Allahımın taleyimə yazdığı qəribə alın yazım var mənim. Haradasa amansız sualla üz-üzə dayanıram, onda kimsəsizə kimsə olacaq bir insan dağ kimi dayanır arxamda, yolumu aydınladır, qəlbimdə və həyatımda yolumun əbədi mayakına çevrilir. Bunların sırasında elm fədailəri kimi şöhrətlənmiş Rəfiqə Mustafayeva, Arif Babayev, Bəylər Ağayev, Əjdər Ağayev, Nüsrət Sadıqov, Akif Abbasov, Ramiz Məmmədzadə, Yuri Kolyagin, Vadim Vilenkin, dövlət və ictimai-siyasi xadimlərdən Bəxtiyar Vahabzadə, Misir Mərdanov, Əşrəf Məmmədov, Nazim İbrahimov, Məmmədhənifə Musayev və başqaları önəmli yer almışlar. Bu şəxsiyyətlərin hər biri haqqında ürək dolusu şirin xatirələrim var. Xüsusən də onların təmənnasızlığı qarşısında mənim hər birinə mənəvi borcum nə qədər böyük görünür… və bu borc təbii olaraq artmaqdadır.
Bunun müqabilində hələlik yaddaşlara çökən bir yaxşılığın ünvanına çevrilə bilməmişəm. Yəqin, bu səbəbdən də dünyada mənəvi borcu mənimki qədərlisi yoxdur… mənəvi borc isə dərk edən şəxs üçündaha ağırdır!!!
Həyat insanlara, obrazlı söyləsək, böyülük baxımından özündən “ağır tutumlu” olan insanlarla mükalimə aparmağa, onlar haqqında söz açmağa imkan qazandırır. Təbii ki, uca Tanrı belə böyüklüyü ilə seçilən insanları məhz bu biçimdə, özünə yaxın olan xislətdə yaradıbdır ki, mənliyini və şərəfini qorumağa çalışanlar yaşamaq və yaratmaq istəyindən məhrum olmasınlar. Allaha yaxın olan bu insanların hamısının “Mənlik” keyfiyyətləri böyüklük, ucalıq, təmənnasızlıq üçbucağında çarpazlaşır.
…Mən hazırda böyüklüyü qarşısında baş əydiyim Cavanşir Feyziyevlə üzbəüz söhbətim 2006-cı ilin baharında olmuşdur. Bu görüşümüzdən sonra münasibətlərimizə davam verilmiş, bir-birimizə doğmalaşmışıq…
Qismətimə yazılan bu doğmalığın təsiri altında düşünürəm ki, görəsən, Cavanşir müəllimlə bu və ya digər səviyyədə(məqamda) münasibət nəsibi olanlar arasında ondan incik qalan varmı?
Görəsən, onun səbrinin tükənən anı olurmu? Sözügedən düşüncələr burulğanında dahi Nizami düşür yadıma, özüm özümə cavab verirəm: səbr tükənsə, insanlıq tükənər. Çünki səbr elə böyüklükdür, insanlıqdır!
Heyranı olduğum Şəkimin şair oğlu Vaqif Aslanın “Böyüklük” şeirinə diqqət yönəltməklə Cavanşir müəllimə layiq söz ehtiyatımın olmadığını gizlətmək istəyirəm:
Böyüklük alına yazılan yazı,
Cəfakeş doğulur böyük olan kəs.
Bu ağlı-qaralı dünyanın nazı,
Böyüklük olmasa, çəkilə bilməz.
Ona əli çatmaz yalanın, şərin,
Diksinməz, səksənməz yağı səsindən.
Səbrinə güc verər, düşünər dərin,
Enməz öz böyüklük mərtəbəsindən.
Dəyər topuğuna paxılın daşı,
Bilər, üzə vurmaz… böyükdür axı!
Sonra da kədərlə çatılar qaşı,
Kəsər qabağını böyük olmağı.
