image-rt-reklam
image-bez-nazvaniya-1backend

HƏSRƏTDƏN DOĞAN GÜNƏŞ

image-728x90

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)
O, Azərbaycan ifaçılığında səsi ilə yaddaşlarda qalan sənətkarlardan biridir. Uzun illər Vətəndən uzaqlarda yaşasa da, məsafələr ona Vətən sevgisini, doğma musiqini unutdura bilməyib. Azərbaycan ifaçılıq sənətinin təbliğində özünəxas xidmətləri olan bu xanım Cahan Talışinskayadır (1909-1967).
NKVD ilə əməkdaşlığı rədd etdiyi üçün övladı ilə iki dəfə sürgün edilən, uzun illər Azərbaycana həsrət qalan Cahan Talışinskayanın səsi minlərlə insanın ruhunu oxşayıb, neçə dərdli qəlbin ən dərin guşələrinə nüfuz edə bilib.

O, bir çox konsertlərdə çıxış edir, konsert briqadaları ilə Azərbaycanın bölgələrinə və hərbi hissələrə qastrola çıxırdı. Cahan xanım xalq mahnılarının və Azərbaycan muğamlarının gözəl ifaçısı idi. Çağdaşlarının xatirələrində deyildiyi kimi, onun ifa etdiyi “Şahnaz”, “Segah”, “Bayatı-Şiraz” və həmçinin ”Qarabağ şikəstəsi“ muğamları dinləyicilərin gurultulu alqışları ilə müşayiət olunurdu. Lakin “Qatar” muğamı onun ifa etdiyi şah əsəri idi. Çox vaxt onu belə də adlandırırdılar – Qatar Cahan. Cahan xanımın səsinin geniş diapazonu, virtuoz səs aparatına malik olması bu texniki cəhətdən mürəkkəb olan muğamı onun ifasında təkrarolunmaz edirdi.
O dövrdə Cahan xanım Cabbar Qaryağdı, Hüseynqulu Sarabski, Seyid Şuşinski, Xan Şuşinski, Həqiqət Rzayeva, Qurban Primov, Zülfü Adıgözəlov kimi görkəmli xanəndələrlə konsert proqramlarında iştirak edərdi. Azərbaycanın Xalq artisti Bəhram Mansurov xatirələrinin birində C.Qaryağdı, X.Şuşinski, H.Sarabski, Yavər və Münəvvər Kələntərli, Cahan Talışinskayanın birlikdə oxuduğu “Qarabağ şikəstəsi”nin ifası haqqında danışırdı. Bəhram Mansurovun sözlərinə görə, bu əsərin belə görkəmli artistlər tərəfindən birlikdə ifası dinləyicilərə təsirini dəfələrlə gücləndirirdi.

Kədərə sarılan səsin harayı, ağrısı, acısı…

Əməkdar artist Cahan Talışinskayadan söz düşəndə, yazılar yazılanda onun insan ruhunun ən dərin qatlarına kimi enən eşqlə yayılan məlahətli səsi, mədəniyyəti göz önünə gəlir və bütün bu gözəlliyin fonunda unudulmayan çətin həyat hekayəsi xatirələrdə canlanır…
Cahan Talışinskaya 9 fevral 1909-cu ildə Lənkəran şəhərində anadan olub. Atası Mir Rzaxan Talışınski, anası isə Səməd bəy Mehmandarovun bacısı Məryəm Mehmandarovadır. Cahan xanımın 9 yaşı olanda, 1918-ci ildə ailəsi Bakıya köçür. Uşaqlıq illərindən təhsilə, elmə maraq göstərən Cahan orta məktəbdə də hər zaman fəallığı və fərasəti ilə seçilir.
Cahan Bakıda böyük bacısı Bilqeyis xanımın evində qalırdı. Bilqeyis xanım “Yeni yol” qəzetinin baş redaktoru Rzaqulu Nəcəfovun həyat yoldaşı idi. Orta təhsili başa vurduqdan sonra o, Azərbaycan Qızlar Seminariyasına qəbul olundu. Gənc qız musiqi və vokalla maraqlanırdı. Bacısının evində piano vardı və Cahanın gözəl musiqi qabiliyyəti olduğundan tanış melodiyaları pianoda çalırdı. – Xüsusi musiqi savadı olmadan o, pianoda və tarda gözəl ifa edə bilirdi.
Xanəndənin oğlu, Azərbaycanın Əməkdar memarı Nazim Məmməd oğlu Hacıbəyov öz xatirələrində hər zaman Cahan xanımın hər hansı bir alətdə – istər qarmon, istər fleyta, istər qaval olsun, – necə asanlıqla ifa etməsindən danışır… o günləri yada salır…

