Anası Məlahət ananın qonağıyam, Şücaət xalasının evində. Söhbət illər əvvələ gedir:
-Uşaq yaşlarından zəhmətə alışdı Emin. Atasız böyümüşdü, evin də tək övladı idi. Mən artıq böyümüşəm, evin kişisi olacağam, deyib qonşuluqdakı avtomaşın yuyulduğu müəssisədə işə başlamışdı. Evin kirayə haqqını ödəməyə çalışırdı. Bu minvalla ana-bala yaşayırdı ta ki o xəbər gələnə qədər.
Məlahət anaya zəng gəlmişdi hərbi hissədən.” Anam, sənin oğlunun ayağının altı düzdür,yastı pəncəliyin ağır formasıdır, əsgərliyə yararsız sayılır. Qulaq asmır axı…Neçə gündür, yatıb buranın qapısında, deyir gedəcəm,vəssəlam.”
Doğma el-obasının düşmən tapdağında qalmasını heç zaman həzm edə bilməyən Emin talassemiya daşıyıcısı olduğundan və ayaq altının düzlüyünə görə onu hərbi xidmətə aparılmaması ilə barışmadı, razılaşmadı qədəri ilə. 2019-cu ilin iyun ayında arzusuna çatır və həqiqi hərbi xidmətə yollanır. Goranboy rayonunda hərbi xidmətdə olduğu vaxtda Vətən müharibəsi başlandı, 44 günlük müharibədə bizim balaca qəhrəmanımız öz təkidi ilə cəbhəyə yollanır. Və əsl qəhrəmanlıq da elə oradan başlayır. Qısa müddət ərzində bütün heyətin hörmətini qazanan gənc əsgər öz qəhrəmanlığı, vətənə məhəbbəti, qorxmazlığı ilə seçilirdi. Suqovuşan, Kəlbəcər isitiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edən kiçik çavuş müharibə vaxtı çoxlu sayda yaralı və şəhidlərimizi döyüş meydanından xilas etmişdi. Oktyabrın 1-də döyüş vaxtı ayağından güllə yarası alıb. Yaralı olmasına baxmayaraq döyüş yoldaşlarını tək buraxmayan oğul düşünün.Yaralı halıyla 9 yaralı əsgəri döyüş bölgəsindən çıxara bilən bir əsgər.
Sənə tərbiyə verənə qurban, sənin mərd canına min rəhmət, sənə bu Vətənin hər qarışı halal olsun, cənnətdəki şəhadətinlə ovunuruq,oğul bala. Göz yaşımız qəlbimizə axır, Məlahət ananı dinləyirik..
-Əsgər yoldaşları danışır ki, komandiri onun ayağından yaralandığını, həm də evin tək oğlu olduğunu nəzərə alaraq, əmr edib ki, çox irəli getməsin. Amma ,qızım, mənim Eminimdə olan qeyrət, vətənə bağlılıq hissi geri dönməyə qoymazdı onu. Rəhmətə gedəndən sonra 40 gün neytralda qalıb, xəbər ala bilmədik. Amma bir an olsun belə onun əsir düşəcəyinə inanmadım, xəbər gözlədim sakitcə. Ümidimi üzmədim noyabrın 20-ə qədər. Gəldi, amma evimizə gəlmədi, Fəxri xiyabana getdi, özüdə birdəfəlik…”
Bu qəhrəmanlıq salnamələri bizim əsgərə məxsusdur yalnız. Bizim qanımızda var bu dəli Vətən sevdası, bu qorxmazlıq, gözüqaralıq. Bizim Azərbaycan qadınına məxsusdur bu qəhrəman analıq, şəhid anası adını layiqincə daşımaq.
Məlahət ana hal-hazırda bacısı ilə yaşayır, vaxtilə oğlunun kirayəsini ödədiyi evdə yaşamağa güzəranı yetməyib daha. Hər kəlməsini dərindən analiz edirəm beynimdə, qulağıma sırğa edirəm bəzi sözlərini. “Qızım, mən Eminin anasıyam, Eminin yanına ona layiq şəkildə getməliyəm, üzüağ,alnıaçıq. Vətən sağ olsun,təki. Oğlumun adı itməsin, yaşasın, bircə bunu istəyirəm.”
Kiçik evin divarlarını bəzəyən şəkillərə baxıram, deyirəm, gəl, boyuna qurban, ay vətən oğlu…Yaraşığından cənnət havası gəlir. Vətən sənə oğul dedi, əsgərim, gözün arxada qalmasın. Bir tək nigarançılığın qalıb, bilirəm. Anan sarıdan narahatsan. Əlimizdən gələni əsirgəmərik, Məlahət ana bütün Azərbaycanın anasıdır artıq. Rahat və nur içində uyu, şəhidim, əmanətin əmanətimizdir.
Hə, bu arada bir sirr də verim, ərkyana danladı məni, “anam deyirsən amma yeməyə qalmadın.”Mənə başmaq alıbmış, dedim başım-gözüm üstünə. Övladın ən şirin haqqıdır ana payı. Xətrin qalmasın, qardaşım, ananı analığa götürmüşük, incimə bizdən…
Gülər Mübariz