image-2000x150
image-2backend

Azərbaycan qadınlarının mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsili, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirakı, ölkə idmanının inkişafında rolu  

image-728x90

Bu gün qadınlar təkcə xeyirxah və insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Bu nöqteyi-nəzərdən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin, bir sözlə, ölkə həqiqətlərinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir.Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir.

İstər xalq yaradıcılığında, istərsə də yazılı ədəbiyyata öz möhürünü vurmuş mütəffəkirlərin ədəbi fəaliyyətində Azərbaycan qadını həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf olunub. Lazım gəldikdə Azərbaycan qadını düşmənə qarşı cəbhədə də böyük mətanətlə vuraşaraq rəşadətlər göstərib, yağıya qan uddurub, haqqında qəhrəmanlıq salnaməsi yaradıb. Buna görədir ki, tariximizin hər səhifəsi qadınlarımızın müdrikliyi, fədakarlığı və qəhrəmanlığının parlaq nümunələri ilə zəngindir. Bütün zamanlarda cəmiyyətimizdə daim qadına böyük hörmət və ehtiram göstərilib, dünyaya həyat bəxş edən ana adı uca tutulub. Bu, Azərbaycan mentalitetinin, milli-mənəvi, mədəni dəyərlər sisteminin ayrılmaz və həmişəyaşar bir hissəsinə çevrilib. Dövrümüzdə Azərbaycan qadınının cəmiyyətdə oynadığı rol daha da yüksəlib və zərif cinsin nümayəndələri ana olmaqla yanaşı, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında, diplomatiya aləmində, iş dünyasında, mədəniyyət sahəsində, elmdə, təhsildə, səhiyyədə və digər mühüm sferalarda öz sözünü deməkdədir. Bunun ən önəmli səbəblərindən biri Azərbaycanın milli-mənəvi dəyərlər sistemi ilə bağlıdırsa, digər vacib məqam kimi dövlət tərəfindən həyata keçirilən qadın, gender siyasətidir. Müstəqil Azərbaycanın yeni tarixində bu siyasətin banisi ümummilli lider Heydər Əliyev olub. Ümumiyyətlə, ulu öndər fəaliyyətində qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində daim prinsipial mövqe nümayiş etdirib, ictimaiyyətin də bu istiqamətdə səfərbər olunması məqsədilə əməli addımlar atıb. Hələ sovetlər dönəmində qadın məsələlərinin həlli və qadın inkişafı haqqında mövcud olan konsepsiyada diqqətdən kənarda qalan amillər, milli və ənənəvi xüsusiyyətlər ulu öndərin ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə nəzərə alınır, real həyatda tətbiq olunurdu. Cəmiyyətdə qadınların roluna yüksək qiymət verən dahi rəhbər qeyd edirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.

Ölkəmizdə qadınların fəal ictimai fəaliyyətlə məşğul olmalarını çoxsaylı faktlar da təsdiqləyir. Qanunverici orqanın rəhbərliyində qadın təmsil olunur (vitse-spiker), parlamentin üzvləri arasında kifayət qədər zərif cinsin nümayəndələri var. Qadınların cəmiyyətdəki yeri və rolunun digər mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Qadın aktivliyini nümayiş etdirən ən müxtəlif məqamlar var ki, bu da yerli mentalitet, adət-ənənələr sarıdan özünü ən rəngarəng şəkildə büruzə verir. Azərbaycanda qadın ilk növbədə ailə ocağının qoruyucusu adı ilə assosiasiya olunur. Azərbaycan qadınına milli mənliyimizdə dərin kök salmış ənənələr məxsusdur ki, bu amil özünü tarix boyu göstərib. Nəciblik, xeyirxahlıq, fədakarlıq, mətinlik, qayğıkeşlik, insanpərvərlik. Bu keyfiyyətlər Azərbaycan qadınına xas xüsusiyyətlərdir.

Cəmiyyətin bütün incəliklərini zərgər dəqiqliyi ilə təsdiq etmiş ulu öndərimiz Heydər Əliyev qadının rolunu və fəaliyyətini çox yüksək qiymətləndirir və deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”.

