image-2000x150
image-fae968d7ab528e1b801b89b364566216backend

Azərbaycana qarşı iki cəbhə – Biri gizli, biri açıq…

image-728x90

“Erməni maşası” ilə aranı qarışdıranların məkrli hədəfi; sabah Brüsseldə yenəmi “ağ qoşa” qoyulacaq? Qərb 9 May paradında Putinlə yanbayan duran “qərbçi” Paşinyanı cəzalandıra bilər; ekspertlər deyir ki…

Aprelin 25-də İrəvanda “Nemezis” terror qruplaşmasına abidə qoymaqla, Türkiyə və Azərbaycan bayraqlarının yandırılması tamaşasını təşkil eləməklə qonşularla sülhdə maraqlı olmadığını bir daha nümayiş etdirən Ermənistan mayın 11-də sərhəd təxribatına getdi. Növbəti dəfə özünün yalançı sülhpərvərliyini faş elədi.

İndi açıq qalan əsas suallardan biri budur ki, niyə məhz 14 may Brüssel görüşünə və 14 may Türkiyə seçkilərinə sayılı günlər qalmış İrəvan məlum avantüraya qol qoydu? Rusiyanın sifarişi iləmi, yoxsa sülhdən yayınmağa çalışaraq vaxt uzadan Nikol Paşinyanın şəxsi istəyi ilə?

Ermənistan baş nazirinin Moskvadan qayıdan kimi belə bir təxribatın törədilməsi, əlbəttə ki, dərhal diqqət çəkdi. Bunu da unutmayaq ki, Kreml aprelin 23-də Laçının girişində nəzarət postu qoyduğu üçün Azərbaycandan bərk narazıdır. Son olaraq, postla bağlı Rusiya “sülhməramlılar”ın yeni komandanı, general Aleksandr Lentsovun Bakıdakı danışıqları heç bir nəticə verməyib.

*****

“Şəkk-şübhə yox ki, Zod istiqamətindəki sərhədimizdə baş verən Ermənistan təxribatı birbaşa Rusiyanın sifarişidir. Əvvəllər də qeyd etdiyimiz kimi, təxribat devrilmiş Qarabağ klanının Müdafiə Nazirliyində və digər güc strukturlarında təmsil olunan Rusiya vassalı olan nümayəndələri tərəfindən həyata keçirilib. Məqsəd hazırda aktivləşən danışıqlar prosesinə əngəl olmaqdır”.

Bunu siyasi şərhçi Rizvan Hüseynov deyib. O, danışıqlar prosesinin hazırda Moskvanın nəzarətindən çıxdığını və Kremlin də bunu “həzm edə” bilmədiyini qeyd edib.

“Nikol Paşinyan son açıqlamalarının birində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyindən narazılığını bildirmişdi. Paşinyan Mişeldən ona görə narazıdır ki, Azərbaycanla Ermənistan arasında qısa zaman kəsiyində sülh sazişinin imzalanmasını istəyir və bu zaman Qarabağ məsələsinə toxunmur”.

Paşinyanın istəyi Mişeli pis vəziyyətə saldı

Bunu isə politoloq Elxan Şahinoğlu deyib.

O, Paşinyanın Mişelin “gəlin Brüsseldə yenidən üçtərəfli görüş keçirək” təklifinə birbaşa yox deyə bilmədiyini yazıb: “Danışıqlarda nəticə əldə edilməməsinə yalnız müzakirələrdən bir neçə gün əvvəl sərhəddəki təxribat ”yaşıl işıq” yandıra bilərdi. Başqa versiya da var. Paşinyan çıxışlarının birində özü etiraf etmişdi ki, Ermənistan ordusunda “beşinci kolon” mövcuddur. O, “beşinci kolon” dedikdə Rusiya kəşfiyyatına bağlı yüksəkrütbəli erməni hərbçilərinə işarə edib. Əgər erməni baş nazir ordusuna nəzarət edə bilmirsə, deməli, Rusiya kəşfiyyatına bağlı hansısa erməni generalın əmri ilə də Azərbaycan mövqeləri atəşə tutula bilərdi”.

Politoloqa görə, bu halda “Azərbaycan mövqelərinə atəş açın” əmri Brüsselin və Vaşinqtonun vasitəçiliyini pozmaq istəyən Kremldən gəlib: “Demək, Azərbaycan Ordusu həm İrəvandan idarə olunan Ermənistan ordusuna qarşı, həm də Kremldən təlimat alan erməni generallarına qarşı savaşmaq məcburiyyətindədir”.

