image-2000x150
image-1backend

Növbədə Vyetnamdır: Cənub Şərqi Asiyada yeni “pələng”in peyda olması Bakıya nə vəd edir?

image-728x90
Populyar Qərb kanalları (Discovery, Viasat History, BBC və s.) Vyetnam haqda maraqlı verilişlər verirlər. 80-ci illərin sonu 90-cı illərdə Çin haqda da belə veriliş və reportajlar edilərdi. Bir fransız müəllifin 66-cı ildə ruscaya tərcümə edilmiş kitabına baxıram. O zaman (50-ci illərin sonu 60-cı illərdə) Yaponiya haqda da belə veriliş, reportaj və oçerklər hazırlanırmış.

O kitabda yazılanlara görə, yaponlar özlərini Qərbdə təqdim etmək üçün dəridən- qabıqdan çıxır, mütləq yeniliklər tətbiq etməyə çalışır, bu zaman Asiya feodalizminin qəribə qalıqları ilə modernizm axtarışları arasında kəskin təzadlar hər kəsi heyran salırmış. Kitab tam ironiyadır yapon təzadlarına. Kitabın nəşrindən təxminən 20-25 il sonra fransızların çəkdiyi, baş rolda Jan Renonun oynadığı “Vassabi” filmini xatırlayırsınız yəqin. Miras dalınca Yaponiyaya gələn parisli polis zabiti özünü gələcək zamana düşmüş “Sehirli xalat” filminin pionerləri kimi hiss edir. Cəmi 20-25 il əvvəl yaponlara ironiya edən fransızlar bu dəfə yaponlardan geridə qaldıqlarına görə özlərinə ironiya edirdilər.

Bir 10 il əvvələ kimi dünya Çini ucuz geyimlər, keyfiyyətsiz dublikatlar ölkəsi kimi tanıyırdı. Amma indi dünyanın az qala hər yeni kəşfi, hər yeni ixtirası Çində edilir. Mətbəxi, texnologiyası, yüngül, ağır, hərbi, qida, avtomobilqayırma sənayesi, elektrotexnikası, bank-maliyyə sistemi, aqrar yüksəlişi, hətta turizmi ilə dünyanı fəth edir. “Bir kəmər-bir yol” layihəsi baş tutsa, bu, dünyanın Çin nizamına tabe edilməsi demək olacaq. İndi kimsəyə sirr deyil ki, bizim Zəngəzur dəhlizi, İraqın İnkişaf yolu ətrafında təbəddülatlar, 2023-cü il sentyabrında G-20-nin Dehli sammitində Hindistan-Yaxın Şərq-Avropa dəhlizi (IMEC) yaradılacağı elan olunandan 10-15 gün sonra yaxın Şərqdə yeni müharibənin (HƏMAS-İsrail) başlaması, Hindistanın Ermənistanı silahlandırması təsadüf deyil; az qala hər gərginliyin arxasında Çinin bu böyük layihəsini əngəlləmək məqsədi dayanır.

Bax indi Vyetnamda yaşananlar da 50-60 il qabaq Yaponiyada, 20-30 il qabaq Çində yaşananlara bənzəyir. Buna Qərbin də dəstəyi var. Kamaran bazasından Rusiyanın çıxarılmasından sonra ABŞ-la əlaqələr sahmana salınıb, Vaşinqton müharibəyə görə üzr istəyib, öz bazarını (dünyanın ən böyük istehlak bazarını) Vyetnamın üzünə açıb. Mekonq çayı boyunca irili- xırdalı onlarla şəhərdə Qərb fabrik-zavodları açılır, iri şirkətlər effektiv idarəçilik, imtiyazlı şərtlər və ucuz işçi qüvvəsi üçün Vyetnama axışırlar. Pandemiya və Rusiya-Ukrayna savaşı səbəbilə Çinə bəzi məhdudiyyətlə qoyulduqdan sonra Qərb şirkətlərinin Çindən Vyetnam dreyfi daha da artıb.

Niyə inkişafa daha əvvəl başlamış Tailand, Malayziya və İndoneziya yox, məhz Vyetnam?

