image-rt-reklam
image-2backend

Avropada qaz çatışmazlığı var

image-728x90

Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə nail olacağıq;

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və geosiyasi baxımdan əsas mövqedədirlər.
Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.
Enerji təhlükəsizliyini müəyyən bir ölkənin və ya bütövlükdə dünya birliyinin kifayət qədər enerji təchizatı ilə təmin edilməsi kimi müəyyənləşdirə bilərik.
Enerji resurslarının məhdud olması nəticəsində hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır və buna görə də müasir dünyada yanacaq-enerji resursları ilə təchizatı, həmçinin enerji effektivliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur və beynəlxalq geosiyasətdə enerji resursları faktoru müstəsna əhəmiyyət daşıyır. Çətinlik doğuran digər bir vəziyyət isə yanacaq-enerji sərvətlərinin coğrafi yerləşməsindəki qeyri-bərabərliklə bağlıdır. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialoqun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə bu resurslar uğrunda müxtəlif siyasi çəkişmələrin formalaşmasını stimullaşdırır.
Avropa Komissiyası enerji təhlükəsizliyi konsepsiyasını “strateji ehtiyatların qorunması və ya iqtisadi tələblər üçün yetərli olmayan milli mənbələrin çatışmazlığı səbəbiylə gələcəkdə əhəmiyyətli problem yaradan enerji ehtiyaclarına qarşı əlçatan və sabit xarici mənbələr təmin etmək qabiliyyəti” olaraq təyin edir.
Ümumi bir qiymətləndirmə etsək, enerji təhlükəsizliyi konsepsiyasının enerji ixrac edən və enerji idxal edən dövlətlər üçün fərqli məna daşıdığını görürük. Enerji ehtiyatlarına sahib olan və istehsal edən ölkələr iqtisadi inkişafını təmin etmək üçün tələb müxtəlifliyini axtararkən, daha çox enerji istehlakçısı olan idxalçı ölkələr tədarük müxtəlifliyini izləyirlər. Bu tətbiq olunan enerji siyasəti sayəsində dövlətlər enerji təhlükəsizliyini təmin etməyə çalışırlar. Yarana biləcək hər hansı bir siyasi və iqtisadi böhranda, əsasən idxal edən dövlətlər enerji qıtlığı ilə qarşılaşmırlar; ixrac edən dövlətlər isə bir istehlakçıdan asılı olmayaraq enerjidən gəlir əldə etməyə davam edə bilərlər. Enerji idxal edən dövlətlər baxımından enerji təchizatı təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu, idxal edə biləcəkləri enerji mənbələri və bölgələrinin müxtəlifliyini təmin etməkdir. Enerji tədarükünün müxtəlifliyini təmin etmək bu dövlətlərin enerji strategiyalarının mərkəzindədir. Enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində iki əsas amil vardır. Bunlardan birincisi istifadə olunan enerji ehtiyatlarının, digəri isə qeyd olunan enerji ehtiyatlarının təmin edildiyi bölgələrin şaxələndirilməsidir.
Azərbaycan Respublikası da zəngin ener­ji ehtiyat­larına, inkişaf etmiş yanacaq və enerji infra­strukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürmüşdür.
1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” neft yataqlarının və “Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş – “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib. Bu razılaşma ilə Azərbaycanın enerji sektoruna 60 milyard dollar həcmində xarici sərmayə qoyuldu.
İlkin hesablamalara görə “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən, neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib.

2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP-ın istifadəyə verilməsi, 2019-cu il noyabrın 30-da isə qardaş ölkənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimləri keçirilib. Yuxarıda qeyd etdiyimiz kimi, 2020-ci ilin son günlərində isə TAP layihəsi üzrə bütün işlər yekunlaşıb. Prezident İlham Əliyev Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılmasını yüksək dəyərləndirərək vurğulayıb. “Enerjinin Avropaya çatdırılması məsələsinə gəlincə, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması nöqteyi-nəzərdən ötən ilin sonuncu günü əlamətdar bir gün olmuşdur. Sərbəst inteqrasiya olunmuş 3.5 min kilometr uzunluğunda qaz boru xətləri birləşdirilmiş və bir layihə kimi bir-birinə bağlanmışdır. İlk dəfə Azərbaycan qazı Avropaya çatdırılmışdır. Bu, həqiqətən də tarixi hadisə idi. Çünki layihə bütün nöqteyi-nəzərdən – maliyyə, siyasi və texniki baxımdan böyük bir çağırış idi”.

Enerji sektorunda gələcək əməkdaşlıq üçün imkanlar kifayət qədər genişdir. Azərbaycanın qaz ehtiyatları yalnız “Şahdəniz”lə məhdudlaşmır. Respublikamız Xəzərdəki digər yataqlarda da zəngin resurslara malikdir. Hazırda kəşfiyyat və hasilat mərhələsində olan bir neçə yataqla bağlı çox ümidverici perspektivlər var.

Qürbətova Nərmin Azad

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90