Uğurun yolları, addımları… və ya səs gətirən səs

Seminariyada təhsil aldığı illərdə Cahan xanım artıq özü üçün qəti bir yol cızır. O, səsinin ahənginin apardığı yollara doğru yönəlir və o dövrdə “Əli Bayramov adına Klub”un nəzdində təşkil olunmuş bədii özfəaliyyət dərnəyində iştirak etməyə başlayır. 1927-ci ildən Bakı şəhərinin radio şəbəkəsində işə daxil olur, sonra Dövlət estradası və nəhayət 1934-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olur. Bu dönəm gənc və məlahətli səsin sahibi Cahan Talışinskayanın həyatında yaradıcılıq yüksəlişi kimi də qeyd olunur. Onun adı, xoş səsi musiqisevərlərin və mütəxəssislərin dilindən düşmürdü…

Ovsunlanmış Əfqanıstan şahı və ya saatın tərs dönən əqrəblərinin gücü…

Cahan xanımın səsi ecazkar, sehirli səslərdən idi. Cahan xanım nağıllardakı, əfsanə və əsatirlərdəki obrazlara bənzəyirdi. Səsi ilə ovsunlayıb insanı uzaqlara apara bilirdi.
Onun sənətinin belə ovsunlaya, nə qədər güclü təsir buraxa bilməsinə dair bir hadisə misal ola bilər. XX yüzilin 20-ci illərinin axırı – 30-cu illərin əvvəlində Avropaya səfərə hazırlaşan Əfqanıstan şahı Əmənulla xan Bakıya gəlmişdi. Bu yüksək qonağın şərəfinə ziyafət təşkil olunur. Konsertdə iştirak etmək üçün Cahan Talışinskayanı dəvət edirlər. Konsertdən sonra şahın xanımı minnətdarlıq əlaməti kimi, qızıl qol saatını Cahan xanıma hədiyyə edir. Ertəsi gün Cahan xanımı NKVD-yə dəvət edirlər və saatı bir günlüyünə ondan alırlar. Səhəri gün saatı qaytarırlar: saatın arxa tərəfində “Cahan Talışinskayaya Əmənulla xandan” sözləri yazılmışdı…
Yeni-yeni mahnıların sorağında döyünən ürək…
O dövrdə Cahan xanım özünü istedadlı folklorçu kimi göstərmişdi. Çox az adama bəllidir ki, “Qubanın ağ alması“, “Uca dağlar”, “Dəli ceyran” kimi bir çox populyar xalq mahnıları məhz ilk dəfə onun ifasında yazılmışdır. bu mahnıları o, Azərbaycanın rayonlarına etdiyi qastrol səfərlərində toplamış, bütün vasitələrdən istifadə edərək yeni melodiyaları yadda saxlayaraq onu dinləyicilərə oluğu kimi çatdırmışdı. Belə ki müğənninin oğlunun xatirələrinə görə, Cahan xanım bu mahnılardan bəzilərini ucqar dağ rayonlarında, çay qırağında paltar yuyan bir qadından eşitmiş və yazmışdır…
İndi çox məşhur olan “Qubanın ağ alması“ mahnısını isə ona akademik Mustafa bəy Topçubaşovun həyat yoldaşı Reyhan xanım oxumuşdur.

Ağır illərin rüzgarı ondan da yan keçmir

30-cu illərdə Cahan xanım sənətdə böyük uğurlar qazanır. Sənəti onu populyarlığın ən üst qatına doğru qaldırır. O, 1933-cü ildə “Şərq musiqi ansamblı”nın tərkibində Moskva, Leninqrad (indiki Sankt-Peterburq), Kiyev şəhərlərində qastrol səfərlərində olur. 1936-cı ildə Moskva və Leninqrad şəhərlərinə qastrolları zamanı “Qatar” və “Segah” muğamları, “Uca dağlar” və “Yeni kənd” mahnıları onun ifasında lentə alınır. Bu illərdə Cahan xanım tamaşaçıların hədsiz rəğbətini və məhəbbətini qazanır. Respublikanın ən ucqar yaşayış məntəqələrində onu tanıyır və sevirlər.
Cahan xanımı o dövrün görkəmli sənətkarlarından Bülbül, Şövkət Məmmədova, Səid Rüstəmov, Həqiqət Rzayeva, Şəmsi Bədəlbəyli, Yavər Kələntərli, aktyorlardan Mustafa Mərdanov, Sona Hacıyeva, Əzizə Məmmədova, Fatma Qədiri, Mərziyə Davudova ilə dostluq və əməkdaşlıq telləri bağlayır…