Tailand etnik baxımdan Laosla yuxarı- şağı eyni dominant etnosa sahibdir (bizimlə Türkiyə kimi). Malayziya və İndoneziyada eyni dövlət dili istifadə edilir (hərçənd İndoneziyada bu dilin adına “bahasa İndonesia” deyilir), üstəlik, Bruney kimi varlı sultanlıq da malay dövlətidir, Sinqapur da yarımmalay dövləti sayıla bilər. Amma iş ondadır ki, bu ölkələrin hər birində güclü çinli diasporlar var, Sinqapuru onlar idarə edir, Malayziya, İndoneziya və Tailandın bütün maliyyə sektoru+ biznes həyatı demək olar ki, bu diasporun əlindədir və həmin ölkələri Çinin iqtisadi, bəzən də siyasi satellitlərinə çevirə biliblər. Hərçənd, məsələn, Malayziyada Məhazir Muhəmməd hökuməti ABŞ-dan əxz etdiyi “pozitiv diskriminasiya” siyasəti ilə yerli malayların tədricən önə çıxması üçün çox zəhmət çəkib.

Vyetnamda bu problem yoxdur: vyetlər (vyetnamlılar) əhalinin mütləq çoxluğunu təşkil edir, olduqca azsaylı çinli icması nəzərəçarpacaq rola malik deyil. Əksinə, Çinin cənub vilayətlərində vyetlərə yaxın icmalar yaşayır, Vyetnamın inkişafı onları da cəlb edəcək. Digər etnik azlıqlar yenə de vyetlərə yaxın xalqlardır. Eyni xalqlar Kambocada da çoxluqdadır, Laosda isə nüfuzlu azlıqdırlar. Yəni Vyetnamın inkişafı üzərində süni maneələr olmasa, ətrafdakı yaxın mədəniyyətli iki ölkəni və çoxsaylı dini-etnik icmaları da əhatə edəcək bir zolaq yarada bilər. Başqa sözlə, Vyetnamın Cənubi Koreya kimi inkişaf etməsi, Çinin həm Şimaldan, həm Cənubdan alternativ tarixi, mədəniyyəti, iqtisadiyyatı olan Səmaltı imperiyaya qarşı dura biləcək dövlətlərlə əhatələnməsi Qərbin də marağındadır. Çin, ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünya nizamına meydan oxumaq və regionda dominant gücə çevrilmək üzrə olan yüksələn bir supergücdür, əksinə, Vyetnam orta gücə malik bir dövlətdir. Vyetnam əhalisi 100 milyondur, ərazisi təxminən Almaniya ilə eynidir, lakin kifayət qədər kasıb ölkə olaraq qalır: adambaşına düşən ÜDM baxımından o, hətta Çindən demək olar ki, üç dəfə yoxsuldur.

Ötən ilin sentyabr ayında Co Baydenin Hanoya səfəri zamanı ABŞ gözlənilmədən Vyetnamla münasibətlərin statusunu “hərtərəfli strateji tərəfdaşlığa” yüksəltdiyini elan etdi. Vyetnamın xarici tərəfdaşlarının diqqətlə qurulmuş iyerarxiyasında bu, ABŞ-ı Çinlə eyni səviyyədə yerləşdirdi. “Newsweek”-ə görə, ABŞ-ın Vyetnamla son razılaşması Çinin bölgədəki təsirini zəiflətmək üçün iqtisadi və yumşaq gücündən istifadə nümunəsidir.

İş ondadır ki, Qərbin istəklərinə rəğmən Hanoy 1970-ci illərin sonlarında Çinlə münasibətlərdə buraxdığı səhvləri təkrarlayıb, açıq qarşıdurmaya getmək istəmir

Çin lideri Si Szinpinin Hanoya səfəri zamanı Vyetnama dəmir yollarının modernləşdirilməsinə, o cümlədən Çinin cənubundan Vyetnamın Hayfonq limanına xətt çəkilməsinə kömək təklif edilib. Xətt nadir torpaq metallarının yataqlarının olduğu Vyetnam regionundan keçəcək. Çin günəş panelləri və elektrik avtomobillərinə akkumulyatorlar hazırlamaq üçün lazım olan bu metalların dünyada ən böyük istehsalçısıdır. Çin və Vyetnam liderləri ən azı ictimaiyyət qarşısında danışmadıqları məsələ Cənubi Çin dənizi ilə bağlı hüquq mübahisələri, eləcə də 1970-1980-ci illərdə sərhəd toqquşmalarına səbəb olmuş ixtilaf haqqındadır.

