image-rt-reklam
image-1backend

KEÇMİŞ SSRİ MƏKANININ “PUTİN QORXUSU”… – Postsovet xalqlarını Rusiyanın “qucağına atan” kimdir?

image-728x90

Gürcüstanda müxalifət hər nə qədər son parlament seçkisinin saxtalaşdırıldığını iddia etsə də, ortaya bunu sübut edəcək protokollar, konkret sənədlər, faktlar qoya bilmir. Bu da təsadüfi deyil. Çünki rəsmi sənədlər, yerlərdə seçki komissiyalarının yekun protokolları və s. hakim partiyanın qələbəsinə demək olar, şübhə yeri qoymur.

Lakin əsas məsələ təkcə səsvermə günü qutudan çıxan səslərin sayına və nisbətinə yox, həm də mövcud seçki mühiti, tərəflərin fərqli təbliğat, maliyyə imkanları, inzibati resursları və digər çoxsaylı amillərə bağlıdır. Zatən keçmiş SSRİ məkanındakı istənilən ölkədə keçirilən seçkidə hakim qüvvə hələ seçki başlamamış öz rəqiblərindən 10-20 faiz öndə sayıla bilər. Buna onun inzibati resursları, üstün maliyyə imkanları, əlindəki idarəetmə aparatı, büdcədən maliyyələşən vətəndaşlara təsir vasitələri və digər çoxsaylı üstünlüklər şərait yaradır. Gürcüstanda da bunun bariz nümunəsini gördük. Odur ki, sırf texniki baxımdan seçkinin kütləvi şəkildə saxtalaşdırıldığını iddia etmək doğru olmazdı. Çünki buna heç ehtiyac da yox idi. Hakimiyyətin inzibati və maliyyə resursları, ən əsası isə yürütdüyü Gürcüstanın Ukrayna ilə müqayisəsinə, müxalifətə səs veriləcəyi halda Rusiya ilə müharibənin qaçılmaz olduğuna söykənən qorxu təbliğatı kifayət edirdi ki, kütləvi saxtakarlığa getmədən də seçkini udsun. Belə də oldu.

2008-ci il Rusiya işğalı dönəmində Qərbin dişsizliyini hələ unutmayan və bu gün də Ukarynada baş verənləri görən gürcü, azərbaycanlı, erməni və digər millətlətrdən olan seçici öz məyusluğunu və qorxusunu gizlədə bilmədi, bunu sandıq başında göstərdi. Bununla da Ukrayna müharibəsi Gürcüstanda öz əks-sədasını verdi.

Bu müharibə təkcə Gürcüstanda yox, bütün keçmiş SSRİ məkanında qorxu və təhlükə ilə yanaşı Putin Rusiyasına qarşı daxili nifrət toxumunu da səpməkdədir.

Gürcüstan kimi Moldovada da insanlar bir neçə gün bundan əvvəl baş tutan səsvermədə Rusiya və Putin qorxusunu gizlədə bilmədilər. Çoxlarının nəticələrinə şübhə ilə yanaşdığı səsvermədə Moldovanın Avropa İttifaqına inteqrasiyasına səs verənlərlə bunun əleyhinə olanların səsi demək olar ki, yarlıbayarı bölündü. Cüzi üstünlüklə Aİ-yə inteqrasiya tərəfdarları önə çıxdılar ki, bunun da obyektivliyinə, Rusiya başda olmaqla, inanmayanlar kifayət qədər çoxdur.

 

Hələ Moldovada prezident seçkisinin ikinci turunda kimin qalib gələcəyi də sual altındadır. Heç kim hazırkı Prezident Maya Sandunun rusiyapərəst rəqibinə birmənalı olaraq qalib gələcəyinə proqnoz verməyə cəsarət etmir. Çünki birinci turda Sandunun rusiyayönlü rəqiblərinin topladıqları səslərin cəmi heç də Sandunun səslərindən geri qalmır. Elə bunun özü də üç tərəfdən Avropa ölkələri, bir tərəfdən isə Ukrayna ilə həmsərhəd olmasına baxmayaraq, Moldovadakı əhalinin müharibə və Rusiya qorxusunun, eləcə də Qərbə inamsızlığının təzahürüdür…

Bəs bu durumun yaranmasının günahkarı təkcə xəstə imperiyaçılıq və şovinizm təxəyyülləri ilə idarə olunan Putin Rusiyasıdırmı?


