image-rt-reklam
image-1backend

Deputatlar fevralın ilk günü toplaşır: Hərbçilər, zeytun və məişət zorakılığı müzakirəsi…

image-728x90

Milli Məclisin yaz sessiyası üzrə ilk iclası fevralın 1-də baş tutacaq. İclasın gündəliyinə 10 məsələ daxil edilib.

Modern.az-ın məlumatına görə, deputatlar ilk olaraq 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərarının layihəsini təsdiq edəcək.

İşlər planına “Hərbi qulluqçuların statusu haqqında” yeni qanunun layihəsi, Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vətəndaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə, digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması kimi məsələlər daxil edilib.

Daha sonra İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərarının layihəsinin müzakirə çıxarılması gözlənilir. Qanun layihəsinə görə, komissiya yenidən formalaşacaq. Belə ki, komissiyanın tərkibinə yeni üzv əlavə ediləcək. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsidir. Komissiyanın yeni üzvü kimi Kəmaləddin Qafarovun namizədliyi irəli sürüləcək. Müzakirə və səsvermədən sonra onun namizədliyinin təsdiqlənməsi gözlənilir.

Qeyd edək ki, Madər Musayev ötən ilin iyul ayında vəfat edib.

Üçüncü məsələ olaraq, Milli Məclis Hesablayıcı komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxaracaq. Qeyd edək ki, komissiyanın tərkibində hər hansı dəyişiklik edilməyəcək.

Milli Məclis həmçinin “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsini də ilk iclasda müzakirə edəcək.

Müzakirəyə çıxarılacaq olan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi ilə isə toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək.

Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.

Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib.

“Qida təhlükəsizliyi haqqında” qanuna təklif edilən dəyişikliklə aparılan qiymətləndirilmə nəticəsində qida obyektində aşkar edilmiş uyğunsuzluqların infrastruktur və avadanlıqla əlaqəli olduğu və təhlükəli qida və yem məhsullarının istehsalına və emalına səbəb olacağı halda qida obyektinin təsdiqindən imtina ediləcək.

Qeyd edilib ki, ölkəmizdə insanların həyat və sağlamlığın qorunması, istehlakçıların hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin ölkənin üzv olduğu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması, habelə qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası sahəsində sahibkarlığın inkişafı üçün şəraitin yaradılması məqsədilə “Qida təhlükəsizliyi haqqında” qanun qəbul edilib və 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minib. Təklif olunan dəyişikliklər qanunun tətbiqi təcrübəsində ortaya çıxan məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb və əsasən dəqiqləşdirmə xarakterli düzəlişləri ehtiva edir.

Qanunun tələblərinə uyğun olaraq ölkə başçısının fərmanı ilə təsdiq edilmiş “Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunan qida zənciri obyektlərinin Siyahısı”nda göstərilən, qida və yem məhsullarının istehsalı, emalı, dövriyyəsi və utilizasiyası ilə məşğul olan qida obyektləri AR Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 30 (otuz) iş günü müddətində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilməklə təsdiq olunur və ya onların təsdiqindən imtina edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ilə isə Azərbaycanda məişət zorakılığının qarşısının alınması haqqında qanunvericiliyin pozulmasına görə cəzalar sərtləşdirilməsi müzakirə olunacaq.

Belə ki, hazırda Məcəllədə qeyd edilib ki, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Dəyişikliklə isə yuxarıda nəzərdə tutulmuş xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla altmış saatdan yüz saatadək ictimai işlər və ya on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90