image-2000x150
image-4backend

      Fədakar ömrün  anları      

image-728x90

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir. Həmin illərdə o, Leninqrad şəhərində (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib. Heydər Əliyev 1969-cu ildə keçmiş Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayanda respublikamızın vəziyyəti heç də ürəkaçan deyildi. Azərbaycan keçmiş Sovet İttifaqı tərkibində geridə qalan respublikalardan biri idi. Məsul vəzifələrdə çoxlu sayda qeyri-millətlərin nümayəndələri işləyirdi. Ana dilimiz sıxışdırılırdı. Belə bir şəraitdə respublika rəhbəri təyin olunan Heydər Əliyev vaxt itirmədən Azərbaycanın hərtərəfli inkişafı üçün genişmiqyaslı işlərə başladı. Şəxsi təşəbbüsləri və qətiyyəti sayəsində respublikada çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayırılmasına nail oldu. İqtisadiyyatı inkişaf etdirmək üçün böyük işlər görüldü. Milli kadrların hazırlanması və yerləşdirilməsi, mənəvi cəhətdən təmiz, istedadlı kadrların vəzifədə irəli çəkilməsi xüsusi diqqətdə saxlanılır, eyni zamanda, korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılırdı. Ulu öndər respublika gənclərinin bilavasitə Bakıda hərbi təhsil alması üçün o zamanlar mümkün olan bütün addımları atmış, Moskvadakı bəzi qüvvələrin etirazına baxmayaraq Azərbaycanda hərbi məktəbin açılmasına nail olmuşdu. Ancaq bu, işin bir tərəfi idi. Heydər Əliyev təkcə Azərbaycanda hərbi təhsil alan gənclərin deyil, eləcə də SSRİ-nin ali hərbi məktəblərinə respublikamızdan göndərilən gənclərin böyük əksəriyyətinin məhz azərbaycanlı yeniyetmələr olmasını xüsusi diqqət mərkəzində saxlayırdı.

Qısa bir vaxtda Azərbaycan durğunluqdan, iqtisadi tənəzzüldən qurtularaq, inkişaf etmiş sənayeyə malik qabaqcıl sovet respublikalarından birinə çevrildi. Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrün ən böyük nəticələri ondan ibarət idi ki, respublikamızda sənayeləşmə siyasəti uğurla həyata keçirilərək, güclü iqtisadi potensial yaradıldı.1969-1982-ci illər ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi.Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969–1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olub.

                                Hənifə Mahmudova Mahmud

             Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90