Minnətdarlıq hissi ilə qeyd etmək olar ki, ulu öndərimiz respublikamıza rəhbəlik etdiyi illərdə nəinki qadınlarımızın xidmətlərini yüksək qiymətləndirirdi, həm də onların uca zirvələr fəth etmələrinə əlverişli mühit yaradırdı, onları daha məsul vəzifələrə irəli çəkirdi.

Qadın ana olmaqla bərabər, eyni zamanda cəmiyyətin əsas dayaqlarından biridir. Ulu öndər qadınları şahlıq kimi qiymətləndirdiyi halda, müqəddəs Ananı həmişə şahlığın tacı kimi nəzərdə tuturdu və deyirdi: “Ana ilahi qüvvə, ulu varlıqdır, alilik, adilik, aqillik zirvəsidir, yaradan, yaşadan, ərsiyə gətirən, kamala yetirəndi, saf duyğular, zərif hisslər, incə mətləblər timsalıdır.” Qadınlarımız bu gün ailənin, ocağın sədaqətli qoruyucularıdır. Azərbaycan qadınının mərd, qeyrətli, ağıllı və mədəni nümunəsi xalqımızın simasıdır. Çünki analar bəşəriyyətin ilk tərbiyəçiləridir. Qadın düyaya yeni nəsillər gətirir, onu böyüdür və tərbiyə edir.

Tariximizə bir çox parlaq səhifələr yazmış Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu vardır. Qadın adını hər bir azərbaycanlı həmişə uca tutmuş, Ana məfhumunu Vətənin təcəssümü saymışdır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi ana məhəbbətinin ülviliyi xalq yaradıcılığının nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Hər bir ailədə cəmiyyətə vətəndaş yetişdirilir. Ailə cəmiyyətin içində kiçik bir dövlətdir. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından biz qadınların üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan qadını tarix boyu hər zaman öndə olub, bu gün də öndədir. Azərbaycan qadını hər şeydən əvvəl 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatmasında rol oynayan qəhrəman igidlərin anasıdır. Yurdumuzun hər qarışını canından əziz bilən nəsil yetişdirən analar oğullarını dualarla cəbhəyə göndərib, qələbə xəbəri ilə yollarını gözlədilər. Ümumiyyətlə, Vətən müharibəsində Azərbaycan qadınının nümayiş etdiyi mətanət, fədakarlıq və möhkəm iradə yaddaşlarda silinməz olaraq qaldı. Zərif çiyinlərinə götürdüyü missiyanı şərəflə daşıyan Azərbaycan qadının şərəfli təmsilçiləri olan şəhid anaları, şəhid xanımları öz mərdlikləri və mətanətli duruşları ilə tarixə imzalarını atmış oldular. Azərbaycan xalqı Qarabağ döyüşlərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə canı-qanı ilə vətənə xidmət edən xanımların xidmətlərini unutmayacaq. Azərbaycan qadının istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlətdə gördüyü işlər hər zaman xüsusi fərqlənib. Bu gün Azərbaycan qadının həm ailədə, həm işdə həm də cəmiyyətdəki layiqli yeri dövlətimizin uğurlu sabahını, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir.

Hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Prezident İlham Əliyevin Azərbaycan xanımlarına ünvanladığı təbrikdə qadınların cəmiyyətdə oynadıqları rola yüksək qiymət verilir, onların fəaliyyəti təqdir olunur: “Xalqımızın milli varlığını müəyyən edən mədəni-mənəvi dəyərlərimizin, ana dilimizin, adət-ənənələrimizin qorunub saxlanması və bu günlərədək layiqincə yaşadılmasında Azərbaycan qadını misilsiz xidmətlər göstərmişdir. O, müstəqil dövlətçiliyimizə və azərbaycançılıq məfkurəsinə sədaqət, müqəddəs vətənimizin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı naminə gənclərimizin doğma yurda sonsuz məhəbbət ruhunda formalaşmaları yolunda var qüvvəsini sərf edir”.Bütün bunlar müasir Azərbaycan qadınının obrazını, xarakterik xüsusiyyətlərini özündə əks etdirməklə yanaşı, onun cəmiyyətin, ölkənin inkişafında nə dərəcədə mühüm rol oynadığını və bu istiqamətdə verdiyi töhfələrin əvəzsiz bir əhəmiyyətə malik olduğunu bariz şəkildə nümayiş etdirir.

 

 

 

 

          Hicranə Abuşova Elşad qızı

                                                        Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90