəndəsi ilə əlaqələndirilmiş qaydada həyata keçirirlər”. Bu fərmandan sonra Prezidentin Naxçıvanda da səlahiyyətli nümayəndəsi təyinatı gerçəkləşib.

İlham Əliyev hələ bir müddət əvvəl bildirib ki, yeni idarəetmə üsulu gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir: “Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”. Bundan öncəki çıxışları zamanı da dövlət başçısı mövcud regional idarəetmə modelinin sovetlər dövründən qaldığını, zamanın tələblərinə cavab vermədiyini bəyan edib.

Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər. Yerli icra hakimiyyətlərinin başçılarını prezident təyin edir və vəzifədən azad edir və onların səlahiyyətlərinin çərçivələrini müəyyən edir. Lakin xüsusi nümayəndəliklər prezidentin konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulmuş diksresion səlahiyyətlərinə görə təsis edilib. Bu baxımdan prezidentin belə səlahiyyəti var və prezident konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, müvəqqəti məqsədlərlə belə qurum təsis edə bilər.

Regional idarəetmə sahəsində islahatlar hansı formada həyata keçirilməlidir? Bu islahatlar regionlarımızın inkişafına töhfə verə biləcəkmi? Son illərdə bir sıra rayonların, həmçinin Naxçıvanın timsalında tətbiq olunan bu model özünü doğruldurmu?

Sabiq maliyyə naziri Fikrət Yusifov  bildirdi ki, Prezidentin xüsusi nümayəndəlikləri haqqında əsasnamənin birinci bəndində Prezidentin xüsusi nümayəndəliyinin səlahiyyətləri açıq qeyd edilir: “Əsasnamənin birinci bəndində deyilir ki, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi işğaldan azad olunmuş ərazilərdə onlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının struktur bölməsidir – yəni xüsusi nümayəndəliyin əməkdaşları eyni zamanda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının əməkdaşlarıdır.

İşğaldan azad olunmuş rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin bu şəkildə yaradılması həmin rayonların bərpası və inkişafına dövlət başçısının verdiyi önəmdən irəli gəlir. Bu rayonlarda bütün işlər sıfırdan başlayaraq həyata keçirilir. İşğaldan azad olunmuş rayonların ən qısa zaman kəsiyində bərpası və oradan vaxtılə didərgin düşmüş vətəndaşlarımızın geri qaytarılması həm sosial və həm də siyasi məsələdir. Bu səbəbdən də həmin rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması operativ idarəçiliyin təmin olunması üçün ən doğru seçimdir.

Bu, yaxşı təcrübədir. Hesab edirəm ki, bu gün Prezidentin xüsusi nümayəndəliklərinin və ya ən azından bir xüsusi nümayəndəsinin digər rayonlarımızda olmasına da ehtiyac var. İlk baxışda icra hakimiyyətlərinin mövcud olduğu şəraitdə belə təyinat paralel idarəçilik kimi görünə bilər. Çünki hər bir rayonda Prezident tərəfindən təyin olunan yerli icra hakimiyyətinin başçısı mövcuddur. Təklif etdiyimiz variantda söhbət paralel idarəçilikdən daha çox, yerli idarəetmə strukturlarının fəaliyyətinə operativ nəzarətin həyata keçirilməsindən gedir. Belə bir yenilik yerlərdə idarəçiliyin çevikliyini artırmağa, vətəndaşların qaygılarını vaxtında qarşılamağa, hər hansı bir sahədə baş verən problemlərin operativ həllinə nail olmağa kömək edərdi. Düşünürəm ki, Prezidentin xüsusi nümayəndəsinin varlığı yerli icra hakimiyyəti başçılarının və mərkəzi icra orqanlarının yerlərdə fəaliyyət göstərən təşkilatlarının rəhbərlərinin məsuliyyətini yetərincə artırar və yerlərdə neqativ halların qarşısının alınmasında təsirli vasitəyə çevrilə bilər”.

Sabiq nazir qeyd etdi ki, son illərdə bir sıra rayonlarımızda insanların üzləşdiyi problemlərin yerli icra hakimiyyətiləri tərəfindən zamanında həll edilməməsi səbəbindən vətəndaşların öz etirazlarını ortaya qoyması hallarına rast gəlinib. O rayonlarda Prezidentin xüsusi nümayəndəsi olsaydı, icra hakimiyyəti rəhbərləri yaranan problemlərin həllinə bu qədər məsuliyyətsiz yanaşmazdılar: “İcra hakimiyyəti başçıları ən azından yaranmış problemin dövlət başçısına xüsusi nümayəndə tərəfindən həmən məruzə edilə biləcəyindən ehtiyat edib, onun operativ həllinə çalışardılar. Təbii ki, yerli idarəçiliyin çevikliyini artırmaq məqsədilə təyin edilən xüsusi nümayəndələr yalnız yerli icra orqanlarının fəaliyyətinə nəzarət funksiyası həyata keçirməyəcəklər, onlar eyni zamanda yerli idarəetmə və icra strukturlarına problemlərin həllində yaxından kömək edəcəklər”.

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov  bildirdi ki, yerli idarəetmənin təkmilləşməsi sahəsində atılan ilk addımlar son dərəcə mühüm və vacib addımlardır: “Prezidentin səlahiyyətli nümayəndələrinin təyin olunması da həmçinin. Ancaq bu, ilk addımlardır. Prezidentin də qeyd etdiyi kimi, bu proses davam edəcək və davam etməlidir. Göz qabağındadır ki, inzibati ərazi bölgümüz və regionların bu şəkildə idarə edilməsi səmərəliliyi azaldıb. Azərbaycanın əksər hissəsində mövcud olan ikipilləli sistem özünü doğrultmur. Yəni kəndlər və rayonlar. Mütləq üçüncü pillənin də yaradılmasına ehtiyac var. Və bu, iqtisadi rayonların əsasında yaradılsa, hesab edirəm ki, kifayət qədər səmərəli idarəetmə ortaya çıxa bilər. Yəni söhbət Azərbaycan ərazisinin 14 iri inzibati ərazi vahidində – onun adı vilayətlər də ola bilər, bölgələr də ola bilər, başqa bir ad da qoyulması mümkündür – mütləq üçüncü pillənin ortaya çıxmasına ehtiyac var. İri inzibati ərazi vahidləri yaradılmalıdır. Onların idarə edilməsində də müəyyən yeniliklərə getmək olar. Türkiyə təcrübəsini, dünya təcrübəsini nəzərə alıb həmin 14 bölgənin idarə olunmasında istifadə etmək olar. Əks halda, son illərin təcrübəsi də göstərdi ki, regionların inkişafına nail olmaq mümkün olmayacaq. Baxmayaraq ki, çox böyük vəsait ayrıldı və bu vəsait yüz milyard manatdan da artıqdır, ancaq hələ də iqtisadi inkişaf Bakı və Bakı ətrafındadır. Digər bölgələrin ümumi daxili məhsulda payı o qədər çox deyil. Vergilərin də böyük əksəriyyəti yalnız və Bakı və Bakı ətrafından yığılır. Yeri gəlmişkən, müxtəlif nazirlik və dövlət qurumları da artıq bu sistemi tətbiq etməyə başlayıblar. Yəni bölgələr üzrə onların yerli strukturları formalaşıb. Bu da kifayət qədər səmərəli idarə etməyə imkan verir. Sadəcə olaraq, yuxarıda dediyimi kimi, bölgələrin yaradılmasına ehtiyac var. Bu istiqamətdə bir qədər sürətlə hərəkət etməliyik. Çünki ərazilərin idarə olunmasında problemlər göz qabağındadır”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90