image-2000x150
image-754679e9-e199-4c70-9f44-4d7289f0af8abackend

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür

image-728x90

Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni Irs üzre Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri- Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya Irs siyahısına salınmışdır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan Partiyası sədrinin müavini, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, bütün dövrlərdə cəmiyyətin mütərəqqi, demokratik yolla inkişafını təmin edən, sağlam əqidəli, xalqa və dövlətə sədaqətli xidməti ilə seçilən nəcib insanlardan biridir. Ona görə cəmiyyətin sayılıb-seçilən, sevilən şəxsiyyətinə çevrilib ki, üzərinə düşən sosial, siyasi, eləcə də mədəni missiyanı düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanır.

Mədəniyyətimizin tarixi təcəssümü olan Novruz bayramı-təbiətin, həyatın oyanması buradan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Novruz şən və sevimli bayramdır. Novruz xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.

Həmçinin, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qədim muğam sənətimizin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, nəhayət, muğamın inkişafı, yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədilə muğam televiziya müsabiqələri keçirilir. Artıq ənənə şəklini almış bu müsabiqələr xalqımızın sərvəti olan muğamın incəliklərini respublikamızda və xaricdə yaşayan azərbaycanlılara aşılamaq, həm də bu sənəti qorumaq, inkişaf etdirmək məqsədilə keçirilir, qaliblər Heydər Əliyev Fondu tərəfindən mükafatlandırılır.

Mövcudluğu ilə xalqın məhəbbət və inamını qazanan Heydər Əliyev Fondu Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan xalçaçılığa xüsusi diqqət yetirmişdir. Azərbaycan milli mədəniyyət tarixində özünəməxsus yer tutan Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməzliyi, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir. Azərbaycan mədəniyyətinin qədim sahələrindən biri olan xalçaçılıq sənətinin təbliği üçün 2010-cu ilin noyabr ayında Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və “Baku” jurnalının birgə təşkilatçılığı ilə Londonda “Azərbaycan xalçaları ilə nağıllar aləminə” adlı sərgi keçirilmişdir. Dünya mədəniyyətinin şah əsərləri sırasında yer alan Azərbaycan xalçalarından ibarət Londonda keçirilən sərgidə rəng həlli və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunmuşdur.

Fondun mədəniyyətlə bağlı həyata keçirdiyi bu cür tədbirlər xalqımız tərəfindən rəğbətlə qarşılanır. Yeni mədəniyyət obyektlərinin tikintisi, mövcud mədəniyyət müəssisələrinin əsaslı təmiri istiqamətində işlər uğurla davam etdirilir. Bakıda müasir üslubda tikilən Beynəlxalq Muğam Mərkəzinin, Xalça Muzeyinin yeni binalarının istifadəyə verilməsi incəsənətimizə, mədəniyyətimizə ən yaxşı töhfədir.

Qeyri-maddi mədəni irs – UNESCO’ nun Ümumdünya irsi layihəsinə bənzər, lakin mədəniyyətin qeyri-maddi sahələrini əsas tutan konsepsiyadır.Qeyri-Maddi Mədəni İrs siyahısına daxil olan aşıq sənətinin kökləri qədimlərə gedib çıxır. Bu sənətdə incəsənətin bir neçə növü birləşir: poeziya, rəqs, dram elementləri, bədahətən şeiriyyət və musiqili improvizə. Bu cür rəngarəng bədii vasitələrlə silahlanmış və xüsusi istedada malik aşıq ifaçısı öz sənəti ilə çoxsaylı dinləyiciləri məftun edə bilər. Aşıqların ifası mahiyyətinə görə kiçik səhnədir və bu səhnədə musiqi, saz və müəllif-aşıq vəhdət təşkil edirlər.

Digər mədəni irs nümunəsi Çövkən-Qarabağ atüstü oyunudur. Tarixən, çövkən oyununu Azərbaycan aristokratları və şah ailəsinin üzvləri oynayırdılar. Bu oyunda cəld və qısaboy, xüsusi təlim görmüş atlar iştirak etdiyindən, bu oyun Qarabağda çox məşhur idi. Qarabağ atları öz gözəlliyi ilə seçilir və bu oyun üçün əhilləşdirilirdilər. Mənbələr XII əsrdə İslam dünyasının mədəni mərkəzlərindən olan Bağdadda, Orta Şərq ölkələrinin atçaparları arasında tarixdə ilk beynəlxalq çövkən yarışlarının keçirildiyi göstərir.

Bəli, bütün bunlar dövlətimizin uğurlu mədəniyyət siyasəti nəticəsində gerçəkləşib. Bu siyasət strateji xarakter daşıyır və Azərbaycan gücləndikcə, dövlətimiz inkişaf etdikcə mədəniyyətimizin də tərəqqisinə geniş imkanlar açılır. Mədəniyyət işçiləri ölkəmizdə gedən siyasi proseslərdən heç vaxt kənarda qalmırlar. Onlar azad, demokratik bir ölkənin vətəndaşları olmaqdan qürur duyur və yaxşı bilirlər ki, bu gün baş verən müsbət meyilli proseslər onların xoşbəxt gələcəyi üçün zəmin olacaq.

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Abdullayeva Günay Ceyhun

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90