image-rt-reklam
image-1backend

Makronun Yeni Kaledoniyada soyqırımı planı: Paris Bakını niyə ittiham edir?

image-728x90

Sakit okeanda – Avstraliya sahillərində yerləşən, dünyanın ecazkar təbiətinə sahib olan Yeni Kaledoniyada küçə toqquşmaları baş verir: barrikadalar qurulub, küçələrdə yanğınlar var, fransız hərbçilər etirazçılara, sözün gerçək mənasında divan tutur və bu, yüzillərdir müstəmləkə siyasəti yürüdən Fransa üçün o qədər də yad addım deyil.

Və bütün bunların fonunda – uzaq Avstraliya sahillərindəki kiçik adada baş verən bu qarğaşada Azərbaycanın adı bir nömrəli məsələ kimi hallanmaqdadır. Fransa işğalından xilas olmağa çalışan aborigen xalq Bakıya böyük ümidlər bəsləyir, rəsmi Paris də baş verənlərə görə Azərbaycanı ittiham edir. Bu kontekstdə Yeni Kaledoniyada nə baş verdiyini anlamağa ehtiyac yaranıb. Orda əslində nə baş verir, Sakit Okeanın bu kiçik adasında baş verənlərin Azərbaycana nə aidiyyəti var, Makron niyə Bakını günahlandırır?

Fransanın müstəmləkə siyasətinin tarixi yüzillərə dayanır. Və bu tarixin böyük hissəsi qanlı müharibələr, qətllər, qırğınlar, soyqırımı ilə doludur. Yeni Kaledoniya da XIX əsrin ortalarında Fransa tərəfindən işğal edilib. Fransanın müstəmləkələri müstəqillik uğrunda ağır mübarizə apardılar və uğur qazandılar, fransız təsiri qalsa da, ən azı müstəqilliklə bağlı nələrsə qazanıblar. Lakin bir çox müstəmləkə ərazisi kimi Yeni Kaledoniya da Fransa ərazisi olaraq qalır. Adanın zəngin təbii ehtiyatları var: kobalt, nikel, qızıl, alüminium, molibden və s. Misal üçün, ada nikel istehsalına görə dünyada dördüncü sıradadır. Son illər Fransanın adanın təbii ehtiyatlarından qazancı azalsa da, bu ərazilər Paris üçün “yağlı kökə” olaraq qalmaqdadır.

Adanın yerli əhalisi kanaklardır. Onlar Fransa vətəndaşıdırlar, lakin mühacir olan ağdərəli fransızlarla müqayisədə daha az hüquqlara malikdirlər. Məlumatlara görə, hazırda 5 minə yaxın etirazçı paytaxt Numeada, 4 minə yaxın etirazçı isə digər bölgələrdə müstəqillik tələbi ilə çıxış edir.

Fransa baş verənlərə görə Azərbaycanı ittiham etsə də, Yeni Kaledoniyada yaşananlar Makron Administrasiyasının yanlış siyasətinin nəticəsidir. Etirazların kökündə də Makronun “islahat” adı altında atdığı addımlar dayanır.

Yeni Kaledoniyanın 54 deputatdan ibarət regional məclisi fəaliyyət göstərir. O cümlədən, 11 nəfərdən ibarət yerli hökuməti var. Yeni Kaledoniya Fransa parlamentinin aşağı palatasında iki, o cümlədən, yuxarı palata olan Senatda iki deputatla təmsil olunur. Yerli əhali olan kanakların müstəqillik mübarizəsi yeni deyil. Bununla bağlı nəticəsi müsbət olmasa da, 1987-2018-ci illər ərzində üç referendum keçirilib. Yerli müstəqillik tərəfdarları ilə Fransa hökuməti arasında son müqavilə 1998-ci ildə imzalanıb. “Numea sazişi” adlanan müqaviləyə görə, sənəd imzalanana qədər adada yaşamış sakinlərin və onların nəsilləri yerli parlamentdə səsvermə hüququna malikdir. Bu, kanaklar üçün əhəmiyyətli məsələdir, çünki mühacirlərin adanın idarəetməsində güclü təsirləri onların mövqelərini zəiflədir. “Numea sazişi”ndən sonra sülh dövrü başlandı, Makronun “islahatları”na qədər.

