image-rt-reklam
image-1backend

Azərbaycanda uşaq bağçalarında bu kadrlar tapılmır: SƏBƏB NƏDİR?

image-728x90

Məktəbəqədər təlim-tərbiyə uşaqların gələcəyi üçün əla başlanğıcdır. Pedaqoqlar bildirir ki, övladlarımızın bu dövrdə necə təhsil alması, hansı təlimləri görməsi, hansı tərbiyədən keçməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bəzi valideynlər təhsilə o qədər yönəlirlər ki, uşaqların sağlamlığı diqqətdən kənar qalır.

Qeyd etmək lazımdır ki, bəzi xəstəliklər məhz uşaq bağçasından yaranır. Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsi (uşaq bağçası) var. Həmin bağçaların 1 091-də tibb bacısı fəaliyyət göstərir. Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə 339 vakant yer mövcuddur.

Təhsilsiz bağça düşünə bilmədiyimiz halda səhiyyəsiz necə düşünürük?

Bununla bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Publika.az-a açıqlama verib.

O qeyd edib ki, təhsil müəssisələrində, xüsusən də bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant yerlərin olmasına diqqət yetirmək lazımdır:

“Burada bir sıra səbəblər var. Birincisi, qeyd olunan vakansiyalar müxtəlif bölgələr üzrə ola bilər. Bəzən ucqar rayonlarımızda bu kimi vakansiyalar olur. Vakansiyalar olsa belə, ucqar bölgələrdə tibb işçiləri təchizat baxımından tam təmin olunmur. Buna görə də bir qədər çatışmazlıqlar var. İkinci səbəb səhiyyə sektorunda aparılanan islahatlardır. Bununla yanaşı, əmək haqqının kifayət qədər aşağı olması əsas səbəblərdən biridir. Kadr axıcılığı əsasən maliyyə ilə bağlıdır. Üçüncü məsələ isə ondan ibarətdir ki, vakansiyalar barədə məlumatlılığın daha da artırılmasına ehtiyac var”.

Millət vəkili əlavə edib ki, hazırda həm regionlardakı, həm də paytaxtdakı uşaq bağçalarının maddi-texniki bazası güclənməyə doğru gedir:

“Son illər uşaq bağçalarında aparılan təmir və yenidənqurma işləri yüksək sürətlə davam edir. Bu da çəkicilik baxımından ortalama maaş göstəricilərinə təsir etməlidir. Əvvəlcə bağçalarda olan çatışmazlıqlar araşdırılmalı, daha sonra isə vakansiyaların əhaliyə doğru təqdim olunması və maarifləndirmə işinin aparılması istiqamətində tədbirlər görülməlidir. Əgər bütün bunları həll etsək, gələcəyimiz olan uşaqların sağlamlığının ilkin səhiyyə pilləsini düzəldə bilərik”.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov isə bildirib ki, əvvəllər məktəbəqədər təhsil müəssisələri yerli icra hakimiyyəti orqanlarının tabeçiliyində fəaliyyət göstərirdilər:

“Prezidentin müvafiq Fərmanı ilə məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bu zaman isə bəzi problemlər üzə çıxıb. Odur ki, hazırda məktəbəqədər təhsil müəssisələrində ciddi islahatlara ehtiyac var. Bu islahatlar həm də məktəbəqədər təhsil müəssisələrində kadrlara münasibətdə özünü göstərməlidir. Çünki məktəbəqədər təhsil müəssisələrində işə qəbul zamanı ciddi qüsurlara yol verilir. Göründüyü kimi, bağçalarda tibb bacısı ştatı üzrə çatışmazlıqlar mövcuddur. Halbuki məktəbəqədər təhsil müəssisələrində tibb bacısı vəzifələrinin tutulması olduqca vacibdir. Ona görə ki, bu, birbaşa həmin müəssisələrdə təhsil alacaq uşaqların sağlamlığı ilə bağlıdır. Əslində, sözügedən ixtisas üzrə kadr hazırlayan xeyli müəssisə fəaliyyət göstərir. Sadəcə, burada başqa məsələ var”.

Ekspert əlavə edib ki, bağçalarda işləyən tibb bacılarının əmək haqqları qənaətbəxş deyil:

“Buna görə də əmək haqqlarının və digər sosial qayğıların qarşılanması ilə bağlı işlər görülməlidir. Təbii ki, bütün bunlar araşdırılmalıdır. Nazirlik tərəfindən bu işləri həyata keçirəcək müvafiq agentlik yaradılıb. Hazırda agentlik tərəfindən ciddi işlər aparılır. Yaxın gələcəkdə sözün həqiqi mənasında yaxşılığa doğru dəyişiklikləri hiss edə biləcəyik. Hesab edirəm ki, bu istiqamətdə yanaşmalar dəyişməli, yeniliklər tətbiq olunmalıdır. Çünki yerlərin boş olmasının yeganə səbəbi kadr çatışmazlığı deyil. Səbəblərdən biri də vakansiyaların gizlədilməsidir. Bəzən həmin vakansiyalar qeyri-peşəkarlara həvalə olunur. Buna nümunə kimi orta məktəblərdəki kitabxanaçılıq işini göstərə bilərik. Belə ki, bəzən kitabxanaçılıq ştatına bu işlə məşğul olmayan, diplomsuz biri qəbul edlir. Tibb bacısı ixtisası ilə bağlı məsələ də eynilə belədir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, təhsilin ilk pilləsi mütləq sağlamlaşdırılmalıdır. Yəni bu sahədə rəhbərlikdən tutmuş siravi işçiyə qədər hər kəsin peşəkarlıq səviyyəsinə xüsusi diqqət yetirilməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90