image-rt-reklam
image-1backend

Trampın Azərbaycan siyasəti necə olacaq? – Markov

image-728x90

2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Tramp prezident olanda Azərbaycana qarşı heç bir neqativ çıxış etmədi. Üstəlik, bundan əvvəl Tramp Azərbaycana silah satışını dəstəkləyib. Ermənistan və Azərbaycana satılan silah həcmini balanslaşdırılmışdı, lakin Trampın dövründə Azərbaycana silah daha çox satılırdı.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov ABŞ prezidenti seçilən Trampın Azərbaycan və Cənubi Qafqaza münasibətini şərh edərkən deyib.

Markov Trampın əvvəlki hakimiyyətindəki təcrübəsini xatırladaraq qeyd edib ki, respublikaçıların namizədi Azərbaycanla münasibətində kəskin mövqe nümayiş etdirməyəcək və proseslər ABŞ-ın Cənubi Qafqaz siyasətinin bir hissəsi kimi davam edəcək:

“Prezident Trampın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dəqiq mövqeyi yox idi. Burda bir neçə məqam var. Seçkilərdən əvvəl Tramp ermənilərə dəstək üçün üz tutdu, çünki ABŞ-da erməni icması var. Trampın məqsədi təkcə ermənilərin səsini qazanmaq deyil, həm də onların Harrisə səs verməməsini təmin etmək idi. Nəzərə almaq lazımdır ki, Tramp İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana hərbi yardımı ilə bağlı heç bir narazılıq ifadə etməmişdi. Erməni lobbisi NATO üzvü kimi Türkiyəyə verilən Amerika silahları məsələsini fəal şəkildə gündəmə gətirirdi. Bütün bunlar, təbii ki, sübut olunmamış faktlardır. Amma Tramp ermənipərəst olsaydı, Türkiyədən Azərbaycana ehtimal olaraq verildiyi iddia edilən silahlar barədə mənfi danışardı. Lakin Tramp susdu”.

Markovun sözlərinə görə, Tramp hakimiyyətə gəldikdən sonra ümumiyyətlə iqtisadi inkişafa yönəlmiş praqmatik siyasət yürüdəcək:

“Bu baxımdan Azərbaycan ABŞ üçün Ermənistandan qat-qat cəlbedici tərəfdaşdır. Çünki Azərbaycan iqtisadi baxımdan Ermənistandan daha təsirli və güclüdür. Azərbaycan neft-qaz resursuna malikdir. Neft-qaz isə müasir iqtisadiyyatda əsas amildir. Trampın ətrafında daha çox ermənipərəst sayılan Rama Svami, kiçik Robert Kennedi və Tulsi Qabbar kimi siyasətçilər var. Onlar dəfələrlə “artsax” terminindən istifadə ediblər və az-çox erməni lobbisinə bağlı hesab olunurlar. Əgər onlar Tramp administrasiyasında mühüm mövqelər tutsalar, Trampın siyasətinə ermənipərəst baxımından təsir göstərə bilərlər”.

Politoloq qeyd edib ki, Azərbaycan enerji layihələrini Tramp dövründə də uğurla davam etdirə biləcək:

“ABŞ-ın siyasəti Amerika qazının və neftinin Avropaya satışına yönələcək. Buna qismən Rusiyanı Avropa bazarından sıxışdırmaqla nail oldular. Bu siyasət gələcəkdə də davam etdiriləcəkdir. Tramp neft və qaz hasilatını təşviq edəcəyini deyir. O, ABŞ-ın Rusiya və Səudiyyə Ərəbistanının hər ikisinin hasilatından daha çox neft və qaz hasil etməsini istəyir. Bunun üçün o, şist qazının krekinqi kimi qeyri-ekoloji üsullarla əldə olunması, boru kəmərlərinin tikintisi, neft və qaz hasilatına qoyulan digər ekoloji məhdudiyyətləri aradan qaldıracaq.

Eyni zamanda, ABŞ-ın Azərbaycandan qaz və ya neft almasına mane olması üçün Avropaya siyasi təzyiq göstərməyə çalışması çətin görünür. Üstəlik, Avropa Birliyinin iqtisadiyyatı kifayət qədər böyükdür və bunun üçün təkcə Amerika qazı və nefti kifayət etməz. Avropa başqa mənbələrdən neft-qaz almağa məcburdur. Tramp Azərbaycanın Avropaya qaz nəqli siyasətini ABŞ-a rəqib görmür və buna mane olmayacaq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90