image-rt-reklam
image-1backend

Banan respublikaları, xurma respublikaları…

image-728x90

Bunu indiki cavanlar da bilər, siyasətşünaslıqda tez-tez hərbi çevrilişlər olan ölkələrə “banan respublikaları” deyirlər.

Bu, ona görə populyar ifadəyə çevrilib ki, bir ara Afrikanın, Cənubi Amerikanın banan meyvəsi yetişən ölkələrində tez-tez, ilaşırı hərbi çevrilişlər olurdu.

Allah tərəfi, indi bir az tərgidiblər, tez-tez olmur, amma o vaxtlar 2-3 il arayla bir “qara polkovnik” çıxır, çevriliş edirdi, sonra başqa bir mayorun rütbəsini artırırdılar, polkovnik olur, korpus və briqadanın başına keçən kimi hiss edirdi ki, general-prezident yaxşı işləmir, tanka minib gedir, korrupsioner diktatoru devirirdi.

Son iki ildə Niger, Mali, Burkina Faso, Eritreya, Sudan, Somali. Banqladeş kimi ölkələrdə çevrilişlər olub. Deyilmişcən varmış, hamısı banan ölkələridir. Yalnız Banqladeşdə banan yetişmir, amma orda da iri banyan ağacları olur.

Bu ilin iyununda Boliviyada da dövlət çevrilişinə cəhd olub, amma qabağını alıblar. Cəhdlər maraqlı deyil, ən maraqlısı cəhdin baş tutmasıdır. dövlət çevrilişi baş tutanda, türkün sözü, aksiyon olur: kimsə külfətini götürüb qaçır, kimisini qaçdığı yerdə tuturlar, bəzilərini elə hansı ağacın altında tutublarsa, orda asırlar, bəzilərini ertəsi gün xalqın qarşısında mühakimə edir, ifadəsini almadan, son söz haqqı vermədən edam edirlər.

Hərçənd keçən ilin yayında Nigerdə elə olmadı, general Abdurəhman Tçianinin rəhbərliyi ilə hərbi xunta prezident Mohammed Bazumu devirdi, amma öldürmədi, xaricə qaçmağa da qoymadı, adamı sarayında həbs etdi. O da höcət adam çıxdı, istefa vermədi. Başına tapançanı dirəyirlər, deyir ki, yox, öldürsəniz də istefa verməyəcəm. Tçiani deyir ki, dəyməyin, əlimi dost qanına batıra bilmərəm, bir yerdə çörək kəsmişik. Bax, düz bir ildir, devrilmiş prezident dirəşib, xuntanın humanizmindən sui-istifadə edir.

İndiki qocalar bilər, keçmiş dönəmlərdə belə söhbət yox idi, devrilməkdə olan prezidenti elə sarayındaca vururdular, məsələ bitirdi. Bunu ona görə edirdilər ki, diktatorun tərəfdarlarının müqaviməti qırılsın. Adam sağ qalanda tərəfdarları qanlarını qaşığa qoyurdu, amma devrilmişi yerə döşəyəndə fanatlar silahı yerə qoyurdular ki, ta kimdən ötrü vuruşaq.

Banan respublikası” ifadəsi bu cür yaranmışdı. Amma bildiyiniz kimi, Yaxın Şərq ölkələrində də tez-tez hərbi çevrilişlər olur və orada banan yox, xurma məşhurdur. Ona görə də artıq “banan respublikası” ifadəsi ilə yanaşı gərək “xurma respublikası” söz birləşməsindən də istifadə edək.

Bəlkə də ötən əsrin 60-cı illərindəki çevrilişlər ənənəsi davam etsəydi, xurma bananı üstələyəcəkdi. Amma o illərdə hər ölkədə bir general hakimiyyəti götürdü və 30-40 il heç bir dövlət çevrilişi olmadı, sakitlik oldu. Arada kimlərsə qımıldanır, nəsə cəhdlər etmək istəyirdilər, amma diktatorlar belə təşəbbüsləri yerindəcə boğurdular, sabitliyin pozulmasına imkan vermirdilər. “Boğurdular” deyəndə boğulan təkcə təşəbbüs və azadlıqlar olmurdu, elə baş qaldıranların özlərini də boğurdular – bəzilərini kəndirlə, bəzilərini suda, bəzilərini sellofon torba ilə.

Hərçənd sonralar üsyançılar da devrilənlərə qarşı qanacaqsız etdilər. Səddam Hüseynin nəslində bir başıpapaqlı qoymadılar, Qəzzafini nə günə qoydular. Ağsaqqal kişi ha yalvardı ki, etməyin, eləməyin, atanızam, məhəl qoymadılar, dedilər, atamız olub anamızı ağlatmısan.

Əgər gələcəkdə Liviyada hakimiyyət Qəzzafinin oğlu Seyfülislamın əlinə keçsə, o, bişəkk, Liviya xalqına dra-dra dedirdəcək.

O paralellər elədir. Hakimiyyət davası 500 il, 1000 il, 1500 il əvvəl necə gedirdisə, eləcə də davam edir. Sadəcə, əvvəllər səhranın bu tərəfindən o tərəfinə dəvə karvanı və qılıncla gedirdilərsə, indi pikap karvanı və “Kalaşnikov”la gedirlər.

Bir ara ABŞ və Avropa ölkələri çox çalışdılar ki, onlara da seçki keçirməyi, respublika qurmağı öyrətsinlər, onlar da mütləqiyyətdən əl çəksinlər. Olmadı. Respublikalar quruldu, amma ömürlük hakimiyyət sevdası, monarxiya ehtirası sönmədi.

İndi ta Qərb də xurma yetişən ölkələdən heç nə tələb etmir, deyir, öz bildiyiniz kimi yaşayın, bir-birinizi də necə istəyirsiniz, qırın.

Suriyada Bəşər Əsədin devrilməsinə baxmayın, bura qədər filmin jurnalıydı, film hələ yeni başlayır. Özü də bu dəfə ağ-qara və bir-iki seriyalı film olmayacaq, rəngli serial olacaq.

Samir SARI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90