image-2000x150
image-1backend

“Hüseyniyyun” terror qruplaşması və radikal erməni keşişləri: ABŞ onları niyə müdafiə edir?

image-728x90

ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası (USCIRF) 2023-cü il ərzində dini və etiqad azadlıqları və hüquqların pozulmasına dair illik hesabatını dərc edib. USCIRF hesabatında ABŞ Dövlət Departamentinə 17 dövlətin “xüsusi narahatlıq olan ölkələr” (CPC) kimi təyin edilməsini tövsiyə edir. Tövsiyəyə əsasən, artıq siyahıda olan Myanma, Çin, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistandan başqa, Əfqanıstan, Azərbaycan, Hindistan, Nigeriya və Vyetnam da bu siyahıya əlavə edilməlidir.

Hesabatın Azərbaycanla bağlı hissəsində əsas diqqət keçmiş “Dağlıq Qarabağ”ın inzibati ərazisində və kənar ərazilərdə (yəni vaxtilə ermənilərin işğal etdiyi ətraf yerlərdə) erməni dini abidələrinin qorunmasına (söhbət həm də işğal vaxtı inşa edilmiş dini yerlərdən gedir) və radikal siyasi islamçıların (söhbət xomeyniçilərdən gedir) müdafiəsinə yönəlib. Mətndə Müsəlman Birliyin Hərəkatının (MBH) adı 10 dəfə çəkilib.

Dövlət Departamentinə tövsiyə edilir ki, 2009-cu ildə qəbul edilmiş din haqda qanuna (2022-ci ildə ən son düzəliş edilmiş) yenidən baxılması üçün Azərbaycan hökuməti ilə işləsin; “Dağlıq Qarabağ”da və ətraf ərazilərdə ibadət yerlərinin və digər dini və ya mədəni obyektlərin bərpası və mühafizəsi üçün ABŞ Beynəlxalq İnkişaf Agentliyinə və ABŞ-ın Bakıdakı Səfirliyinə maliyyə ayrılsın.

ABŞ Konqresinə tövsiyə edilir ki, “ictimai dinləmələr və digər tədbirlər vasitəsilə” Azərbaycanda dini azadlıq və ümumın insan hüquqları pozuntuları, o cümlədən MBH-yə münasibətlə bağlı narahatlıqları bildirmək üçün birbaşa Azərbaycan səfirliyi və digər hökumət rəsmiləri ilə əlaqə saxlamalı, bütün “dini məhbusların” azadlığa buraxılmasına çalışmalıdır.

Hesabatda deyilir ki, hökumətin dini praktikaya nəzarət etməsinə qarşı çıxan “şiə müsəlman qrupu” MBH, bir çox insan hüquqları müdafiəçisinin siyasi motivli kimi xarakterizə etdiyi təqiblərə məruz qalır. Hesabat müəllifləri Azərbaycanın İranın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra casusluq, hökuməti devirmək cəhdləri və narkotik alveri ilə mübarizə aparmaq məqsədilə ölkə daxilində həyata keçirilmiş həbsləri də mübahisələndirir. Hərçənd ki, ABŞ rəsmiləri insidentdən sonra Azərbaycanı müdafiə etmək yönündə hansısa açıqlamalar da vermişdilər. Qeyd edilir ki, ilin sonunda qeyri-hökumət təşkilatı (həmin QHT haqda sonda məlumat verəcəyik-C.Q) Azərbaycanda dini etiqadlarına və ya fəaliyyətlərinə görə haqsız yerə həbs edilən 183 nəfərin “dinc dindar” olduğunu müəyyən edib.

Ötən həftə açıqlanmış hesabatdakı bir çox iddialar yeni deyil, əvvəlki vaxtlarda bu və ya digər şəkildə iddiaların bir çoxunun qərəzli olmasına, həqiqəti təhrif etməsinə toxunmuşuq. Amma dünən Ermənistanda baş verənlər hesabatı xatırlamağa məcbur edir.

Ötən illərdən qalma səhvlərin təkrarı- Kəlbəcərdəki Xudavəng monastrı barədə Azərbaycana tutulan iradlar, səsləndirilən tələblərin heç biri beynəlxalq humanitar hüququn tələblərinə uyğun deyil. Həmin monastr işğaldan əvvəl sadəcə tarixi abidə kimi qorunub, işğal illərində təyinatı dəyişdirilərək dini məbəd kimi istifadə olunub. Necə olur ki, eyni hesabatda Ayasofyanın dini ibadətə açılması abidənin təyinatının dəyişilməsi kimi tənqid edilsin, amma Xudavəngin erməni işğalı zamanı təyinatının dəyişdirilməsi təqdir olunsun?

