image-2000x150
image-fb_img_1708793758248backend

Nadir şah Hindistanı necə fəth etdi? – Faktlar

image-728x90

24 fevral 1739-cu il, Nadir şah Əfşarın rəhbərlik etdiyi qoşunla Böyük Moğol qoşunu arasında Karnal döyüşü baş verir. Bu döyüş Nadirin ən parlaq qələbəsi sayılır.

Nadir Əfqanıstanı öz imperiyasına qatandan sonra 1738-ci ildə Hindistana üz tutdu. O, əvvəlcə dar Xeybər keçidində 20 minlik qoşunla yolunu kəsən Pişəvər hakimi Nəsir xanla döyüşməli oldu. Nadir kəşfiyyat apararaq ətrafda başqa bir yolun olduğunu öyrəndi. Həmin yoldan qoşun dəstəsinin keçə biləcəyi inandırıcı olmadığından Nəsir xan tərəfindən qorunmurdu. Nadir isə qoşunun bir hissəsini götürrək həmin yoldan keçdi və Nəsir xanın qoşununa arxadan zərbə endirdi. Bu gözlənilməz hücumdan sarsılan Pişəvər qoşunu az müddətdə darmadağın edildi.

Nadirin Hindistana daxil olduğunu öyrənən Böyük Moğol hökmdarı Məhəmməd şah, iddialara görə, 300 minlik qoşun, 3000 top, 2000 döyüş fili topladı və Dehlidən 110-120 km şimalda yerləşən Karnal adlı yerdə Nadirin 50 minlik qoşununu gözlədi.

Nadir yenə də kəşfiyyat apardı, əsir götürmək üçün dəstələr göndərdi və əldə etdiyi məlumata uyğun döyüş planı hazırladı. O, moğolların durduğu yerə hücum etməkdənsə onları hissə-hissə öz üzərinə çəkməyi qərara aldı. Bu plan uğurla həyata keçdi.

Səadət xan və Dövran xan adlı iki Moğol sərkərdəsinin rəhbərlik etdiyi dəstələr ayrı-ayrılıqda məğlub edildilər. Onlara köməyə gələn hissələr də eyni aqibətlə üzləşdilər. Bu zaman 1000 nəfər itirən Əfşar qoşunu düşmənin 20-30 minlik qüvvəsini qılıncdan keçirdi, hər iki sərkərdə də daxil olmaqla xeyli əsir aldı.

Əslində say üstünlüyü yenə qarşı tərəfdə idi, amma Moğol qoşununda ruh düşkünlüyü yaşandı, intizam pozuldu və əsgərlər dağılmağa başladılar. Məhəmməd şah Nadirin düşərgəsinə gələrək itaətini bildirdi. Mənbələr iki hökmdarın danışıqları türkcə apardıqlarını yazır.

Nadir həmin il martın 20-də Dehliyə daxil oldu. Bir müddət sonra şəhər əhalisi üsyan qaldıranda amansız cəza tədbirlərinə əl atdı, 30 minə qədər sakin öldürüldü. Hindistanda o qədər böyük qənimət əldə olundu ki, geri qayıdan Nadir dövlətinin bütün əhalisini 3 il müddətinə vergilərdən azad etdi.

Həmin dövrdə onsuz da tənəzzül keçirən Böyük Moğol dövləti Nadirin hücumundan sonra tamamilə sarsıldı və bundan yararlanan Böyük Brtaniya oldu. Hindistan tezliklə ingilislərin əsarəti altına düşdü.

Yadigar Sadıqlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90