Böyüklük ilahi nurdur, işıqdır…
Neyləyə bilər ki, qaranlıq ona?
Böyüyün hər yerdə alnı açıqdır,
Yoxdur ehtiyacı bəzəyə, dona.
Allah böyüklüyü bəzəksiz, olduğu kimi görünmək üçün yaradır, ona böyüklüyünə görə ürək, düşüncə verir, daim onun səsini eşidir. Çünki böyüyün içində “Allah eşqi” var.. Cavanşir müəllim, məhz, dəyərli fikirlərin və işin, böyük ürəyin və əməlin sahibi olduğu üçün Haqq-taala özü onun səsinə səs verir.Uca Tanrı ona rüxsət vermişdir ki, min nəfərdən az sayda olmayan insanları iş sahibi etsin, bu və ya digər ölçüdə fəlakətə tuş gələrək amansız sual qarşısında acizləşmiş insana arxa dura bilsin, onlarla insanı mübtəla olduğu mərəzdən qoruyaraq ona sağlam cism və ruh sahibi olmasında gərək olan xərcləri qarşılamış olsun.
Deyirlər Tanrı xoşladığı bəndələrindən heç nəyi əsirgəmir. Cavanşir müəllimdə də hündür boy, düzgün qamət, simmetriya pozulmazlığı, yüksək duyum, dərin intellektual səviyyə, insanlığa, gözəlliyə bəşəri sevgi, sağlam maddi varlıq və ruh harmoniya təşkil edir. Bunlar özü insanın özünü böyüklüyə, ziyalılıq etalonuna tuş edir, eyniyyətini təsdiqləyir.
… “Şöhrət” ordenli, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvi, 8 monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifi Cavanşir Feyziyev elmi ictimaiyyət arasında məxsusi yeri olan alimdir, qlobal əhəmiyyəti və aktuallığı ilə dəyər kəsb edən araşdırmaların müəllifidir. İnanıram ki, mənim bu fikrimə, Cavanşir müəllimin “Türk Dövlətləri Birliyi:Qlobal inteqrasiyanın Avrasiya modeli(Bakı: “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, 312 s.) əsərini oxuyan hər kəs tərəfdar olar. Onun barəsində Əməkdar elm xadimi, akademik, Dövlət mükafatı laureatı Yaqub Mahmudov belə yazır: “Tanınmış alimimiz, fəlsəfə doktoru Cavanşir Feyziyev uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” monoqrafiyasını…oxudum və əmin oldum ki, həm də çox məmnun oldum ki, yaxından tanıdığım ziyalı dostum sinəsində mənsub olduğumuz müqəddəs bir dünyanın-Türk dünyasının keçmişi, bu günü və gələcəyi barədə nə qədər dərin narahatlıqlarla dolu bir ürək gəzdirirmiş! Cavanşir Feyziyevin öz yeni intibahına qovuşan türk dünyasının qarşılaşdığı və gələcəkdə də üzləşəcəyi problemlər barədə düşüncələri, təklif etdiyi çıxış yolları və irəli sürdüyü model məni çox təsirləndirdi…”
Qeydsiz-şərtsiz vurğulamağı özümə borc bilirəm ki, bu əsər türk dünyasının taleyi ilə bağlı ən aktual problemə-Türk Dünyası Birliyinin yaradılması zərurətinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır: türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, “Böyük ipək yolu” siyasətinin, Avrasiyanın “Türk konsensusu” yeni yanaşma kontekstində həll edilir. İstedadlı alim C.Ə.Feyziyev tədqiqat əsərində Türk Dövlətləri Birliyi ideyasının reallaşması müasir beynəlxalq siyasətin pozitiv dəyişikliklərini sürətləndirə bilən dönüşyaradıcı proses kimi əsaslandırır, türk xalqlarının milli-siyasi iradəsinin təzahürü olaraq gerçəkləşməkdə olan Türk Dövlətləri Birliyi Avrasiyanın yeni siyasi özünü təşəkkül potensialını üzə çıxarır. Barəsində söz açdığım yüksək elmi potensial, idraki güc, erudisiya sahibi olan Cavanşir Əyyub oğlu türk dövlətlərinin ortaya qoyduğu birlik modelini qloballaşma prosesində beynəlxalq siyasi təcrübənin yeni fenomeni kimi araşdırır.