 

Təkcə Rusiyanın başçılıq etdiyi BRİCS sammitinə toplaşan ölkələrin və liderlərin sayı ABŞ başda olmaqla, Qərbin siyasətinin fiaskoya uğradığının ən bariz göstəricilərindən biri oldu. İkiüzlülük, qorxaqlıq, riyakarlıq, ayrıseçkilik, ikili standartlar və digər eybəcər xüsusiyyətlər üzərində qurulan bu siyasət əvvəl-axır dünyada bugünkü eybəcər, idarəolunmaz və təhlükəli vəziyyətin yaranmasını qaçılmaz etmişdi. 

Məhz bu çirkin və qorxaq siyasətin nəticəsidir ki, nə texnologiyası, nə elmi, nə iqtisadiyyatı, nə siyasi idarəçiliyi, nə mədəni inkişaf səviyyəsi, nə də digər kriteriyaları ilə ən kiçik və nisbətən geridə qalan Avropa ölkəsinin “əlinə su tökməyə yaramayan” Şimali Koreyanın əsgərləri bu gün Avropanın astanasındadır! Ukraynaya girməkdə və Avropaya savaş açmaqdadır!

Məhz bu çirkin siyasətin nəticəsidir ki, Ukaryna əhalisinin az qala yarısı vətənini tərk edib, yüz minlərlə ölən və yaralananları var, ərazisinin 20 faizi işğal altındadır, bomba, raket düşməyən bir şəhəri də qalmayıb, dövlət kimi mövcudluğu təhlükə altındadır və sair. 


 

Məhz bu siyasətin nəticəsidir ki, bu gün Ukraynadakı müharibə ancaq Putinin bir kəlməsi, bir qərarı ilə bitə bilər, başqa heç kimin. Bunu utanmadan ABŞ-nin başında duranlar da etiraf edirlər. Putin üçün uzun illər boyu cəzasızlıq mühiti yaradan dişsiz, iradəsiz, bəzənsə ucuz və ləyaqətsiz Qərb liderləri indi ən yaxşı halda uzun-uzadı, üzücü müharibə, ən pis halda isə Ukarynanın faktiki kapitulyasiyasını və Rusiyanın nəzarətinə keçməsini təklif edə bilirlər…

Bu müharibə göstərdi ki, Qərb hərbi gücündən istifadə etməyə qorxur, iqtisadi gücündən isə istifadə etməyi bacarmır. Onun əsas iqtisadi silahı – qürrələnə-qürrələnə hədələdiyi sanksiyalar düşünüldüyü qədər də qorxulu deyilmiş. 

 

Dünyada Qərb iqtisadiyyatına alternativ qlobal iqtisadiyyat mövcuddur və onun başında Çin dayanır. Çini isə bugünkü iqtisadi monstra çevirən məhz Qərbin acgözlüyü və axmaq iqtisadi siyasəti oldu. Bunun nəticəsidir ki, bu gün istəsə belə, Qərbin sanksiyaları işləmir. Çin və Hindistan kimi ölkələrlə iqtisadi, ticarət əlaqələrini saxlamağa məcbur olan Qərb Rusiyanı, İranı, Şimali Koreyanı və digər sanksiyaya məruz qoyduğu dövlətləri bu vəziyyətdən məhz Çin və Hindistanın çıxardığını çox gözəl bilsə də, buna qarşı heç nə etmək iqtidarında və arzusunda deyil!

Odur ki, bütün indi baş verənlər Qərbin postsovet məkanını çoxdan Rusiyanın “qucağına atdığı”, onun ixtiyarına verdiyi qənaətini daha da gücləndirir. Hətta Qərbin bu işdə Kremlə açıq-aşkar yardım etdiyi də görünür. 

Məhz Qərb keçmiş SSRİ xalqlarının Rusiyanın qarşısında “gözünü qırmaq” üçün hər cür riyakarlığa gedir və hazırda Ukraynada bunu açıq şəkildə göstərir. Ukraynada elə bir ssenari oynanılır ki, bundan sonra heç bir keçmiş SSRİ respublikası Rusiya qarşısında iradə ortaya qoymağı heç ağlına da gətirməsin.

Odur ki, Qərb tərəfindən Ukrayna, Gürcüstan, Moldova və digər postsvet məkanı xalqlarına onların azadlıq, demokratiya, suverenlik mübarizəsinə sözdə verilən dəstək və ümid bu xalqların qırğına verilməsindən başqa heç nəyə yaramır…“AzPolitika.info”  

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90