Yəni Bakıya qarşı iki cəbhə məsələsi – biri gizli, biri açıq…

*****

Bəzi təhlilçilərə görə, “qərbçi ”Paşinyanın Moskvaya son səfəri və 9 may paradında onun Putinlə yanbayan dayanması göstərdi ki, Ermənistan Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Moskvanın yanındadır və çox güman ki, Qərb buna görə Paşinyanı cəzalandıracaq (Biz hələ sanksiyalardan yayınmaq üçün Ermənistanın Rusiyaya hərtərəfli kömək eləməsini demirik).

Bəs baş verənlərin fonunda Brüssel görüşü təxirə düşə bilərmi? Ümumiyyətlə, Paşiyan dönəmində sülh müqaviləsi mümkün olacaqmı?

Hər iki sual hələ ki, açıq qalır. Bir şeyi dəqiqliklə söyləmək olar ki, Azərbaycanla Ermənistan arasında konstruktiv sülh prosesində ən çox maraqlı olmayan dövlət Rusiyadır.

“Vaşinqtonda Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra tərəflərin Moskvada və Brüsseldə növbəti dəfə danışıqların aparılması ilə bağlı razılıq əldə etdiyi açıqlandı. Əslində bu heç də sülh cəhdləri ilə bağlı yanaşmalar deyil. Bunu kənar qüvvələrin təşəbbüsü kimi başa düşmək olar. Bu, sadəcə, Cənubi Qafqazda ABŞ və Rusiyanın apardığı mübarizə ilə bağlıdır”.

Bunu  ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun qənaətincə, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiya-ABŞ arasında heç bir iş birliyindən söhbət gedə bilməz: “Belə olduğu halda bir çox məsələlərdə üz-üzə qalan Vaşinqton və Moskvanın Azərbaycanla bağlı məsələdə səmimi davranacağına inanmaq olmaz. Ona görə ki, qarşıdurma vəziyyətində olan iki tərəfin hər hansı məsələdə ortaq qərara gələcəyi inandırıcı görünmür. Əslində bu cür yanaşmalar sülh müstəvisinin daha da çətinə düşməsinə gətirib çıxara bilər”.

Partiya sədri Paşinyanın Azərbaycanla sərhədləri 1975-ci ilin xəritələri əsasında dəqiqləşdirmək iddiasına da münasibət bildirib: “Burada Paşinyanın nəyə razı olub-olmamasının heç bir önəmi yoxdur. Ermənistanın birbaşa asılı olduğu Rusiyanın mövqeyi əsasdır. Paşinyan öncə Moskvadan təlimat almalıdır ki, Rusiya bu məsələnin sülhlə bitməsinə nə dərəcədə razıdır? Eyni zamanda, ABŞ-ın proseslərin sülh müstəvisində bitməsində səmimi yanaşmasına da aydınlıq gətirilməlidir”.

S.Cəlaloğlu hesab edir ki, Vaşinqton-Brüssel-Moskva müstəvisində sülhlə bağlı konkret mövqe yoxdur: “Üç bir-birinə zidd qüvvə razılığa gəlməyibsə, bu, o deməkdir ki, burada hansısa razılığın olması qeyri-mümkündür”.

*****

Öz növbəsində ABŞ-dakı Kornegi Fondunun tədqiqatçısı Tomas de Vaal erməni mediasına açıqlamasında deyib ki, hələlik söhbət ikitərəfli sazişlərdən gedir: “Bu, sülh sazişi deyil, çərçivə sazişidir. İki liderin ümumi prinsiplər əsasında imzalaya biləcəyi qısa sənəddir, Qarabağ ermənilərinin gələcəyi məsələsi burada yer almayacaq”, – o vurğulayıb.

De Vaal bildirib ki, bu sənəddə Naxçıvana yol da əksini tapmayacaq: “Söhbət texniki sənəddən gedir, ciddi sülhdən yox”.

Sülh müqaviləsinin beynəlxalq təminatlarına gəlincə, onun fikrincə, NATO və ya BMT-dən sülhməramlıların yerləşdirilməsinə ümid etmək olmaz: “Bakı Qarabağda hansısa yeni beynəlxalq mövcudluq ideyasını qəti şəkildə rədd edir. Rusiya missiyası, yəqin ki, 2025-ci ildə başa çatacaq. Lakin BMT-nin bu missiyanı təsdiq edən qətnaməsi yoxdur. Ümumi problem beynəlxalq çoxtərəfli təşkilatların nüfuzunun düşməsi və Qafqazda regional güclərin – yəni Rusiya, Türkiyə, qismən İran, qismən də Avropa Birliyinin güclənməsidir. Mən BMT-nin qətnaməsi kimi çoxtərəfli yanaşma görmək istərdim. Bu, daha ciddi olardı”.

Azərbaycan isə heç bir halda özünün köklü maraqlarına və konstitusiyasına zidd beynəlxalq missiyalara razılıq verməyəcək. Danışıqlar illərlə uzansa belə…
“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90