image-2000x150
image-88c37ccc652e3cc0c2f65348833d57edbackend

İrəvanda növbəti sui-qəsd, qətliam anonsu – Ortada 1999-cu il presedenti var

image-728x90

1988-ci ilin fevralından ta bu günə qədər Azərbaycanla Ermənistanın arasında sülh sazişinin imzalanması ehtimalının ən real olduğu vaxt 1999-cu ilin payızı olub.

O zaman ABŞ da, Rusiya da, Avropa dövlətləri də, o cümlədən Azərbaycan və Ermənistan da uzun sürən bu konfliktdən bezmiş kimi görünürdülər və hamı aşağı-yuxarı “ən pis sülh yaxşı müharibədən yaxşıdır” qənaətinə gəlmişdi.

Ovaxtkı sülh əslində Azərbaycana çox da sərf etmirdi. Şərtlər ağır idi. Amma xarici təzyiq də güclüydü, Azərbaycan Qarabağda yaşayan ermənilərə “dünyada analoqu olmayan ən yüksək muxtariyyat” vəd edirdi.

Fəqət ermənilər yenə mənfi səciyyəli maksimalistlik edirdilər. Onların fikri təkcə ləğv olunmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində elan etdikləri qanunsuz “respublika”ya müstəqil dövlət statusu almaq deyildi, eyni zamanda düşünürdülər ki, Laçın və Kəlbəcər daxil olmaqla işğal etdikləri ətraf rayonların da bir hissəsini əllərində saxlasınlar.

Kim bilir, necə olacaqdı? Belə bir sülh sazişi imzalanacaqdımı, yoxsa biz son anda olsa da, bu sülh sazişindən imtina edəcəkdik?

İş bu yerə çatmadı. 1999-cu ilin oktyabr ayının 27-də Nairi Unanyan adlı terrorçunun başçılıq etdiyi silahlılar Ermənistan parlamentinə hücum etdilər və başda parlamentin sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyan olmaqla 8 nəfər nazir və deputatı güllələyib öldürdülər.

Bu qətl yalnız və yalnız prezident Robert Koçaryana və onun rəhbərlik etdiyi “Qarabağ klanı”na sərf edirdi. Çünki Dəmirçiyan və V.Sarkisyan həmin ilin baharında seçkilərdə qalib gələrək parlamentə və hökumətə rəhbərliyi götürmüşdülər, Koçaryan əlindəki real hakimiyyət rıçaqlarının bir xeylisini itirmişdi və itirməkdəydi.

Nəticədə Azərbaycana sərfəli olmayan sülh sazişinin imzalanması gündəmdən çıxdı. Ermənilər bəlkə də tarixlərinin ən ciddi siyasi nailiyyətini qazanacaqkən, sırf öz siyasi ambisiyaları nəticəsində şanslarını əldən verdilər.

O zamanlar bu qətliamın arxasında kimlərin durduğu barədə ortalığa atılan versiyaların içində, həmişə olduğu kimi, Rusiya faktoru da vardı. Bəzi ekspertlər iddia edirdilər ki, Rusiya Qarabağ münaqişəsinin həllini istəmədiyi üçün bu işi qətliam törətməklə pozmaq istəyib.

Bu, çoxlarına inandırıcı görünürdü. Çünki miqyaslı qətliam idi: parlamentin sədri və onun iki müavini, “Qarabağ qəhrəmanı” olan baş nazir və təcili fövqəladə hallar naziri, üç də deputat öldürülmüşdü. Hesab olunurdu ki, Koçaryanın Kremldən beli bağlı olmasa, bu boyda terror aktını təkbaşına təşkil edə bilməzdi.

Belə bir versiya da vardı ki, qətliamı erməni vətənpərvərlər öz təşəbbüsləri ilə törədiblər. Guya ki, onlar Azərbaycanla Ermənistan arasında bağlanacaq sülh sazişini sərfəli hesab etmirmişlər və düşünürmüşlər ki, erməni xalqının ümdə maraqları təmin olunmur.

Halbuki nə ondan əvvəl, nə də sonra, heç vaxt ortalığa həmin saziş qədər ermənilərə sərf edəcək sənəd qoyulmadı.

Gerçəklik budur ki, ermənilər öz hakimiyyət davalarını “Qarabağ kartı” üzərində aparmışdılar. Teraktın sifarişçisi kim idisə, məhz Karen Dəmirçiyan kimi təcrübəli, sovet dövründə Ermənistana rəhbərlik etmiş xarizmatik lideri və “Dağlıq Qarabağı işğaldan qoruduğuna görə” xalqın sevimlisi olmuş, seçicilərin böyük etimadını qazanmış Vazgen Sarkisyanı aradan götürmək istəmiş və buna nail olmuşdu.

O qətliamdan sonra kimlərin hakimiyyəti möhkəmləndi, kimlərin çiçəyi çırtladı, ortadadır. Vedibasarın Dəvəli kəndindən olan Vazgen Sarkisyan öldü, xankəndili Serj Sarkisyan baş nazir oldu.

Hazırda Ermənistanda yenə terror havası var. Baş nazir Nikol Paşinyanın qanına susayanlar niyyətlərini gizlətmirlər. Yenə “Qarabağ kartı” üzərində hakimiyyət davası aparılır. Erməni siyasilər bilirlər ki, Paşinyanın ən zəif yeri Azərbaycanla müharibədə düçar olduqları məğlubiyyət və imzalanması gözlənilən sülh sazişidir.

Yeni sazişin 1999-cu ilin payızında imzalanması nəzərdə tutulan sazişdən fərqi olduqca böyükdür. O vaxtkı sənədin layihəsi Ermənistanın hərbi üstünlüyü şəraitində hazırlanmışdısa, indiki sənədin fonunda Ermənistanın kapitulyasiyası durur.

Tərs kimi, 1999-cu ildəkindən fərqli olaraq Rusiya və Qərb indiki sülh sazişinin detalları ilə bağlı ortaq fikirdə deyillər (1999-cu ildə hamısı çəkici bir zindana vururdu). Ona görə də Azərbaycanın və Ermənistanın rəhbərləri, eləcə də xarici işlər nazirləri gah Brüsseldə, gah da Moskvada görüşlər keçirir, uzun sürən sülh danışıqları aparırlar.

Yenə də hansısa sazişin imzalanacağına böyük təhlükə var. Erməni müxaliflər əlverişsiz sazişin imzalanacağı təqdirdə xalqın küçələrə çıxacağını anons edir. Bu təkcə dinc nümayiş anonsu deyil, eyni zamanda qarışıqlıq və xaosun, hətta ya sui-qəsd, ya da dövlət çevrilişinin anonsudur.

Əgər yaxın həftələrdə, aylarda Ermənistanda sülh sazişini əngəlləyəcək kataklizmlər baş versə, təəccüblənməyə dəyməz.

Xalid KAZIMLI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90