Sözügedən əsərin hər sətrində ruha dad verən, insanın baxışlarında sabaha nikbinlik inamı yaradan məntiqlər özünə yer almışdır. Əsərin 15-ci səhifəsindən oxuyuruq: “Heç kimə sirr deyil ki, türk xalqlarının yaşadığı çox geniş coğrafi məkanda son onilliklərə-Müstəqilləşmə Epoxasına qədər bu və ya digər formada, lakin ardıcıl olaraq imperializm siyasəti yeridilib, bu xalqların nəinki ərazilərinə, həm də milli, mədəni, intellektual sərvətlərinə də sahiblik edilib, bütün maddi və mənəvi ehtiyatlar həmin siyasətin maraqlarına xidmət edib. Lakin müstəqilləşmə ilə başlayan və suveren türk respublikalarının öz iradəsini ortaya qoymaq imkanlarını açan yeni geopolitik şərait bu siyasətin bütünlüklə “Türk coğrafiyasından”geri çəkilməsini tələb edir. Öz milli kimliyini, tarixi və müstəqil dövlətçiliyinin möhtəşəmliyini dərk etmiş, müstəqil respublika olaraq siyasi-iqtisadi hədəflərini müəyyənləşdirmiş türk xalqlarının artıq bundan sonra kiminsə “vassalı” olması, hətta ən güclü super dövlətin belə qanadları altına girməsi ağılasığmazdır. Bəs bunu təmin etmək üçün nə etmək lazımdır? Əlbəttə, güclənmək. Bəs necə güclənmək olar? Əlbəttə, türk dövlətlərinin sarsılmaz birliyini yaratmaqla. Bu gün birlik – qlobal və regional siyasətin oriyentasiyalarını müəyyən edən ən başlıca faktordur”
Cavanşir Feyziyev ictimai xadimdir. Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuş, Milli Məclisin Mədəniyyət Komitəsinin, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin üzvi seçilmişdir. Azərbaycan–Böyük Britaniya Münasibətlər və Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Fransa, İrlandiya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Serbiya,Türkiyə Parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun üzvüdür.Türkdilli ölkələrin Parlament Assambleyasında və Avronest Parlament Aassambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Mənim subyektiv anlamıma görə, Cavanşir Feyziyevdə fəzilətin hər ikisi(nəzəri və əməli hikmət) vardır, elə bu səbəbdəndir ki, onu ən müdrik insan, ən kamil alim hesab edirəm, onun yerinin bəşər övladının tuta biləcəyi ən yüksək mövqeyin fövqündə görürəm. Necə ki, buyurublar: “Kimi istəyirsə, ona hikmət verir, kimə hikmət verirsə, ona böyük nemət bəxş edir,(Quran ayəsidir)
Nəhayət, dərkimdən süzülüb gələn fikirlərimi sonuclayaraq, ən təmiz və səmimi hisslərimlə cisimsiz, məkansız və hər şeyə qadir olmasını qəbul etdiyim Allahımdan təmənna edirəm: “Böyüklüyü qarşısında baş əyməyi özümə rəva bildiyim Cavanşir Əyyub oğlu, Sizi cəlal və kəramət sahibi olan Yaradanın qorusun!” … Amin!.
Firədun Nadir oğlu İbrahimov,
elmlər doktoru, professor, Əməkdar müəllim,
Rusiya Sosial və Pedaqoji elmlər Akademiyasının həqiqi üzvü
“Şəki Bələdiyyəsi” qəzeti