Vyetnam Çinin “Kəmər və Yol” Təşəbbüsünün bir hissəsi kimi investisiya təkliflərinə çox da həvəsli deyil, çünki əhalinin Çinin ölkə üzərində artan iqtisadi təsirindən narazılığı ola bilər. Çin Vyetnamın ən böyük ticarət tərəfdaşıdır, ticarət həcmi ildə 200 milyard dollara çatır. Pekin Vyetnamda ən böyük birbaşa investisiya mənbəyidir.

Hanoy bir-biri ilə rəqabət aparan Çin və ABŞ, eləcə də ənənəvi olaraq isti münasibətlərdə olduğu Rusiya ilə balanslı siyasətdən mümkün qədər çox fayda əldə etmək istəyir.

“Nguyen Phu Trong” bunu “bambuk diplomatiyası” adlandırır, çevik xarici siyasət, dörd “olmaz”a söykənir: hərbi ittifaqlara girmək olmaz, üçüncü ölkə ilə münaqişəsində heç bir ölkəyə qoşulmaq olmaz, xarici hərbi bazalara icazə vermək olmaz, xarici əlaqələrdə güc tətbiq etmək olmaz.

Amma görünür, Çinin Vyetnama təsir imkanları təsəvvür ediləcəyindən də xeyli çoxmuş. Bu yaxınlarda Truong My Lan adlı bir vyetnamlı milyarderin 44 milyard dollarlıq maliyyə fırıldağına görə ölüm hökmü alması xəbərini dünyanın aparıcı KİV-ləri manşetdən təqdim edirdi. Bu dodaq uçuqladan rəqəm Vyetnam iqtisadiyyatı üçün olduqca iri məbləğdir. İstər-istəməz Vyetnamı Cənub Şərqi Asiyada Çinə alternativ görmək istəyən investorları, beynəlxalq oyunçuları, el digərlərini düşündürəcək suallar ortaya çıxır: Ölkədə qanunvericilik, hüquq sahəsində boşluqlar nə qədərdir ki, belə fırıldaq baş verə bilir? Belə ölkə investisiya yatırımı üçün nə dərəcədə etibarlıdır?

Fırıldaqçı biznes ledinin personası da düşünmək üçün əlavə mövzu verir. Yuxarıda izah etdik ki, Vyetnamı cəlbedici edən amillər sırasında burda çinli diasporun azsaylı olması, Çinin digər region ölkələrindən fərqli olaraq Vyetnam iqtisadiyyatını iqtisadi fəal diasporun vasitəsilə ələ keçirmək imkanları azdır. Amma Vyetnam iqtisadiyyatında, maliyyə bazarında zəlzələ effekti yaratmış Truonq My Lan etnik çinlidir, həyat yoldaşı da çinlidir, milyarderə çevrilməsi məhz Çinlə ticarət əlaqələri sayəsində mümkün olub.

Bəs Cənub Şərqi Asiyada yeni “pələng”in peyda olması bizə nə vəd edir? 80-90-cı illərdə Bakının küçələrində, tələbə yataqxanalarında tez-tez rastlaşdığımız kasıbfəndi geyimli, bəstəboy, çəlimsiz vyet oğlan və qızlar indi xaricdə təhsil almış mütəxəssis kimi çoxsaylı yeni şirkətlərdə, müəssisələrdə rəhbər postlar tutur, diplomat, neft mühəndisi, həkim kimi ölkəsinə xidmət edir, ya da uğurlu sahibkar kimi tanınır. Yəni Vyetnamın inkişafında bizim də töhfəmiz var, istək olsa, Bakı məzunlarını lobbiyə çevirə, o inkişafdan az- çox nəsibimizi ala bilərik. Yeri gəlmişkən, Vyetnamın mədən sənayesini azərbaycanlılar yaradıb, ilk vyet filmini də azərbaycanlı Əjdər İbrahimbəyov çəkib və s. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın Vyetnamla uğurlu siyasi əməkdaşlığı da olub. Azərbaycan Prezidenti II Qarabağ savaşından sonrakı çıxışlarının birində qeyd edirdi ki, beynəlxalq səviyyədə ölkəmizə qarşı hücumların qarşısının alınmasında Qoşulmama Hərəkatına üzv dövlətlərin də rolu olub.

Cəmaləddin Quliyev, siyasi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90