image-2000x150
image-726104fa-59b2-4c82-8812-a5824f5fccb7backend

Milli maraqların təminatı və təhlükəsizlik mühiti          

image-728x90

Azərbaycan Respublikasının milli təhlükəsizliyi dedikdə, onun müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması başa düşülür. Ölkə qanunvericiliyinə uyğun olaraq, milli təhlükəsizliyin obyektləri insan – onun hüquq və azadlıqları, cəmiyyət – onun maddi və mənəvi dəyərləri, dövlət – onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyüdür. Milli təhlükəsizliyin subyektləri isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanlarıdır. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı sistemi (MTTS) ölkə Konstitusiyası və qanunları əsasında qarşılıqlı fəaliyyət göstərən və öz səlahiyyətləri çərçivəsində milli təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qüvvələrin və digər dövlət orqanlarının məcmusudur. Bu qüvvələr və dövlət orqanları milli təhlükəsizliyin təmin olunmasına görə məsuliyyət daşıyırlar. MTTS vahid dövlət siyasətinin hazırlanması, siyasi, iqtisadi, sosial, hərbi, informasiya, ekoloji, elm, mədəniyyət və mənəviyyat, habelə digər sahələrdə milli maraqların qorunması prosesinin kompleks fəaliyyət şəklində səmərəli tətbiqi üçün şərait yaradır.

Azərbaycan Respublikasının milli maraqları. Milli təhlükəsizlik haqqında qanunvericilikdə ölkənin milli maraqları və onların sahəvi strukturu da əksini tapmışdır. Qanunvericiliyə görə respublikanın milli maraqları Azərbaycan xalqının fundamental dəyər və məqsədlərinin, habelə insanın, cəmiyyətin və dövlətin inkişaf və tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusudur.

Siyasi sahədə əsas milli maraqlar dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü; konstitusiya quruluşunun qorunması, demokratik, hüquqi, dünyəvi dövlətin mövcudluğu; Azərbaycan xalqının vahidliyinin qorunub saxlanılması; vətəndaş cəmiyyətinin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması; ictimai-siyasi sabitliyin təmin edilməsi; kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınması; dünya azərbaycanlılarının həmrəyliyi; xaricdə yaşayan həmvətənlərin hüquqlarının müdafiəsi; Azərbaycanın dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafı, Avropa və dünya birliyinə inteqrasiya; beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunun artırılmasıdır. İqtisadi sahədə əsas milli maraqlar iqtisadi potensialın artırılması; bazar iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının təkmilləşdirilməsi; iqtisadi sabitliyin təmin olunması; iqtisadiyyatın inkişafı üçün daxili və xarici investisiyalardan ötrü əlverişli şəraitin yaradılması; təbii və maddi sərvətlərin qorunması və səmərəli istifadə edilməsi; regional və dünya bazarlarının formalaşdırılmasında və fəaliyyət göstərməsində azad və bərabər hüquqlu iştirakın təmin edilməsidir.

Demokratik, hüquqi dövlət quruculuğunun məqsədyönlü inkişafının əsas şərtlərindən biri də ölkənin milli təhlükəsizliyinin təmin edilməsi sayılır. Ulu öndər H.Ə.Əliyevin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərlə ölkə həyatının bütün sahələrində uğurlu nəticələr əldə edilmiş, müstəqilliyimizin əsasları xeyli dərəcədə möhkəmlənmiş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yeni, özünün daha yüksək mərhələsinə çatmışdır. Ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artırılması ilə yanaşı, cinayətkarlığa və digər neqativ hallara qarşı mübarizədə qətiyyət göstərən ölkə rəhbəri insan hüquq və azadlıqlarının, milli təhlükəsizliyin  etibarlı müdafiəsini prioritet vəzifələr siyahısına daxil etmişdir.

 

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90