Azərbaycanda yeni mənzillərin satışı zamanı alıcılara qaytarılan ƏDV məbləği və bu sahədəki əsas problemlər açıqlanıb.
Ulusal.az xəbər verir ki, yaşayış və qeyri-yaşayış obyektlərinin satışı zamanı ƏDV-nin geri qaytarılması mexanizmi Azərbaycanda 2022-ci ilin noyabrından tətiq edilir.
Bununla bağlı xüsusi portal istifadəyə verilib və mağazalarda olduğu kimi – amma daha böyük məbləğlərdə və daha mürəkkəb prosedurla – ƏDV-nin qaytarılmasına başlanıb.
İndiyədək 5 milyon manat ƏDV qaytarılıb
Dövlət Vergi Xidmətinin şöbə rəisi Telman Məmmədovun sözlərinə görə, indiyədək portal üzərindən 6 mindən artıq müraciət qeydə alınıb, 2 mindən artıq müraciət təsdiqlənib və 5 milyon manatdan vəsait ƏDV-nin bir hissəsi olaraq vətəndaşlara geri qaytarılıb.
Bir neçə min nəfər alıcı ƏDV-ni geri ala bilməyib
Bununla yanaşı, vətəndaşların bir hissəsi əmlak aldıqları halda, ƏDV-nin bir hissəsini geri ala bilmirlər.
T.Məmədovun sözlərinə görə, bunun səbəblərindən bəziləri texniki və proselurlarla, digər səbəbləri isə vətəndaşların məlumatsızlığı və bəzi prosedurları düzgün yerinə yetirməməsi ilə bağlıdır: «Vətəndaşlar bəzi səbəblərdən ƏDV-ni geri ala bilmirlər. Müxtəlif layihələrdə olduğu kimi, bu layihədə də problemlər var. Başlanğıcda texniki və sair problemlər ortaya çıxır. Bu problemləri qruplaşdırmışıq».
SƏBƏB 1: Rəqəmləri səhv göstəriblər
T.Məmmədovun sözlərinə görə, əsas problemlərdən biri vətəndaşların öz bank rekvizitlərini düzgün göstərməməsidir. Qeyd edək ki, ƏDV geri almaq istəyən vətəndaş portala daxil olub, ərizə ilə müraciət etməklə yanaşı, eyni zamanda vəsaitin köçürüləcəyi bank rekvizitlərini də qeyd etməlidir: «Çox vaxt bəzi vətəndaşlar onlara xidmət edən banklarla dəqiqləşmə aparmadan bank rekvizitlərin özləri müəyyən edib göstərirlər. Belə müraciətlərin sayı 940-dır, bu sayda halda vətəndaş ƏDV üçün müraciət edib, amma rekvizitləri səhv göstərdiyi üçün ƏDV-ni geri qaytarmaq mümkün olmayıb. Yəni göstərilən bank rekvizitləri onlara aid olmur və ya rekvizitlərdə düzgün simvollar göstərilmir və nəticədə biz ƏDV-nin banklara qaytarılması üçün müraciət edəndə banklar bildirirlər ki, bu hesaba vəsaitin köçürülməsi mümkün deyil və ya yanlış hesabdır».
Ona görə də DVX-nin rəsmisi vətəndaşlara tövsiyə edir ki, ƏDV geri alınması üçün müraciət etməzdən əvvəl öz banklarına müraciət etsinlər. Və bank rekvizitlərin yoxlayıb, portala dəqiq məlumat daxil etsinlər.
Yeni layihə başlayıb: «Virtual ödənişlər»
Bununla yanaşı, şöbə müdiri bildirib ki, Dövlət Vergi Xidməti tərəfindən gələcəkdə belə haların qarşısının alınması üçün müvəkkil banklarla yeni layihəyə başlayıb: «Çox ehtimal ki, yaxın gələcəkdə işlər başa çatdırılacaq və layihə istifadəyə veriləcək».
Yenilik virtual hesabın yaradılmasından ibarətdir: «Bizim başqa sahələrdə – ticarət, səhiyyə, ictimai iaşə sahəsində də alınmış mallara ƏDV-nin bir hissəsi qaytarılır. Burada da virtual hesab mövcüddr və biz də gələcəkdə yaranan problemlərin həlli üçün daşınmaz əmlakdların satışı zamanı da ƏDV-nin geri qaytarılması üçün vəsait virtual hesaba köçürüləcək».
Bu layihə nəticəsində daşınmaz əmlak alışı zamanı əmlak alıcıları heç bir problem hiss etmədən ƏDV-ni geri alacaqlar: «Bu proses çox yaxın zamanda, 2 həftə ərzində həll olunacaq. Hazırda texniki məsələlər həll olunur və yaxın vaxtlarda yeni layihə işə düşəcək».
SƏBƏB 2: Əmlakın pulu düzgün ödənilmir
Əmlak alışı zamanı ƏDV-nin geri qaytarılması ilə bağlı ortaya çıxan və alıcıları ƏDV-dən məhrum edən digər ciddi problem alının əmlakın dəyərini ödənilməsi üsulu ilə bağlıdır.
Vergi Xidmətinin rəsmisi əhalyə tövsiyə edir ki, ev (və ya obyekt) üçün ödəniş edərkən tövsiyə olunan formada etsinlər: «Ödənişi biz tövsiyə elədiyimiz qaydada – Hökumət Ödəniş Portalı üzərindən etsinlər. Hökumət Ödəniş portalı üzərindən yəni banklara yaxınlaşaraq, və ya internet vasitəsilə ödəniş edildikdə, ƏDV məbləği ilə əsas məbləğ avtomatik bölünərək satıcının hesabına yönləndirilir. Vətəndaşlara tövsiyə edərdik ki, hökumət ödəniş portalından istifadə etsinlər və ödənişlə bağlı heç bir problemlə rastlaşmasınlar»-deyə T.Məmmədov bildirib.