Makron 1998-ci il sazişindən imtina etdi və adada 10 il yaşayan hər kəsə yerli parlament seçkilərində səsvermə hüququ verən qanun layihəsi irəli sürdü. Bu, Yeni Kaledoniyada ağ fransızların səsvermə hüququ alması və seçicilərin sayının kanakların əleyhinə 14 faiz artması deməkdir. Adada demoqrafik vəziyyət də yerli əhalinin əleyhinə dəyişir, çünki fransızlar iş üçün bura gəlir və öz ailələrini də gətirirlər. Onilliklərdir davam edən mühacirət prosesi demoqrafiyaya mənfi təsir edib. Məlumatlara görə, adada 300 minə yaxın sakinin 100 minə yaxını yeni gələnlərdir. Gəlmələr Yeni Kaledoniyanın müstəqillik mübarizəsinin əleyhinədir. Makron hökuməti tərəfindən irəli sürülən “səsvermə hüququ” ilə bağlı qanun layihəsi mayın 14-də Fransa parlamenti tərəfindən təsdiqləndi. Məhz bundan sonra Yeni Kaledoniyada etirazlar başladı. Numeada küçə döyüşləri gedir, adaya qoşun yeridən Fransanın yeni soyqırımı törədəcəyi istisna edilmir.

Makronun bu gedişinin iki mümkün səbəbi var:

Birincisi, Yeni Kaledoniyada müstəqillik mübarizəsini seçki yolu ilə boğmaq, adaya yerləşən fransızların üstünlüyünü təmin etməkdir.

İkincisi, birbaşa Fransa daxili siyasətində mövqelərini gücləndirməkdir.

Fransa daxili siyasətində sağçıların – Marin Le Pen və ideoloji olaraq ona yaxın olanların mövqeləri güclənir. Gözləntilərə görə iyunun 9-da keçiriləcək Avropa Parlamenti seçkilərində ifrat sağçılar qələbə qazana bilər. Bu halda 2026 və 2027-ci illərdə bələdiyyə, daha sonra prezident seçkilərində sağçılar üstünlük qazana bilərlər. Siyasi ekspertlər hesab edir ki, Fransada burjua və fəhlə sinfi Makronun siyasi oyunlarından bezdiyi üçün Le Pen və onun komandasını dəstəkləyəcək. Makron Yeni Kaledoniya ilə bu vəziyyəti dəyişməyə çalışır. Çünki adada fransızların yerli əhali ilə bərabər hüquqlara malik olmasını sağçılar tələb edir. Makron da bu tələbi yerinə yetirməklə sağçıların Le Penə gedəcək səslərini bölməyi planlaşdırır.

Hərçənd, bu yanlış addım Yeni Kaledoniyada partizan mübarizəsinin başlanması ilə nəticələndi. Fransa adada fövqəladə vəziyyət elan edib, Makron etirazçılarla danışa biləcəklərini deyir. Faktiki olaraq, Fransa hökuməti başını itirmiş vəziyyətdədir. Fransa daxili işlər naziri Jerald Darmaninin baş verənlərə görə Azərbaycanı ittiham etməsi bu kontekstdə təsadüfi deyil. Rəsmi Paris bununla diqqəti “kənar qüvvəyə” yönəltməyə, yanlış addımlarının yaratdığı vəziyyətə görə məsuliyyətdən yayınmağa çalışır. “Kənar qüvvə” gedişi həm də adada etirazçılara qarşı zorakılığı legitimləşdirmək məqsədi daşıya bilər.

Azərbaycanın Yeni Kaledoniyaya dəstək verdiyi sirr deyil. Hərçənd, məsələ təkcə bu ada ilə bağlı deyil. Qoşulmama Hərəkatı tərkibində Bakı Təşəbbüs Qrupu yaradılıb və Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda təmsil olunurlar. Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat Yeni Kaledoniyada baş verənlərlə bağlı birgə bəyanat yayıb.

“Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan “insan hüquqları ölkəsi” adlanan Fransa dövlətinin kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”, – bəyanatda deyilir.

Fransa isə beynəlxalq diqqəti özünün işğalçı siyasətindən, insan haqlarını tapdamasından yayındırmaq üçün Azərbaycanın adını hallandırır.

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90