image-2000x150
image-1backend

Arsenalımızda daha iki yeni silah – hərbi qüdrətimiz düşmənə “göz dağı” kimi

image-728x90

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Komandanlığı (XTQ) pilotsuz uçuş aparatları əleyhinə sistemlərin istifadəsinə başlayıb. Bu barədə Defence Türk X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Azərbaycan Hərbi Hava Qüvvələrinin ardınca Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Komandanlığı (XTQ) ASELSAN İHASAVAR pilotsuz uçuş aparatları ilə mübariz sistemlərindən istifadə etməyə başlayıb”, – məlumatda deyilir.

Nəzərə çatdıraq ki, ASELSAN İHASAVAR sistemi pilotsuz uçan aparatın idarəetmə siqnalını bloklamaq prinsipi əsasında qurulub ki, bu da kiçik ölçülü İHA-ların əksəriyyətini zərərsizləşdirməyə imkan verir.

İHASAVAR hərbi obyektləri/bazaları, hökumət binalarını, idarələri, mərasim yerlərini və nəzarət-buraxılış məntəqələrini qorumaq üçün istifadə olunur. Sistemin kompakt dizaynı, daşınma qabiliyyəti və yüngüllüyü istifadəçi üçün minimum enerji sərfiyyatını təmin edir. Sistem həm elektrik batareyaları, həm də yüksək tutumlu təkrar doldurulan batareyalar əsasında uzun müddət işləyə bilər.

Bundan əlavə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni törəmə şirkətin- “Turkish Aerospace Azerbaijan”ın yaradıldığını bildirib. Bu haqda şirkətin yaydığı məlumatda deyilir.

Qeyd edilir ki, məqsəd Azərbaycan daxilində, xüsusən “5-ci nəsil qırıcı KAAN-ın modernləşdirilməsi proqramı üzrə işgüzar əməkdaşlığı dərinləşdirməkdir. KAAN milli döyüş təyyarələri layihəsində əməkdaşlıq sayəsində Azərbaycan Türkiyə ilə təkcə Silahlı Qüvvələr baxımından deyil, bütün müdafiə-sənaye kompleksi baxımından daha sıx işgüzar əlaqələrə yeni addım atacaq.

Hər iki hadisənin önəmi nədir?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-in sədri Emin Həsənli Azərbaycanın təhlükəsizliyi üçün zəruri olan silahları əldə etdiyini söylədi: “Son 20 ildə qardaş Türkiyənin hərbi sənaye potensialı xeyli güclənib. Artıq özünü 80%-dən yuxarı silah-sursatla təmin edir. Bu müasir silah-sursatın da bir qismi Azərbaycanda var. Azərbaycan dövləti Silahlı Qüvvələri üçün özünə lazım olan son dövr texnologiyalarını ölkəmizə gətirir. Bu da Azərbaycanın müdafiə potensialını artırır. Əsas məqsəd ondan ibarətdir ki, bu silahları həm özümüz istehsal edirik, həm də qardaş Türkiyədən alırıq. Elə ölkələrdən silahlar alırıq ki, səhəri gün problem olmasın. İkinci də ölkəmiz üçün son dərəcə çox müasir silahların alınmasına xüsusi diqqət ayrılır. Dövlətimiz də son zamanlar belə silahları mütəmadi əldə edir. Bilirsiniz ki, Ermənistan sön dövrlər pilotsuz uçuş aparatlarına diqqət göstərirdi. Dünyanın bir çox ölkələri də bu silahlara xüsusi maraq göstərirlər. Bu silahlar da qardaş ölkədə çox müasir formadadır. Biz bu silahlardan II Qarabağ savaşında istifadə etdik. İndi də bu proqramın icrası çox önəmlidir. Qeyd etdiyiniz hər iki istiqamət çox gərəkli, vacibdir. Azərbaycan belə qərarlar verəndə hərtərəfli təhlil edir, öyrənir. Bu silahların uzun müddət istifadə olunmasının zəruriliyi əsas götürülür. Bu məsələlərdə Azərbaycan öz təhlükəsizliyi baxımından ən zəruri olan silahları əldə edir. Bunlar da çox önəmlidir. Həm də bunlar iqtisadi tərəfdən əhəmiyyətlidir. Eyni zamanda siyasi, hərbi baxımdan da önəmini vurğulamalıyıq. Yaxın zamanlarda Azərbaycan idxal edən ölkədən ixrac edən ölkəyə çevriləcək”.

Səxavət Məmməd – Yeni Çağ Media

Səxavət Məmməd

Hərbi ekspert Səxavət Məmməd deyir ki, Azərbaycan silah sənayesinin inkişafında maraqlıdır və bunun üçün addımlar atır: “Ölkəmiz həm yerli istehsalın inkişafında, həm də Türkiyənin məşhur silah sənayesi şirkətləri ilə əməkdaşlıqda maraqlıdır. Azərbaycan hazırda atıcı silahlar, mərmilər istehsal edir və bazarda kifayət qədər alıcısı var. Ancaq bununla kifayətlənmək olmaz. Dünya ölkələri ciddi silahlanmanın içərisindədir. Bu o deməkdir ki, silah alışına ehtiyac var. Yerli istehsal həm də Azərbaycanın xaricdən asılılığını azaldır. Bu sahədə ən böyük problem isə özəl şirkətlərin açılmamasıdır. Hesab edirəm ki, özəl şirkətlərin yaradılması Azərbaycanın silah istehsalına ciddi təkan olacaq.

Azərbaycan silah sənayesinin inkişafında maraqlı olması ilə yanaşı ordunun müasir silahlarla təmin edilməsi üçün də fəaliyyət göstərir. XTQ ASELSAN İHASAVAR pilotsuz uçuş aparatları ilə mübariz sistemlərindən istifadə etməyə başlayıb. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, xüsusilə kiçik həcmli dronlarla mübarizə aparmaq vacibdir. Görünür, XTQ komandanlığı Rusiya-Ukrayna müharibəsini təhlil edib və bu yöndə addım atıb. Hesab edirəm ki, Azərbaycan antidron sistemləri də almalıdır. Türkiyə son illərdə silah sənayesində çox önəmli işlərə imza atıb. Azərbaycan Türkiyə şirkətləri ilə əməkdaşlığı genişləndirməklə yanaşı, lisenziya alıb öz istehsal müəssisələrini də qurmalıdır. Dünya təcrübəsi onu göstərir ki, lisenziyaların alınması və yerli şirkətlərin fəaliyyəti ölkələrin milli təhlükəsizliyi və maraqları baxımından çox önəmlidir”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90