2021-ci ildə açıqlanmış hesabatdan sitat: ”Mexakavan qəsəbəsində yerləşən Zoravor St. Astvatsatsin Kilsəsini təhqir edən və zərər verən əsgərlərin, kilsənin xaçını qırması da daxil olmaqla videoları yayımlandı”.

2017-ci ildə Ermənistan tərəfindən işğal olunmuş torpaqlarda “Zoravor St. Astvatsatsin Kilsəsi” adlı hərbi ibadətgah inşa edilməsinə Azərbaycan tərəfi rəsmi olaraq etiraz etmişdi. ABŞ-ın rəsmi sənədində Cəbrayıl yox, “Mexakavan” yazılır, 2017-ci ildə, yəni işğal vaxtı qondarıldığı etiraf olunan hansısa “ibadətgah”ın uçurulmasından danışılırdı. Bu məqamlar zamanında tənqid də edilib. Bu dəfə qondarma “Mexakavan” toponimindən istifadə yoxdur, çünki hesabatı hazırlayanların qərəzini ələ verdiyi bəlli olur, amma “Dağlıq Qarabağdan kənar ərazilər” deyiləndə məhz vaxtilə zəbt olunmuş ərazilərimizdə işğal illərində inşa edilmiş dini təyinatlı tikililərdən söhbət gedir. Görəsən işğal olunmuş ərazilərin mədəni -dini xarakterini dəyişmək hansı beynəlxalq hüquqa uyğundur ki, indi ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında onların yenidən açılması üçün vəzifə müəyyən edilir?

Dini azadlıq haqda hesabat olsa da, mətnin mühüm bir hissəsinin siyasi təşkilatın, həm də xomeyniçiliyi təbliğ edən təşkilatın müdafiəsinə həsr olunması absurd deyilmi?

Hesabatda Azərbaycan Siyasi Məhbuslara Azadlıq İttifaqının “siyasi məhbus” siyahına istinad edilir. Təəssüf ki, bizdə insan hüquqları ilə məşğul olan QHT-lər siyasi islamçıların təsiri altındadır, bir müddət sonra onların göndərdikləri siyahılar sayəsində xomeyniçilər Qərbdə Azərbaycanda faktiki əsas müxalif qüvvə kimi qəbul olunmağa başlayır. Konkret halda sözügedən hüquq müdafiə təşkilatı – “Siyasi Məhbuslara Azadlıq İttifaqı” 2018-ci il noyabrında təsis edilib. Qurum o zaman əsas məqsədinin aparıcı beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək olduğunu açıqlamışdı. Yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev, Hilal Məmmədov var idi. Bu şəxslərin hər birinin İranla bu və ya digər şəkildə əlaqələri haqda müxtəlif səviyyələrdə ittihamlar səslənib, bəziləri buna görə mühakimə də olunub.

Qurumun əsas simalarından olan Arif Yunus siyasi mühacirlərə məxsus YouTube kanallarında öyünür ki, erməni və yunan lobbilərinin Azərbaycan məmurlarına qarşı tətbiqinə çalışdıqları sanksiya siyahısını o tərtib edib.

Doğrudanmı ABŞ Konqresi və Dövlət Departamenti İrana, İranın formalaşdırmaq istədiyi proksi qüvvəyə rəğbətini gizlətməyən bir təxribatçı qurumun dezinformasiyaları sayəsində yanlış yönləndirilir? İstisna etmirik, amma bu hesabatı xatırlamağa məcbur olduğumuz hadisəyə – Ermənistandakı keşiş qiyamına qayıtmaq istəyirik.

Ötən yazılarda İranın aparıcı KİV-lərinin manşetini bəzəyən bir məlumat vermişdik. Etiraf edirdilər ki, İranda Cənubi Qafqazla bağlı siyasətlərini yürütmək üçün iki əsas qüvvəyə-terrorçu “Hüseyniyyun” qruplaşmasına və erməni kilsəsinə bel bağlayırlar. ABŞ-dan ard-arda yayımlanan müxtəlif rəsmi hesabatlarda da məhz bu iki qüvvəyə istinad edilməsi qəribə deyilmi? Radikal erməni keşişləri və ABŞ-ın terror təşkilatı kimi tanıdığı SEPAH-ın nəzarət etdiyi, Qafqazda yeni proksi qüvvəyə çevirmək istədiyi radikal xomeyniçilər nədən ABŞ tərəfindən himayə edilməlidir? Yeri gəlmişkən, Ermənistandakı keşiş qiyamının başında duran şəxs Kanada vətəndaşıdır.

Cəmaləddin Quliyev, siyasi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90