SƏBƏB 3: Şirkətlər elektron qaimə vermirlər
ƏDV-nin alınması zamanı vətəndaşların üzləşdiyi digər problem elektron qaimə ilə bağlıdır. Belə ki, əmlak üçün ƏDV geri al layihəsində xüsusi elektron qaimə forması təsdiqlənib. Yəni vətəndaş satıcıdan, məsələn MTK-dan və ya «Kristal Abşeron» kimi şirkətdən ev aldığı halda satıcı tərəfindən ona elektron qaimə təqdim edilməlidir.
Bununla bağlı problemlər də iki formada baş verir. Birincisi, mənzil tikintisi ilə məşğul olan şəxs tərəfindən bina məlumat forması təqdim edilmədiyinə görə, elektron qaimə də təqdim edilə bilmir. T.Məmmədov bildirir ki, vergi xidməti bununla bağlı mənzil tikintisi ilə məşğul olan şəxsləri və şirkətləri məlumatlandırır.
SƏBƏB 4: Vətəndaşlar elektron qaimə tələb etmirlər
Digər problem isə vətənldaşlarla bağlıdır – onlar elektron qaimə tələb etmirlər, tələb edilmədikdən sonra isə ödəniş edildikdən sonra belə problemlərlə rastlaşırlar.
Vergi xidmətinin nümayəndəsi vətəndaşlara tövsiyə edir ki, ƏDV-ni almaq üçün əvvəlcədən diqqətli olsunlar: «Yəni mənzil alarkən mənzil tikintisi ilə məşğul olan şəxsə müraciət edərək ilk növbədə dəqiqləşdirsinlər ki, almaq istədikləri evə görə ƏDV ödəniləcəkmi? Yəni həmin binanın təməli qoyulanda mənzil tikintisi ilə məşğul olan şəxs ƏDV ödəyicisi olubmu? Bunu dəqiqləşdirdikdən sonra vətəndaşlara aydın olacaq ki, bunlardan ev alanda onlara elektron qaimə vericək və onlardan ƏDV-ni geri qaytarmaq mümkün olacaq, ya yox».
SƏBƏB 5: Bakıda bəzi binalar ƏDV-yə daxil deyil
Bəs vətəndaşlar tikinti şirkətinin ƏDV ödəyicisi olub olmadığını necə dəqiqləşdirə bilərlər?
T.Məmmədovun sözlərinə görə, bina tikintisi ilə məşğul olan şəxs – ona ƏDV ilə bağlı sual verəndə – o dəqiq bilir ki, hər hansı ünvanda yerləşən bina sadələşdirilmiş vergi ödəyicisidir, yoxsa ƏDV.
Şirkət ƏDV ödəyicisi ola bilər, onun binası isə yox
Burada maraqlı məqam binanın tikintisinə nə vaxt başlanması ilə bağlıdır. Doğrudur, 2020-ci ildən sonra bütün bina tiknitisi fəaliyyəti ƏDV-yə cəlb edilir.
Amma 2020-ci ildən əvvəl təməli qoyulan və satışı indiyədək davam edən evlər ƏDV ödəyicisi olmaya bilər: «Ona görə də mənzil tiknitisi olan şirkətdən soruşanda ki, ƏDV ödəyicisidir ya yox, həm də dəqiqləşdirmək lazımdır ki, məhz həmin binanın təməli qoyulanda ƏDV ödəyicsi olubmu. Və mənzil tikintisi aparan şirkət və ya şəxs elektron qaimə təqdim etməlidir. Ondan sonra ödəniş edilməlidir».
SƏBƏB 6: Alıcılar 90 günlük müddəti ötürürlər
Nəhayət, bəzi hallarda vətəndaşlar sadəcə gecikirlər, qanunvericilikdə və qaydalarda müəyyən edilib ki, əmlak alan şəxs ƏDV üçün 90 gün ərzində müraciət etməlidir. Bəzi hallarda vətəndaşlar bu müddəti ötürürlər və nəticədə ƏDV-ni geri almaqda problem yaranır.
Vergi Xidməti bildirir ki, bu müddəti ötürəndə müraciətin bərpası mümkün deyil: «Bu yalnız o halda baxıla bilər ki, hər hansı texniki və vətəndaşdan asılı olmayan hal olsun. Başqa hallarda isə 90 gün müddət dəyişmir».
Notariuslara da xəbərlarlıq etmişik
Vətəndaşlara daha bir xəbərdarlıq notariuslarla bağlıdır. Belə ki, əmlak alışı ilə bağlı bəzi müqavilələr notariusda rəsmiləşir və bu zamanı satıcı və alıcı arasında vasitəçi tərəf notarius olur. Bu zaman alıcının ödədiyi pul əvvəlcə notariusun depozit hesabına, daha sonra isə satıcının hesabına köçürülür.
T.Məmmədov bildirir ki, bu zaman notariusda qaimə təqdim edildikdə, vətəndaş tələb etməlidir ki, notarius satıcıya pul ödəyəndə əmlak üçün ödənilən pulun əsas məbləği satıcının bank hesabına, ƏDV məbləği isə depoziti hesabına köçürülsün: «Bu birmənalı tələbdir və biz bu barədə notariusları da məlumatlandırmışıq». (fed.az)