image-2000x150
image-7backend

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır

image-728x90

Məlum olduğu kimi, xalqımızın çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində çar Rusiyasının işğalı nəticəsində xalqımız müstəqil xanlıqlar kimi fəaliyyət göstərmiş dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinın yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə oldu və bu iki il xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonrakı dövrü Heydər Əliyev dörd mərhələyə bölürdü: birinci, 1918-1920-ci illər – Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci, 1920-1922-ci illər – Azərbaycan Sovet Sosialist Respublikasının hakim olduğu illər; üçüncü, 1922-1991-ci illər – Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr; dördüncü, Sovetlər İttifaqının dağılmasından və Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən sonrakı dövr. Ulu öndər bu mərhələlərin hər birinin tarixdə özünəməxsus yeri, mənası, mahiyyəti və əhəmiyyəti olduğunu vurğulayırdı.

1991-ci ildə Azərbaycanda müstəqillik elan edilərkən yazılıbdır ki, 1920-ci ildə itirilmiş müstəqillik bərpa olunur. 1918-ci ildə yaranmış ilk Azərbaycan Xalq Cümhuriyyəti də bizim milli sərvətimizdir, tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın həm iqtisadi, elmi, intellektual, həm də mədəni potensialını yaradıbdır. Ulu öndər xalqımıza müraciətində tövsiyə edirdi ki, biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sambalı, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Bu epoxanın hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir ki, onun da hər bir səhifəsi, hər bir sətri ulu öndərimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılıb. Bu mərhələləri təhlil etməzdən əvvəl belə bir vacib aspekti önə çəkmək lazımdır ki, Azərbaycanın və böyük türk dünyasının müdrik lideri Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə ölkəmizin hüdudlarından çox-çox kənara çıxaraq, öz zəngin məna tutumu ilə bəşəri zirvəyə yüksəlib.

Ulu öndərimiz zamanı qabaqlayan, onun fövqündə dayanan elə bir dahi şəxsiyyətdir ki, o, yalnız öz dövrü üçün yaşamayıb, yalnız öz dövrünün qayğıları ilə məşğul olmayıb. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və nadir bir mədəniyyətin övladları adlandıran Heydər Əliyevin ən böyük xidmətlərindən biri də, məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini özümüzə qaytarması, milli adət-ənənələrimizi yaşatması, azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın real siyasi amilə çevrilməsinə nail olmasıdır.

Heydər Əliyev böyük şəxsiyyət olaraq Azərbaycan dövlətçiliyinin əbədi mövcudluğu üçün zəruri əsaslar formalaşdırmaqla kifayətlənməmiş, həmçinin bu dövləti yeni əsrdə inamla irəli aparacaq, əzmlə inkişaf etdirəcək, bir sözlə, alternativsiz siyasi kursun davamlılığını bütün sahələrdə təmin edəcək lider yetişdirmişdir. Son səkkiz ildə ulu öndərin siyasətini uğurla davam etdirən dövlət başçısı İlham Əliyev qısa müddətdə xalqın layiqli rəhbəri və lideri olduğunu əməli işi ilə sübuta yetirmiş, hər bir azərbaycanlının Prezidenti olmuşdur. Cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə edilmiş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində dəfələrlə haqlı olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ulu öndərin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən lideri var. Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından böyük rəhbər Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.

Ümumiyyətlə, Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə dünya politoloqları, analitik mərkəzləri tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək, müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir. Heydər Əliyev öz ölümü ilə ölməzliyə qovuşdu, xalqın taleyində liderlik missiyasını davam etdirdi, cəmiyyətimizi daha sıx birləşdirdi. Onun ideyaları və əməli fəaliyyəti dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi inkişafımızın bütün istiqamətlərində yolumuza həmişə işıq salaraq, bu gün də, sabah da Azərbaycanı firavan gələcəyə istiqamətləndirəcəkdir.

Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə, ümummilli liderlikdən əlavə, həm də öz millətinin qəlbində və tarixində müqəddəslik zirvəsinə çata biliblər. Zəmanəmizin dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə də, məhz öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti nəsib olub. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Öz millətinin taleyini yaşamış Heydər Əliyev indi də, gələcəkdə də qədirbilən xalqımızın qəlbində yaşayır və daim yaşayacaqdır.

 

Zərinə Hümbətova—Azərbaycan Dövlət Pedaqoji Universiteti , YAP üzvü, Nəsimi rayon  gənci

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90