Əsən qara yellər
1930-cu illər repressiyasının qara yelləri Cahan Talışinskayadan da yan keçmir. Ona günlərin bir günü NKVD ilə gizli əməkdaşlıq etməsi təklif olunur. Ancaq qəlbi çirkabdan, yalan və xəyanətdən uzaq olan Cahan xanım bu təklifə razı olmur və cəsarətlə rədd cavabı verir. Məhz buna görə də Cahan xanıma 1938-ci ildə Moskvada keçirilən ilk Azərbaycan incəsənəti ongünlüyündə iştirak etməyə icazə verilmir. Lakin sonra hansısa səbəbdən yuxarıların onun haqqında olan rəyi və fikri dəyişir. O, 1939-cu ildə estrada artistlərinin I Ümumittifaq müsabiqəsinə qatılır və laureat olur. 1940-cı ildə ona Əməkdar artist fəxri adı verilir.
Bütün bu uğurların fonunda yenə də qara kölgələr özünü göstərməyə başlayır. 1942-ci ildə 14 yaşlı oğlu ilə birlikdə həbs olunaraq “xalq düşməni” adı altında Qazaxıstanın Petropavlovsk rayonuna sürgün edilir. Oradan Özbəkistana köçməsinə icazə verilir. Oğlu Nazimi Bakıya öz qardaşı – məşhur professor-travmatoloq Əbülfət Talışinskinin yanına göndərir, özü isə Daşkənd Filarmoniyasında solist ifaçı kimi işə düzəlir. Şübhəsiz, gənc qadın oğlunun, vətənin, qohumlarının həsrətini çəkirdi…

Vətənə dönüşünə səbəb olan hadisə

Müğənninin Azərbaycana qayıtmasına bir təsadüfi hadisə kömək edir. 1943-cü ildə SSRİ Xalq Komissarlığı nəzdində yerləşən musiqi idarələrinin rəhbəri V.Surin Daşkəndə gəlir. O, Cahan xanımın laureat adını qazandığı Ümumittifaq estrada artistlərinin müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdu. Cahan xanımla tanış olur, onunla söhbət edir. Bu tanışlıqdan sonra ona Tiflis şəhərində incəsənət işləri üzrə idarəyə təyinat verir.

Beləliklə, Cahan xanım Tiflisdə Azərbaycan teatrının səhnəsinə qayıdır. Burada Leyli (“Leyli və Məcnun”), Telli (“Arşın mal alan”), Əsli (“Əsli və Kərəm”), Şahsənəm (“Aşıq Qərib”) rollarında çıxış edir və uğur qazanır. Lakin bir müddət sonra Azərbaycan Xalq Daxili İşlər Komissarlığından Tiflisə məktub göndərilir, yenidən müğənninin sürgün məsələsi qaldırılır. Onu bu dəfə öncələr Bakıda yaşamış (o vaxtkı) Zaqafqaziya Hərbi Şurasının üzvü, SSRİ Xalq deputatı Xavər Ağarəhim oğlu Vəliyev xilas edir. Məhz onun köməkliyi ilə Cahan xanım Tiflisdə qalır və sonra Bakıya qayıdır. Musiqili Komediya Teatrının direktoru Şəmsi Bədəlbəyli onu teatra dəvət edir. Sənətkarın “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Gözün aydın”, “Durna” operettalarında yaratdığı Telli, Sənəm, Nargilə, Lalə obrazları hədsiz dərəcədə parlaq və maraqlı olur. Məhz buna görə də tamaşaçılar onu təkrar-təkrar səhnəyə dəvət edər, hətta mahnı və ariyaları bir neçə dəfə ifa etməsini xahiş edərdilər…

Yenidən ağrılar, acılar və kədər onun qapısını kəsdirir

1949-cu il Cahan xanım və oğlu üçün ağır il olur. Onlar birlikdə yenidən Daşkəndə sürgün edilir. Yalnız 1954-cü ildə, Stalinin ölümündən və M.Bağırovun həbsindən sonra Cahan xanım və oğlunun sürgündən azad olunması barədə qərar qəbul olunur. Lakin Cahan xanım Bakıya dönmür, Daşkənddə qalır.

O demək olar ki, işləmirdi, lakin hər ay radioda onun konsertləri səslənirdi. Daşkənddə oğlu evlənir, nəvələri dünyaya gəlir. Onlar tez-tez Bakıya qohumlarını görməyə gəlirdi. 1966-cı ildə Daşkənddə baş verən zəlzələ onların Vətənə qayıtmağına təkan verir. Daşkənddə onların yaşadığı ev tamamilə uçur və təsadüf nəticəsində sağ qalan Cahan xanım və ailəsi təcili Bakıya qayıdır. Cahan xanım bir il sonra – 1967-ci ildə vəfat edir…
Dünyasını dəyişən sənətkarın, qəlblərdə taxt quran xanəndənin konsertlərinin lent yazıları radioda vaxtaşırı səslənir. Daşkənddə Dövlət Teleradiosunun arxivində Cahan xanımın konsertinin yeganə videoyazısı qorunub saxlanır.
Onun səsi, gün işığına çıxardığı musiqilər dünya var olduqca səslənəcək və öz təravətini qoruyub saxlayacaqdır. Çünki bu səs tarixin ağır sınaqlarından keçərək bu günümüzə gəlib çıxıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90