image-2000x150
image-336543206_1414287262672179_6643156519679254990_nbackend

Qənirə Paşayeva Vətən Müharibəsinin şəhidi Nicat Səmədovun anası ilə görüşüb

image-728x90

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramı ərəfəsində Azərbaycan Vətən Müharibəsinin şəhidi, Sərhəd Qoşunlarının giziri Nicat Səmədovun anası Pərvanə Səmədova ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə, şəhid anasının ürək sözləri dinlənilib, qayğıları öyrənilib. Komitə sədri dövlətimizin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir Millət vəkili, dövlət qulluqçusu, vətəndaş cəmiyyəti təmsilçisi, işadamı və ayın üçün də örnək təşkil etdiyini bildirib. O, əziz Novruz bayramı ərəfəsində keçirilən görüşün, ümumiyyətlə şəhid anaları ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib, şəhidin əziz ruhuna dərin ehtiramını bildirib: “Əziz şəhid anası, hər bayramda ilk anılacaq insanlar sırasında ən ilk sırada Siz şəhid anaları gəlirsiz. Sizi milli bayramımız Novruz münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm! Tanrımıza şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Oğlunuzun şəhadət şərbəti içdiyi Zəngilanda da, Qarabağın yaşıl tacı Şuşada da bayrağımız dalğalanır, ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə qadirdir. Vətən uğrunda canını qurban vermiş cəsur övladınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında sayğılarla baş əyirik”! Görüşdə “UNİTY-Company”in təsisçisi Fikrət Əliyev də iştirak edib və o, şəhid ailələri ilə görüşün hər bir ziyalı, hər bir işadamı və vətəncanlı insan üçün bir mənəvi borc olduğunu qeyd edib, şəhidimizin həyat və döyüş yolu ilə maraqlanıb. O, şəhidin anasını və onun timsalında ailənin bütün üzvlərini, doğmalarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhid anasına bayram hədiyyələri təqdim edilib. * Azərbaycan Ordusunun şəhid Nicat Şahin oğlu Səmədov (26.12.1992, Bakı – 22.10.2020, Ağbənd, Zəngilan) 1999-cu ildə Binəqədidəki 297 saylı tam orta məktəbdə ibtidai təhsilə başlayıb. 2005-ci ildə VI sinfi bitirdikdən sonra Yasamaldakı Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7-ci sinfinə qəbul olub. 2008-ci ildə bu liseyin 9-cu sinfini bitirib, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olunub. 2011-ci ilin iyul ayında həmin kollecdə Mühasibat uçotu və audit üzrə təhsilini başa vurub hərbi xidmətə yollanıb. Hərbi xidməti DSX-nin Beyləqanın II Şahsevən kəndinin Sərhəd bölüyündə tamamladıqdan sonra gizirlik kursunu göndərilib. Təhsilini başa vurduqdan sonra DSX-nin “N” saylı hərbi hissəsində kiçik gizir rütbəsində çalışmağa başlayıb. 2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2018-2019-cu illərdə komandanlıq tərəfindən yüksək səviyyəli xidmətinə görə fəxri fərmanlara layiq görülüb. II Qarabağ müharibəsində Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan istiqamətindəki döyüşlərdə iştirak edib. Azərbaycan Ordusunun giziri Nicat Səmədov 2020-ci il sentyabrın 27-də əks-hücumla başlanan II Qarabağ müharibəsi zamanı Zəngilanın qurtuluşu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimiz Bakı şəhərinin Sulutəpə qəsəbəsində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında iştirak etdiyinə, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nicat Səmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhid gizirimiz həmçinin “Vətən uğrunda” (15.12.2020), “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib. Ruhu şad olsun!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90